Koronavirus pandemiyası üzündən Azərbaycanda elan edilmiş karantin ilə əlaqədar bir çox sahələr fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olmuşdur. Belə sahələrdən biri kinematoqrafdır.

Azərbaycan kinosu indi- indi yenidən  inkişaf etməyə başlamış, rejissorlar daha tez-tez filmlər çəkməyə və onları müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə təqdim etməyə başlamışdılar ki, hər şey yenidən dayandı. Azərbaycan rejissorları bir çox serial və filmlərin çəkilişlərini dayandırmağa məcbur oldular və yalnız bu yaxınlarda karantinin yumşaldılması sayəsində çəkiliş meydançalarına qayıtdılar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov Dalma Newsə verdiyi müsahibədə etiraf edib ki, artıq dövlət və özəl şirkətlərin nümayəndələri ilə video-diskussiyalar keçirmişdir. Həmin disskusiyalar zamanı müzakirə olunan problemlərdən biri filmlərin çəkilişi üçün müasir avadanlığın olmamasıdır.

«Əksər xarici ölkələrdə kinematoqrafiya özəl sektorun bu sahədə fəal iştirakı sayəsində inkişaf edib. Təəssüf ki, Azərbaycan filmləri əvvəlkitək özəl kinematoqrafçılara deyil, dövlət kinostudiyalarına sifariş edilir. 1998 – ci il Kinematoqrafiya haqqında qanunda və digər normativ aktlarda bəzi boşluqlar var və bunların müasir tələblərə cavab verməsi üçün onlar yaxşılaşdırılmalıdır», — deyə Rüfət Həsənov bildirir.

Rüfət Həsənov

Hazırda Həsənovun əsas məqsədi kino sənayesinin müasir tələblərinə cavab verəcək Kino agentliyinin yaradılması, bu sahəyə, o cümlədən xarici investorlardan investisiya cəlb edilməsidir. Beləliklə, mütəxəssisin fikrincə, Azərbaycan kinosunun inkişafını təmin etmək mümkün olacaq.

Həsənov əmindir ki, vaxt keçdikcə hər şey yenidən yoluna düşəcək və Azərbaycan kinosunun səviyyəsi daha da yüksələcəkdir. Onun sözlərincə, əsasən, Azərbaycan rejissorlarının ona ünvanlanmış müraciətlərindən görünür ki, hazırda onlar İkinci Qarabağ Müharibəsi mövzusuna daha çox diqqət yetirirlər.

Ölkə tarixinə həsr olunmuş bir çox sənədli filmlərin müəllifi olan Azərbaycan rejissoru Ramil Ağayev lap yaxınlarda yenidən işə qayıtdığını etiraf edib.

«Azərbaycan kinematoqrafiyası üçün 2020-ci il digər sahələr kimi, çox mürəkkəb il olmuşdur. Biz hamımız – aktyorlar, operatorlar, səs rejissorları, rəssamlar, qrimçilər də daxil olmaqla, işsiz qalmışdıq. Bütün bunlar, əlbəttə ki, dəhşətdir. Hər dəfə yeni layihənin icrasına başlamaq istəyəndə Azərbaycanda karantini yenidən sərtləşdirirdilər.

Yalnız bu yaxınlarda çəkilişlərə başladıq. Karantin rejiminin müəyyən tədbirlərinə əməl  etmək və işləmək çox çətindir. Təsəvvür edin ki, çəkiliş meydançasında on nəfərdən çox adam iştirak edə bilməz. İstənilən filmin çəkilişlərində adətən ən azı 20 nəfər iştirak edir. Əsasən, çəkilişləri  təmiz  havada  aparmağa çalışırıq», – deyə Ağayev etiraf edib.

Ramil Ağаyev

Rejissorun sözlərinə görə, o və onun həmkarlarının ən çox maliyyə dəstəyinə ehtiyacları var. O, filmlərinin əksəriyyətini öz pulları hesabına çəkdiyini və bütün bunların çox baha başa gəldiyini etiraf etdi. Ağayev hesab edir ki, Azərbaycan Mədəniyyət Nazirliyi rejissorları dəstəkləməlidir, axı onlar bütün bunları Azərbaycan kinematoqrafiyasının inkişafı üçün edirlər.

Məşhur Azərbaycan «Sən və mən» serialının rejissoru Əli Əliyev də öz filminin davamını çəkməyə başlayıb. O, serialın çəkilişlərini davam etdirmək üçün sponsorlar tapa bilmədiyindən son dərəcə əzab çəkməli olmuşdur.

«Pandemiya üzündən bir çox şirkət müflis olub dağıldı. Bundan əvvəl bütün xərclərimizi ödəyən sponsorlar var idi. Bu dəfə isə mən bir çox təşkilatların  qapılarını döyməli oldum. Sözün düzü, mən və bütün çəkiliş qrupu artıq çəkilşi davam etdirə biləcəyimizə ümidimizi itirmişdik, amma Allahın izzətilə hər halda, xeyirxah adamlar tapıldı. Təəssüf ki, mənim kimi rejissorlar çoxdur. Yaxşı ideya  var, amma işləmək üçün pul yoxdur», — deyə Əli Əliyev təəssüflə bildirdi.

O, həmkarlarından fərqli olaraq, öz əsərlərini Azərbaycan televiziyası üçün çəkmir. Rejissor hesab edir ki, indi insanlar film və seriallara TV ilə deyil, Youtube sosial şəbəkəsində daha çox baxırlar. Rejissorun sözlərinə görə, hal-hazırda onun serialı Youtubedəki görüntülərin sayına görə rekordlar vurub və bu, internet-serialların tamaşaçılara daha çox maraqlı olduğunu bir daha sübut edir.

Əli Əliyev

«Həmyerli həmkarlarımdan heç birini incitmək istəmirəm, amma çox istərdim ki, Azərbaycan telekanallarında daha çox müasir filmlər  çəkilsin. Bu, artıq rejissor və ssenaristdən asılıdır. Televiziyada yayımlanan serial  və filmlərin əksəriyyəti çox darıxdırıcı və yorucudur, aktyorlar isə heç bir emosiya olmadan oynayırlar. Tamaşaçılar filmə baxışdan həzz almalı, onun qəhrəmanlarının dərdinə və sevincinə şərik çıxmalıdırlar. Daha çox duyğu və emosiyalar olmalıdır» — deyə Əli Əliyev məsləhət verir.

Rejissorlar ümidvardırlar ki, Azərbaycanda karantin yenidən sərtləşdirilməyəcək və onlar öz işlərini davam etdirə biləcəklər.

Камillа Sеidovа