Bu ilin payızında Rusiyadakı azərbaycanlıların ilk Ümumrusiya Forumunun hazırlanıb, keçirilməsi məqsədilə təşkilat komitəsi yaradılıb.
APA-nın xəbərinə görə, təşkilat komitəsinin tərkibinə Rusiyada yaşayan nüfuzlu və tanınmış azərbaycanlılar, o cümlədən federasiya subyektlərinin, şəhər şuraları və bələdiyyə qurumlarının deputatları, iş adamları, ictimai və mədəniyyət xadimləri, gənc fəallar, Ümumrusiya Azərbaycan Konqresinin yerli şöbələrinin rəhbərləri, eləcə də azərbaycanlıların digər təşkilatlarının nümayəndələri daxil edilib.
İki gün davam edəcək forumda Azərbaycan diasporunun durumu, inkişaf yolları və azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında rolu müzakirə olunacaq. Forum çərçivəsində Ümumrusiya Azərbaycan Konqresinin 15 illiyinə həsr olunan təntənəli tədbir, qurumun Mərkəzi Şurasının iclası, eləcə də azərbaycanlıların regional milli-mədəni muxtariyyətlərinin rəhbərliyi və fəallarının toplantısı da keçiriləcək.
Təşkilat komitəsi üzvlərinin yekdil qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev və Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov komitənin həmsədrləri seçiliblər.
Forumda Rusiya və Azərbaycanın rəsmi şəxslərinin iştirakı gözlənilir.