Azərbaycan – indi ətrafında ehtirasların coşub-daşdığı İranın qonşusudur. Lap yaxınlarda Amerika-İran müharibəsinin başlamasından çoxları ehtiyat edirdi. Bu baş vermədi, amma son 8 ildə İran İslam Respublikasının Ali lideri Ayətullah Əli Xamenei “Amerika klounları”nı (təlxəklərini) lağa qoymaqla gərginliyi azaltmış olmadı.

Daha sonra İran parlamentinin deputatları Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın öldürülməsinə görə 3 milyon dollar mükafat təklif etdilər. Bundan əvvəl İran hərbçiləri İraqda Amerika hərbi bazalarına raket zərbələri endirmişdilər. İranda bu addımı amerikalıların xüsusi təyinatlı “Əl-Qüds” Qüvvələri İslam İnqilabı Keşikçiləri korpusunun komandanı Qasem Süleymanini qətlə yetirdiklərinə görə “qisas aktı” adlandırıblar.

Bu gün Dalma News Milli Məclisin keçmiş deputatı, iranist Araz Əlizadə ilə söhbət etmişdir.

— Bir çox analitiklərin ritorikanın yumşalmasını gözləmələrinə baxmayaraq , Rəhbər Əli Xameneinin moizəsi yetərincə sərt oldu…

— Mən belə deyərdim: əlbəttə, İran Qasem Süleymaninin həlak olmasını Amerikaya bağışlamayacaq. O, çox nüfuzlu, xalqın sevimli qəhrəmanı idi. Qasem Süleymaninin özünün təhsili yox idi, o, sadəcə, müdafiə etdiyi xalqın içərisindən çıxmış nadir və son dərəcə qiymətli cəvahir, qızıl külçə idi. O, İran Silahlı Qüvvələrinin ən mobil və mütəşəkkil hissəsinə rəhbərlik edirdi.

Qasem Süleymaninin qətlə yetirilməsi Amerika avantürası idi. Bir daha vurğulayım — İran bunu bağışlamayacaq. Amerika öz cəzasını alacaq. Əli Xamenei əlbəttə ki, radikal mövqelərdən çıxış etməlidir, çünki İran xalqı bunu tələb edir. Bundan əlavə, Qasem Süleymani – Xameneinin müttəfiqidir, təkcə İraqla olan müharibəni xatırlamaq kifayətdir.

— Ancaq axı, İran Amerika bazalarına raket zərbəsi endirdi. Bu, “qisas aktı” deyilmi?

— Əlbəttə ki, yox. Bu, sadəcə, Birləşmiş Ştatlara vurulmuş sillə idi, amma hələ qarşıda duran qisas deyildi. Amerikalıların bəxti onda gətirib ki, iranlılar səhvən Ukrayna laynerini vurublar. Əgər bu faciəli hadisə olmasaydı, İran daha da sərt olardı.

İran generalı Qasem Süleymaninin dəfni

— Bəs Azərbaycan necə olsun, hansı mövqelərə üstünlük verilsin?

— Azərbaycan düzgün mövqe tutur. Biz İranın tərəfindəyik. Bundan başqa, biz İrana qarşı əməliyyat aparmaq üçün Qərbə, ABŞ-a öz aerodromlarımızı təqdim etməkdən imtina eləmişik və imtina eləyirik. İran İslam respublikası əhalisinin təxminən yarısı azərbaycanlıdır. Və Azərbaycan heç vaxt İrana hər hansı bir zərər vurulmasına imkan verməyəcəkdir. Əgər kimsə kiminləsə münaqişə etmək istəyirsə, qoy bizi cəlb etməsin. Azərbaycan bu siyasətə sadiq qalacaqdır. İran bizim üçün qardaş ölkədir.

— Bəs Amerika sanksiyalarının təhlükəsi barədə nə düşünürsünüz? Onlar artıq İrana qarşı fəaliyyət göstərirlər. Türkiyənin Halkbank Dövlət Bankına qarşı da sanksiyalar müzakirə olunur, belə ki, həmin bankın İran İslam respublikasına qarşı Amerikanın qadağa tədbirlərini pozması iddia olunur.…

— Amerika indi dişsiz və pəncəsiz pələngə bənzəyir. İqtisadi sanksiyalar da elə burdan ortaya çıxır. Ancaq gəlin xatırlayaq: Qərb Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəndə dedim ki, Rusiya Federasiyası buna görə minnətdar olmalıdır. Sanksiyalar altında ölkə inkişaf etməyə, daxili mənbələr axtarmağa məcburdur. Və belə də oldu.

İndi isə İran. Şah rejimi dağıldığı zaman İran xaricdən hətta soğan və kartof almaq məcburiyyətində qaldı. Ancaq sonra ölkə öz kənd təsərrüfatını, sənayesini inkişaf etdirməyə başladı və tam şəkildə özünütəminə keçdi. Odur ki, əgər ölkəyə ağıllı, vətənpərvər insanlar rəhbərlik edirlərsə, sanksiyaların müsbət tərəfləri də olur.

— Azərbaycan və İranın çoxlu birgə layihələri vardır. Məsələn, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi. Azərbaycan İrana sərmayə qoyurdu. Bu vəsait itməyəcək?

— Yox, əgər tammiqyaslı, üçüncü dünya müharibəsi olmasa. O, onsuz da yerli olaraq gedir, amma xoşbəxtlikdən hələ dünya səviyyəsinə “yetişməyib” və bunu heç kim istəmir.

Amma mən xüsusi qeyd edim ki, İran üzərində Səddam Hüseynin dövründəki İraq kimi asanlıqla qələbə çalmaq olmaz. İran ideoloji dövlətdir və belə bir dövlət müharibə edəndə həmişə qalib gəlir.

— Qaçqınların mümkün axını haqqında çox danışırlar. Azərbaycan buna hazırdır?

— Zənnimcə, ən pis ssenari halında belə, qaçqınların sayı o qədər də çox olmayacaq. İranlılar öz ölkələrindən qaçan adamlar deyillər. Gəlin, İraqın Tehran üzərinə getdiyi vaxtları — İran-İraq müharibəsini yenidən xatırlayaq.Heç kəs qaçıb getməmişdi, bütün könüllülər cəbhəyə yollanmışdılar.

— Buna baxmayaraq, İran sanki qızdırma icində titrədır, etirazlar gedir. Doğrudur, ekspertlərin dediyi kimi, azərbaycanlılar orada iştirak etmirlər.Bu, hakimiyyətə hansısa xüsusi bir münasibətin göstəricisidir? Rəhbərə olan sevgidir (o, milliyyətcə azərbaycanlıdır-avt.)?

— Bəli, gəlin ondan başlayaq ki, Əli Xameneyi azərbaycanlıdır. İrandakı azərbaycanlılar həmişə İran dövləti üçün nəyin əlverişli olduğunu düşünürlər.

Amma etirazlardan danışsaq, onda gəncləri qarışdırmaq həmişə asandır, bu, hamıya məlumdur. Bu, mənə nə iləsə Ukraynanı xatırladır. 2014-cü ilin yanvarında gənclərin, tələbələrin küçələrə səpələndiklərini xatırlayırsınızmı? Nə kimi şüarlar var idi? Qərbə gedək, orada karyera quraq. İndi İranda bəziləri Qərbin şirin kökə və ya necə deyərlər, səmavi manna mənbəyi olduğunu düşünürlər. Amma Avropaya qaçan ərəblər də elə bu cür düşünürdülər. Və nəticədə nə alındı?

Amma azərbaycanlılar, necə deyərlər, hətta rəsmi olaraq belə, etirazlarda iştirak etmirlər.

Vurulmuş Ukrayna laynerinə görə İranda etirazlar

— Ötən ilin sonlarında Amerikanın Stratfor analitik agentliyinin ekspertləri “İran böhranı”nın gərginləşəcəyini proqnozlaşdırırdılar. Proqnoz gerçəkləşdi. Bundan əvvəl bildirilmişdi ki, İran qonşularından asılı olacaq, çünki ərzaq və dərman təchizatı problemləri ilə üzləşəcək.

— Azərbaycanın yaddaşı yaxşıdır. Əlbəttə, biz İrana kömək edəcəyik. Axı, biz qaçqınlar İran İslam Respublikasının ərazisində gizlənərkən, çadır şəhərciklərinin salındığı yerdə İranın sərhədləri və hava məkanını necə açdığını xatırlayırıq. Azərbaycan bunu unutmur və imkan dairəsində İrana kömək edəcəkdir.

 

Мəmməd Мəmmədzadə