Qəmər Almaszadədən danışarkən sanki gözlərimiz qarşısında dərhal zahirən nurlu və təmiz, incə və kövrək, ancaq daxilən polad kimi möhkəm və güclü bir qadın obrazı dayanır. O, həmişə lətafətli görünər, rəngarənglik və müxtəlifliyə üstünlük versə də, həmişə zamanla ayaqlaşar, obrazlar sütununda dəb və müasirlik baxımından seçilib üstünlük qazanardı.
İncə qamət, şahanə yeriş, cazibədar baxışlar və həmişə təzə-tər geyimlərdə. Lakin eyni zamanda çox tərs, şıltaq və tələbkar. O, heç kəsi biganə qoymamış, ancaq bununla belə səhnəni çox erkən, demək olar ki, populyarlıq zirvəsində tərk etmişdir. Lakin özünü tam surətdə bu sahəyə verməklə olduqca uzun ömür yaşamışdır.
Qız 10 mart 1915-ci ildə tamamilə adi bir Qafqaz ailəsində doğulmuşdu. Atası Qəmər Hacı Ağa ayaqqabı mağazasının sahibi, anası Məryəm xanım isə – hamilə qadınları müayinə və doğum vaxtı azad edən həkim-mama idi. Qonşuluqda yaşayan qızın özəl rəqs məktəbi (indiki Bakı xoreoqrafiya məktəbi) haqqında danışdıqları sayəsində 6 yaşlı Qəmərdə rəqslərə sevgi və həvəs oyandı. Şübhəsiz, atasına qızının rəqslə məşğul olmağa getdiyini demək olmazdı, ona görə də Hacı Ağa elə bilirdi ki, bu, yalnız bədən tərbiyəsi dərsləridir.
İlk dərslərdən sonra aydın oldu ki, Qəmərin istedadı var və qızı böyük bir gələcək gözləyir. Qızının rəqsə olan şövqünü ailə başçısından uzun müddət gizlətmək mümkün deyildi və tezliklə sirr açıldı. Qalmaqallara baxmayaraq, qız dərsləri buraxmadı. O, M.F.Axundov adına Azərbaycan opera və balet teatrında balerina kimi işləməklə yanaşı, paralel olaraq pedaqoji məktəbdə də təhsil alırdı. Ata doğma qızına qəzəbini uzun müddət saxlaya bilmir və gizli olaraq onun bütün tamaşalarına baş çəkirdi.
Populyarlıq tez gəldi, Qəmərin azarkeş və pərəstişkarları meydana çıxdı, onlar sözün əsil mənasında qızı gül-çiçəyə qərq edirdilər. Lakin medalda olduğu kimi, uğurun da arxa tərəfi var. Qəmərin arxasında yersiz söz-söhbət gəzməyə başladı, lakin o, heç vaxt bunlara məhəl qoymurdu. Bir gün Almaszadəyə hətta sui-qəsd də törədilmişdi, lakin xoşbəxtlikdən güllə yalnız ayaqqabının dabanına(kablukuna) dəymişdi. Və bütün bunlar Qəməri daxilən daha da möhkəmləndirib enilməz edirdi.
O illər ölkədə balet çox inkişaf etməmişdi, Qəmər isə öz təcrübə və bacarığını daha da inkişaf etdirmək istəyirdi. Qız ölkəni tərk etmək qərarına gəlir, lakin heç kim ona tək yola düşməyə icazə vermir.
Taleyin hökmü ya iradəsiləmi Qəmər konservatoriyanın tələbəsi, gələcək bəstəkar Əfrasiyab Bədəlbəyli ilə rastlaşır. Qəmərin gözəlliyinə heyran olan tələbə ona qayğı göstərməyə başlayır. Günlərin birində dərslərdən sonra o, qızı evə ötürməyi təklif edir və elə bu zaman – evə çataçatda onlar qızın atası ilə qarşılaşırlar.
Əlbəttə, Qəmər atasından utanıb pis vəziyyətdə qalır və Əfrasiyabın qarşısında məsələni qəti qoyur. Belə ki, tezliklə onun valideynləri elçi düşüb ailənin böyük qızı Qəməri nişanlayırlar. Bundan sonra o, həyat yoldaşı bəstəkar Əfrasiyab Bədəlbəyli ilə birlikdə Moskvaya təhsil almağa gedir, daha sonra isə A.Vaqanova adına Leninqrad xoreoqrafiya məktəbinə daxil olur. Anadangəlmə istedad, səbr və inadkarlıq Qəməri balet primasına (baş balerinaya) çevirir.
Almaszadələr ailəsində Qəmərin bacısı Adilə də baletlə məşğul olurdu. Lakin o, Qəmərin qazandığı populyarlığa nail ola bilmədi. Bundan başqa, qız səhhəti ilə əlaqədar problemlərlə üzləşib Sankt-Peterburqda vərəm xəstəliyinə tutularaq vəfat etdi, halbuki həddən artıq rütubətli iqliminə görə ona qətiyyən bu şəhərdə yaşamaq olmazdı.
Bundan sonra Vətənə qayıtmaq arzusu Qəməri tərk etmir. O, Bakıya qayıdır, orada onu heyrətedici uğur gözləyirdi. Qəmər M.F. Axundov adına Azərbaycan opera və balet teatrının solisti olur. Bir il sonra isə Azərbaycan filarmoniyasının nəzdində Azərbaycan dövlət mahnı və rəqs ansamblına başçılıq edir. Bütün bunlar xalq xoreoqrafiyasına böyük məhəbbətlə bağlı idi. Beləliklə, 1937-ci ildə o, Dövlət xalq rəqs ansamblının başçısı olur. Üzeyir Hacıbəyovun «Koroğlu» operasında əsas rəqs nömrələrindən birini məhz Qəmər Almaszadə ifa etmişdir.
Həyat yoldaşı ilə birlikdə Əfrasiyab «Qız qalası» baleti üçün musiqi yazmışdı. Şərqdə «Qız qalası» şərq musiqisinə qoyulmuş ilk balet idi. Lakin az sonra ər-arvad Əfrasiyab və Qəmərinki, necə deyərlər, tutmadı və boşanandan sonra da Qəmərin azarkeşləri az deyildi, amma o, bir daha ciddi münasibətlər qurmaq istəmədı. Şəxsi həyatın olmaması onun işinə səmərəli təsir göstərdi. 1953-cü ildə o, M.F. Axundov adına Azərbaycan opera və balet teatrının əsas baletmeysteri olur. Təkcə SSRİ məkanında deyil, onun hüdudlarından kənarda da məşhurlaşır. Qəmər öz truppası ilə Fransa, Hindistan və Nepala qastrol etmişdir. 1970-ci ildə İraqın mədəniyyət nazirliyinin dəvətilə Bağdadda olaraq, orada İraq xalq rəqsləri ansamblının əsasını qoymuşdu.
Hamı Almaszadəni iradəli və ciddi bir qadın kimi xatırlayır. O, gözəl müəllim idi, şagirdləri ondan oddan qorxan kimi qorxurdular, bununla belə, o, Moskvada, Sankt-Peterburqda, Avropa şəhərlərində məşhur olan xoreoqrafiya ustalarının tam bir pleyadasını yetişdirmişdir. Məsələn, 1969-70-ci illərdə Parisdə balet kollektivlərinin hər il keçirilən festivalında başda Qəmər Almaszadə olmaqla Azərbaycan truppası qran-priyə layiq görülmüşdü. Azərbaycan Opera və balet teatrının səhnəsində «Qu gölü», «Raymonda», «Baxçasaray fontanı», «Dоn-Кixot», «Qırmızı lalə» və bir çox digərlərində baş rolları məhz Almaszadə ifa etmişdir. Və onun bütün çıxışları tamaşaçılar tərəfindən «ura» ilə qarşılanırdı.
Axı əbəs yerə demirlər ki, istedalı adam hər şeydə istedadlıdır. Adolf Adanın «Jizel»i, Pyotr Çaykovskinin musiqisinə «Yatmış gözəl», «Şelkunçik» və s. Qara Qarayevin «Yeddi gözəl» və «İldırımlı yollarla», Əşrəf Abasovun «Qaraca qız», Soltan Hacıbəyovun «Gülşən», Fikrət Əmirovun «Min bir gecə», Aqşin Əlizadənin «Babək», Tofiq Bakıxanovun «Xəzər balladası», Fərəc Qarayevin «Qobustan kölgələri», klassik baletin şah əsərləri və digər xoreoqrafiya novellaları balerina və rəqqasənin fəal iştirakı ilə səhnəyə qoyulmuşdur.
О, səs-küylü dost yığıncaqlarını sevirdi. Evdə tez-tez qonaqları böyük masa arxasına yığırdı. Onların arasında Maya Plisetskaya, Arkadi Raykin, Mstislav Rostropoviç və bir çox başqaları kimi məşhur şəxsiyyətlər vardı.
Almaszadənin daha hansı reqalyaları(orden,medal,nişan, fəxri ad və s.) yox idi ki?! O, SSRİ və Azərbaycan Respublikası xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan opera və balet teatrının baş baletmeysteri idi.
Bundan başqa, SSRİ Ali Soveti rəyasət heyətinin sədri Mixail Kalininin təqdim etdiyi iki Qırmızı əmək bayrağı ordeni, üstəlik, Lenin, Xalqlar dostluğu, Oktyabr inqilabı ordenlərinin, həmçinin Laosun fəxri üç fil və Azərbaycanın «Şöhrət» ordeninin sahibi idi.
Qocalmaqda olan Qəmər xanımda skleroz başlayır. O, çox xeyirxah və açıqürəkli qadın idi, tez-tez həyətin ac uşaqlarına yemək verirıdi ki, onlar sonradan Qəmər xanımın xəstəliyindən istifadə edib, onun olan-qalanını oğurlamışdılar.
Qəmər xanımın həyatının son illərində onunla yalnız qardaşı Ənvər və öz xanımı Маhirə ilə qardaşoğlusu Çingiz olmuşlar. O öz sevinc və təsəllisini məhz qardaşı oğlunda tapmışdı, çünki qadının öz övladı yox idi. Baş balerina (prima) 7 aprel 2006-cı ildə vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanın ilk balerinasının xatirəsinə neçə- neçə film çəkilmiş, son illər isə «Dünyaya pəncərə. Qəmər Almaszadə» və «Qəmər Almaszadə» səhnəyə qoyulmuşdur .
Таtyana Ələkbərоvа