Payızın gəlişi ilə təkcə quşlar yox, elə ölkədaxili gündəmi təyin edən mövzular da bir-birinin ardınca uçdu-getdi. Hadisələr o qədər sürətlə əvəzləndi ki, gözümüzü açıb-yummağa macal tapmamış oktyabrın astanasında özümüzü tapdıq.

Maraqlıdır ki, avqustun əvvəlini Hafiz Hacıyevin şortik gündəmi və şortik geyinən kişilərin üzünə kislota atmaq hədəsi tuturdusa, sentyabrın ilk açılışını sabiq deputat Nazim Məmmədov etdi. Həmkarından fərqli olaraq, onun konkret hədəfi və hədəfinə ünvanlanan konkret hədəsi vardı: qulaq kəsmək. Qeyd edək ki, o, “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə ona xəsarətlər yetirəcəyi, daha dəqiq desək, qulağını kəsəcəyi ilə bağlı çağırışlar etmişdi. Çağırışa isə Baş Prokurorluq cavab  vermişdi. Çağırışlar üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq araşdırmaların aparılması üçün Bakı şəhər Prokurorluğuna tapşırıqlar verilmişdi.

İndi isə sizə ayağınızı yerdən kəsəcək xəbər! Astronomiya fənni tədrisdən yığışdırıldı. Bununla bağlı Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovdan gələn astronomik mövqe gündəmin yuxusunu ərşə çəkdirdi: “İndiki dövrdə bütün məlumatları internetdən tapmaq olar. Astronomiya ilə maraqlanan kompüter arxasında əyləşsin və lazım olan məlumatı əldə etsin”.

Məlum oldu ki, Aydan da, Günəşdən də, ulduzlardan da yüksəkdə Təhsil Nazirliyi dayanır. Onlar bu addımı dərs yükünün ağır olması ilə izah etdilər və bildirdilər ki, Astronomiya fənni artıq “Həyat bilgisi” fənninin daxilində tədris olunacaq.

Payız gündəmini təkcə təhsil adına verilən bu cür kosmik qərarlar deyil, həm də zəlzələnin əsl üzü titrətdi.

?????????????????????????????????????????????????????????

Sentyabrın 7-də ölkəmizdə baş verən zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6,5 və 4 bala qədər hiss olundu. Sosial şəbəkələrdə paylaşılan məlumata görə, zəlzələ Zaqatala, Balakən, hətta bir sıra Aran rayonlarında da hiss olundu.

Qeyd edək ki, zəlzələ 1 nəfərin ölümünə səbəb oldu. Şəkidə baş verən zəlzələ ilə bağlı isə şəhər ərazisində heç bir dağıntı qeydə alınmadı.

Ən azı zəlzələ qədər əhəmiyyətli olan və ya insanlarımızın “vaciblik donunu” geyindirdiyi başqa bir xəbər isə “Starbucks”la bağlı idi. Uzun müddət idi ki, məşhur “Starbucks” kafe-mağazasının Azərbayana gəlişi ilə bağlı söhbətlər gəzirdi. Söz-söhbətlər axır ki reallığa çevrildi. Artıq kafe-mağaza Neftçilər prospektində yerləşən “Port Baku Towers”in aşağı mərtəbələrindən birində fəaliyyət göstərir. O gün-bu gündür, sosial şəbəkələr üzərində müxtəlif adlar yazılan plastik stəkanların şəkilləri ilə dolub-daşır.

Sentyabr gündəmində Ermənistanın da payı oldu. Belə ki, Azərbaycanın Almaniyadakı səfirliyi Avropa Liqasının qrup mərhələsində “Qəbələ” klubunun rəqibi olan “Borussiya” (Dortmund) klubunun futbolçusu Henrix Mxitaryanla bağlı açıqlama verdi. Qeyd edək ki, “Qəbələ” və “Borussiya” komandaları Bakıda oktyabrın 22-də üz-üzə gələcək. Və bu, “Borussiya”nın ulduz oyunçusu Mxitaryan üçün böyük problemdir.

Çünki Dağlıq Qarabağda 1991-1994-cü illərdə baş vermiş münaqişə səbəbindən Azərbaycan və Ermənistan arasında münasibətlər çox gərgindir və erməni vətəndaşları Azərbaycan vizalarını ala bilmirlər.

65689
Henrix Mxitaryan

Bir payız səhərində yuxudan oyandıq ki, “müharibə başlayıb”. Gündəmə qalsa, yüz dəfə müharibəni başlatmışıq və bitirmişik. Bu dəfə isə vəziyyət fərqli idi. Belə ki, hərbi xidməti bitirib ehtiyata buraxılan əsgərlərdən bir hissəsi yenidən hərbi hissələrə çağırılmışdılar. Birdən-birə 6 min hərbiçinin çağırışı cəmiyyətdə çaxnaşmaya səbəb olmuşdu. Lakin sonradan məsələyə aydınlıq gətirildi.

Bildirildi ki, ehtiyatda olan hərbçilərin orduya çağırılması hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plan əsasında sentyabrın 6-da start götürən və müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

ATƏT-Azərbaycan cəbhəsində susqunluq məhz sentyabrda pozuldu. ATƏT-in üzvü olan dövlət kimi, Azərbaycan keçirdiyi seçkilərə beynəlxalq müşahidəçilər cəlb etməli, müşahidəçilərin öz funksiyalarını müstəqil, tərəfsiz və peşəkarcasına yerinə yetirmələrinə xüsusi diqqət yetirməli və sərbəst müşahidə üçün şərait yaratmalıdır. Çünki imicinin son dövrlərdə zədələndiyini nəzərə alsaq, söz azadlığının məhdudlaşdırıldığı bir ölkə kimi siyahılarda ön cərgədə təqdim olunduğunu əsas götürsək, seçkilər Azərbaycana özünü təsdiqləmək üçün əla imkandır. Təbii ki, sözügedən özünətəsdiqə ehtiyac varsa.

Di gəl ki, rəsmi Bakı ATƏT-lə başqa oyun oynadı. Dəvətnamə aldıqdan sonra ATƏT seçkilərə 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrin nəticəsi tamamilə fərqli oldu. Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb etdi. Bakının tələbi qarşısında ATƏT yaxınlaşan parlament seçkiləri üçün Azərbaycana müşahidəçi göndərməməyə qərar verdi.

Maraqlıdır ki, Azərbaycan tərəfi bu addımı Avropa Parlamentinin ölkəmizdə insan haqlarını sərt tənqidedən qətnaməsindən sonra atdı. Sentyabrın 10-da qəbul edilən qətnamədə bütün siyasi məhbusların, insan haqları fəallarının, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının dərhal həbsdən azad edilməsi, onlara qarşı irəli sürülən ittihamların ləğv olunması çağırılışı edilirdi.

obse_45

KİV-in “IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir” başlığı ilə  ötüşdürdüyü hadisə sentyabrın önəmli hadisələrindən idi. Kitabla bağlı hər şey ötüşdürülür demək istəməzdik. Amma “facebook” sosial şəbəkəsində sərgi-yarmarka ilə bağlı yalnız bu səhifənin – https://www.facebook.com/bakikitabsergi olması vəziyyəti açıq şəkildə izah edirdi.

Jurnalistlərə qarşı təzyiqlər hər zaman dəbdədir. Elə payızda da. Belə ki, Meydan TV ilə əməkdaşlıq edən Aytac Əhmədova və onun rəfiqəsi sentyabrın 16-da mağazaya gedərkən küçədə onları saxlayıb, məcburi şəkildə avtomobilə mindirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb orada dindiriblər. Bu media orqanı ilə əməkdaşlıq edən daha üç xanım jurnalist – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva isə Kiyevdən qayıdarkən gecəyarı Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Əvvəlcə onları Hava Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşlarına təhvil veriblər. Oradan da elə gecə ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər. Xanım jurnalistlər idarədə dindirildikdən sonra günorta saat 12.30 radələrində buraxılıblar.

Sentyabrda Bakı məşhur simaların növbəti limanı oldu. Məlum oldu ki, dünya şöhrətli aktyor, “Çun-Kuk-Do” döyüş sənətinin yaradıcısı Çak Norris Azərbaycana gəlməyə hazırlaşır. Bunu Azərbaycan “Çun-Kuk-Do” mərkəzinin direktoru Sabir Süleymanov bildirib. Süleymanov deyib ki, Las-Veqasa səfəri zamanı o, Norrisin bağında qonaq olub və aktyoru Azərbaycana dəvət edib. Onun sözlərinə görə, Norris dağ keçilərini ovlamağı çox sevir və ümumiyyətlə ovçuluq onun sevimli məşğuliyyətidir. Aktyoru Bakıya gətirən əsas səbəb də elə budur.

Dünya şöhrətli aktyor Stiven Siqal isə Bakıda konsert vermək istəyir. Bakıya səfəri zamanı amerikalı kinoaktyor, prodüser, aykido ustası S.Siqal Heydər Əliyev Mərkəzində olub.

O bildirib ki: “Mən bir çox konsert zallarında olmuşam, lakin Mərkəzdəki Auditorum zalı əsl musiqini anlayanlar üçündür. Mən bu zalda konsert vermək istəyərdim”.

s4

Stiven Siqalın yaxın gələcəkdə paytaxtda konsert verib-verməyəcəyini deyə bilmərik, amma indidən hiss olunur ki, noyabr gündəminin verəcəyi “konsert” daha maraqlı olacaq. Odur ki, gözünüz gündəmdə olsun.

Nərmin Nöqtə