Avqustun ortalarında koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin keçirildiyi Azərbaycanda böyük qalmaqal yaşanıb. Sosial şəbəkələrdə Prezident administrasiyasının keçmiş rəhbəri, hazırda isə Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunun kadrları yer alıb.
Bayram şənliyində iştirak edən parlament deputatı,eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov da töhmət almış, sonra isə ümumiyyətlə, partiya vəzifəsindən məhrum edilmişdi.
Gəlinin və bəyin ataları isə 15 gün müddətinə həbs olunmuşlar. Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Dövlət Filarmoniyası direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə də daxil olmaqla, bir sıra digər qonaqlar 400 manat məbləğində (təxminən 200 avro) cərimə olunmuşlar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, ərə gedən nəvəsinə toy etmiş Ramiz Mehdiyev isə məzuniyyətə çıxlmışdır.
Bəs nə baş vermişdir? Niyə isteblişmentin nümayəndələri elə özlərinin yazdıqları qanunların özləri üçün yazılmadığına inanırlar? Dalma News bu və bir çox başqa məqamlar barədə Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalovla söhbət etmişdir:
— Hətta detalları götür-qoy etmədən qanunun pozulmuş olduğu aydındır. Ancaq bu insanlar özlərini “əgər mümkün deyilsə, amma həqiqətən istəyirsənsə, onda edə bilərsiniz” prinsipi ilə aparmışlar. Etiraf etmək lazımdır ki, pandemiya və karantin dövründə bir çoxları özlərini bu cür aparırlar. Pivə və ya çay içməyə qərar verən insanlar daim kafedə toplaşır. Bir başqası isə hətta saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək, karantin zonalarından insanları çıxararaq qazanc əldə edir. Ən sadə nümunə – cərimə təhdid etməsinə baxmayaraq, hətta avtobuslarda maskaların geyilməsinin nümayişkaranə şəkildə rədd edilməsidir.
Prinsipcə qanunlara etinasızlıq bizim insanların, qafqazlıların qanındadır. Ancaq bu toy tamamilə fərqli bir məsələdir. Qadağaya baxmayaraq elitanın – yuxarı təbəqənin nümayəndələri toplaşmışdılar. Bəlkə də bu, şənliyin rəzil bir adam tərəfindən keçirilməsi, ağlasığmaz olduğunu göstərməyə çalışmaqla bağlı idi. Bu artıq necə deyərlər, qafqazsayağı fanfaronluq deyil. Qonaqlar qanunun onlar üçün yazılmadığına əmin idilər.
Yeri gəlmişkən, bu hadisə maraqlı suallar qaldırdı: görəsən ombudsmanı və ya deputatları cərimə etmək mümkündürmü?
— Hakimiyyətin reaksiyası kifayət qədər sərt oldu. Siyavuş Novruzov partiya vəzifəsindən istefa verdi. Kimsə 15 gün həbs alıb, digərlərinə isə cərimələr yazılıb, hərçənd, bu qanun pozucuları üçün 200 avro elə böyük bir məbləğ deyil….
— İndi Azərbaycanda toxunulmazların dairəsi kəskin şəkildə daralmışdır. Buna görə də belə sərt reaksiya baş verdi, bu barədə demək olar ki, bütün hökumətyönlü KİV yazır, halbuki, əvvəllər elə edə bilərdilər ki, guya bütün bunları görməmişlər.
Ötən ildən ölkədə islahatlara mane olanlara qarşı kampaniya gedir. Beləliklə, onlar hər halda təyin olundu. Bu, artıq müxalifət deyil, hansısa konkret siyasi qüvvə deyil, hakim komandaya aid olan, hakimiyyətin bir çox təklif və ideyalarını sabotaj edən insanlardır.
— Daha bir məqam da təəccübləndirir. Kütləvi tədbirlərin, o cümlədən toyların keçirilməsinə rəsmi qadağa var. Amma o, boş yerdə deyil, koronavirus reallıqdır. Onlar xəstələnməkdən, xəstəxanaya düşməkdən qorxmurlarmı?
— Mən bir qədər kənara çıxacağam (gülümsəyir). Bir müddət öncə, hamının işdə video-konfrans rejiminə keçdiyi vaxt icra hakimiyyətinin bəzi nümayəndələrinin monitor qarşısında maskalarda oturmaları çoxlarını güldürmüşdü. Məgər onlar internet vasitəsilə yoluxmaqdanmı ehtiyat etmişlər?
Sualınıza qayıdaq. Bir çoxları koronavirusun immuniteti və toxunulmazlığı azalmış insanlar üçün təhlükəli olduğuna inanırlar. Yaxşı yeyib- içirsinizsə, hər şey yaxşı olacaq. Onlar yaxşı yeyib-içir və hovuzlara sıçrayırlar.
Digər tərəfdən, əlbəttə ki, insanları mənzillərə salmaq düzgün deyil. Ürək xəstəliyi olan insanlar var ki, onlara gəzmək lazımdır, amma onlara icazə vermirdilər.Ancaq bu geri çəkilmədir.
— Son hadisə məmurlar üçün dərs olacaqmı?
– Olmaz. Bir ifadə var: “Oğru oğru olduğu üçün deyil, özünü tutmağa yol verdiyi üçün döyülür.” Qayda pozanların hər biri əmindir ki, əgər kimsə “qonşu ərazidə” tutulubsa, bu onun özünün də tutulacağı demək deyil. Elə bu paradoks da onunla izah edilir ki, yüksək rütbəli insanlar çıxarılıb cəzalanarkən onların ardınca gəlməyincə başqaları da özlərini eyni şəkildə aparırlar.
Rayonlardan birində Heydər Əliyev Fondu yardımının oğurluğu ilə bağlı bir tarixçə var. Bu, yaxınlarda pandemiya zamanı baş verib. Ölkədə xaos olduğunu demək düzğün olmaz, amma məmur sadəcə tamah edib oğurlamışdır. Bunu yalnız hansısa psixoloji xüsusiyyətlərlə izah etmək olar. Bax, o, bu vəzifəni tutub, deməli, uğurlu insandır və onu heç nə hədələmir. Yeri gəlmişkən, bu müzakirəsi ilə söhbətə başladığımız toyda belə də olmuşdur.
Qonşunun başına nəsə bir şeyin nə üçün gəldiyini həmişə izah edə bilərsiniz. O, axmaq, diqqətsiz və sairədir, mənimlə isə hər şey yaxşı olacaq. Bu, bizim milli mentalitetimizdədi, bir insanın 100 dəfə eyni dırmığa ilişməsindən sonra gəldiyi nəticədir. «Çаpayev» filmini xatırlayırsızmı? İnsanlar 20 dəfə baxır, ağlayırlar və fərqi yoxdur, hələ də Çapayevin üzüb çıxacağına ümid edərək, 21-ci dəfə də baxırlar. Bax, bizdə də belədir.
Мəmməd Мəmmədzadə