Qafqaz xalqlarının məişəti, ənənə və adətlərində ümumi cəhətlər çoxdur, lakin bu gün bütün qafqazlıları yalnız rəqslər əsil mənada və sıx birləşdirir. Axı, Şimali və Cənubi qafqazlıların tarixi, xarakteri və milli xüsusiyyətlərini məhz bədən dili və musiqi vasitəsilə gözəl, dürüst və parlaq şəkildə göstərmək mümkün olur. Kiyevdə yaşayan, Ukraynada ilk Qafqaz rəqsləri məktəbi yaratmış azərbaycanlı Nicat Mirzəyev Dalma Newsə verdiyi müsahibədə Qafqaz xalqlarının mədəni sərvətlərinin qorunması və inkişafı üçün nə etdiyini söyləmişdir.

Nicat Ukraynaya valideynləri ilə birlikdə Sovet İttifaqının dağılmasından dərhal sonra köçmüşdür. Bu, SSRİ-nin dağılması və onun ardınca suverenliyin elan edilməsi nəticəsində Ukraynanın digər dövlətlərlə yanaşı, müstəqil yaşamaq və inkişaf etmək üçün yenidən öyrənməli olduğu tarixdə adi və asan dövr deyildi. Müstəqilliyin ilk illərində iqtisadi və sosial sahələrlə yanaşı mədəni həyat da dərin tənəzzülə uğramışdı. Əlbəttə, illər ötdükcə hər şey yoluna düşməyə, başladı, teatr və konsert zalları getdikcə öz qapılarını ictimaiyyətin üzünə daha tez- tez açmağa, müxtəlif diasporların yaradıcılıq evləri və mədəniyyət mərkəzləri yaranmağa başladı. Lakin onların arasında bütün Qafqaz xalqları nümayəndələrini birləşdirən heç bir mədəniyyət mərkəzi yox idi. Bu fakt Nicatı Ukraynada ilk Qafqaz Mədəniyyət mərkəzi açmağa və özünü yaradıcılığa həsr etməyə sövq etdi.

Nicat Mirzəyev

— Mən mərkəzi açmaq və buna ehtiyac olub- olmaması barədə çox fikirləşdim, və nəhayət, 2006-cı ildə “ilk kərpici qoydum”. Gizlətmirəm, fəaliyyətin ilk illəri müəyyən çətinliklərlə üzləşdi və yalnız 2011-ci ildə biz özümüz haqqında geniş məlumat verə bildik.

Son doqquz il ərzində biz Ukraynada yaşayan ukraynalılarla Qafqaz xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsi ilə əzmlə və səmərəli məşğul oluruq, Qafqaz xalqlarının mənəvi dəyərlərini, dilini, mətbəxini, adət-ənənələrini qoruyub saxlamağa və inkişaf etdirməyə çalışırıq. Məqsədimiz mədəni zənginliyi bir — biri ilə bölüşmək və mədəni irsin qorunması və inkişafı üçün maksimum əlverişli şərait yaratmaqdır.

— Sizin sayənizdə Ukraynada ilk Qafqaz rəqsləri məktəbi açılmışdır. Rəqs yolunuz nədən başladı?

— Mən uşaqlıqdan rəqs etməyi sevirəm və Kiyevdə uzun müddət Qafqaz rəqsləri məktəbini axtarırdım, amma hər şey hədər idi. Mən başa düşürdüm ki, öz rəqs məktəbimi işə salmaq mənim üçün çox çətin olacaq, axı, mənim çiynlərimə maddi cəhətdən əlavə, məsuliyyət və böyük iş yükü də düşəcək. Ancaq rəqs etmək həvəsi məni, necə deyərlər, çətinliklər qarşısında diz çökdürmürdü və mən bu addımı atmağa qərar verdim. Biz son illər ərzində dəfələrlə yüksək adlarla təltif olunmuşuq. Məsələn, 2018-ci ildə bizim “Qafqaz” ansamblı “Ukrayna Xalq ansamblı”adına layiq görülmüşdür.

Məktəbin bazasında Qafqaz xalqlarının bütün rəqsləri tədris olunur və bu, bizim vizit kartımızdır. Arzu edən hər kəs ondan artıq Qafqaz xalqının rəqslərini öyrənə bilər. Hər bir xalqın onlarla milli rəqs növünün olmasını nəzərə alsaq, hətta nə qədər çox sayda rəqs növü öyrətdiyimizi sadalamaq belə çətindir.

Məktəbin daha bir xüsusiyyəti onun beynəlmiləlliyidir. Burada hamı mehriban və birgədir. Biz nəinki Qafqaz qonaqpərvərliyini və mehribanlığını göstərməyə çalışır, eyni zamanda, şagirdlərə bu gün bütün dünya üçün vacib olan tolerantlıq issini aşılamağa çalışırıq.

— Qafqaz rəqslərini Ukraynada populyarlaşdırmaq çətindirmi?

— Qafqaz mədəniyyəti bütün dünyada olduqca məşhurdur. Bizim məqsədimiz onunla təmasda olmaq istəyənlərin hər biri üçün onu əlçatan etməkdir. Yeri gəlmişkən, xalqın mədəniyyətini milli rəqslər vasitəsilə anlamaq daha asandır. Bəzən musiqi və xoreoqrafiya vasitəsilə daha çox danışmaq olar,nəinki sözlərlə. Öz ritmik, melodik və həssaslığı ilə seçilən Qafqaz rəqsləri Ukraynada yüksək tələbata malikdir. Qafqaz rəqsləri sayəsində insan psixoloji cəhətdən azad olur, fiziki cəhətdən inkişaf edir və mənəvi cəhətdən istirahət etmiş olur. Ukraynalıların daim özünüinkişafa can atan çox fəal xalq olduqlarını nəzərə alaraq, idman zalları və rəqs məktəbləri demək olar ki, həmişə son dərəcə doludur.

Məsələnin mənəvi tərəfi az əhəmiyyət kəsb etmir. Biz elə bir dövrdə yaşayırıq ki, qızların vulqar davranışı normal, kişilərin zəif xüsusiyyətləri isə nəsə təbii bir şey hesab olunur. Xoşbəxtlikdən, insanların əksəriyyəti əxlaqsız həyat tərzindən bezib və valideynlər getdikcə uşaqlarını daha çox xalq rəqslərinə verməyə başlayıblar. Bu mənada Qafqaz rəqsləri hər kəsə onun təbiətini, kişilərin qartal, qızların isə qu quşları olduğunu xatırladır. Müvafiq olaraq, kişilər cəsarətli, güclü olmalı, qızların diqqətini cəlb etməyə nail olmalıdırlar, nəinki indi müşahidə olunduğu kimi – əksinə. Öz növbəsində, qızlar Qafqaz rəqslərini öyrənərkən özlərinin zərif çiçəklər olduqlarını,həmçinin onlara dərin hörmətlə yanaşmaq lazım olduğunu xatırlayırlar.

Azərbaycan rəqsləri haqqında ayrıca danışsaq, onlara maraq ildən-ilə artır. Doğrudur, bu gün ukraynalıların dilindən gürcü rəqsləri haqqında daha tez-tez eşitmək olar.İş burasındadır ki, Ukraynada insanların əksəriyyəti bu və ya digər Qafqaz Xalq xoreoqrafiyasının mənsubiyyət məsələsini pis anlayır, buna görə də Çeçen, Azərbaycan və ya Dağıstan rəqslərini çox vaxt gürcü rəqsləri ilə səhv salırlar. Odur ki, praktiki bacarıqlarla yanaşı, biz şagirdlərimizə nəzəri baza da veririk ki, bu baza onların rəqs tarixindən baş çıxarmasına və bu ya digər Qafqaz xalqının xoreoqrafiyasının səciyyəvi xüsusiyyətlərini fərqləndirməsinə kömək edir.Beləliklə, biz şagirdlər üçün Azərbaycan və digər rəqslərin gözəlliyini açmış oluruq.

Yeri gəlmişkən, biz Kiyevin müxtəlif rayonlarında və Ukraynanın digər şəhərlərində məktəbimizin filiallarını açmağa dair çox xahişlər alırıq. Bu, bir daha təsdiq edir ki, burada Qafqaz rəqslərinə tələbat yüksəkdir.

— Bu yaxınlarda siz “Ürək ritmində”kitabını buraxmısınız. Rəqslər haqqında kitab yazmağa sizi nə vadar etdi?

-Çox tez-tez öz məktəbini açmaq və ya ansambl yaratmaq istəyən, lakin müəyyən qorxular üzündən bu istəyinin həllini tapmadığı istedadlı rəqqaslara rast gəlirəm. Mənim kitabım məhz bunu təcrübədə tətbiq oluna bilən motivasiya, bilik və vəsaitlər axtarışında olan belə yaradıcı insanlar üçündür. “Ürək ritmində” mən son 15 il ərzində yığılmış bilik və məlumatları paylaşıram. Öz təcrübəm insanların arzularını reallığa çevirməyə kömək edərsə, mənə son dərəcə xoş olacaq.

 

Iradə Imanova