Azərbaycanda ciddi klassik musiqi nisbətən məhdud və ya dar bir dairədə — gözəllik və zərifliyi sevib qiymətləndirənlər mühitində tələb olunur. İntəhası, qeyri-musiqi ictimaiyyətini də Avropa və milli klassika ilə cəlb edib maraqlandırmaq olar. Bu barədə Dalma Newsə müsahibəsində Budapeştdə Antal Dorati adına Beynəlxalq dirijorlar müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Orxan Həşimov məlumat vermişdir.
— Sentyabrın 18-də Azərbaycanda Milli Musiqi günü qeyd olunmuşdur. Bu gün ölkənin əsas səhnələrində ifa olunan müasir kompozisiyalar barədə nə düşünürsünüz?
— Cavab verməzdən əvvəl mən rus bəstəkarı İqor Stravinskinin tamamilə razı olduğum sözlərini iqtibas etmək istərdim: “Müasir musiqi nə vaxtsa yazılmış musiqidən ən maraqlısıdır və hazırda musiqi tarixində ən həyəcanlandırıcıdır. Həmişə belə olub. Eynilə, demək olar ki, müasir musiqinin pisliyi — o da həmişə belə olmuşdur”.
Həqiqətən, müasir musiqi ən maraqlısıdır, çünki bu gün yazılıb. Xüsusilə Azərbaycan müasir musiqisi haqqında danışsaq, o, olduqca müxtəlifdir. Musiqidə milli kaloriti bilərəkdən vurğulayan bəstəkarlar və bunu ön plana çıxarmağı lazım bilməyənlər də var.
Məsələ bundadır ki, birinci yol çoxdan keçilib və onu təkrar etməyin mənası yoxdur, bu, mənim fikrimcə, müasir Azərbaycan musiqisinin inkişafını ləngidir. Əgər xalq melodiyasından məhz bu şəkildə istifadə davam edilərsə, bu, artıq yeni heç nə verməyəcək.
Bəstəkarlarımız əsərlərindəki coğrafi amili süni şəkildə vurğulamağa son qoymalıdırlar. Bu, istənilən halda, musiqidə özünü büruzə verəcəkdir, çünki qan özünü hətta yaradıcılıqda da biruzə verir, amma bunu qəsdən etmək lazım deyil, çünki belə olan halda o səthi və primitiv — bir növ ibtidai olur.
— İndi klassik musiqiyə tələbat nə dərəcədədir? Gənclər konsertlərə qatılırmı?
— Deməzdim ki, akademik konsertlər azərbaycanlı gənclərdə yüksək tələbata malikdir, lakin incəsənətlə maraqlanan və ciddi musiqidən baş çıxaran oğlan və qızlar mütəmadi olaraq konsertlərə gedirlər. Mən əminəm ki, qeyri-musiqi ictimaiyyətini də Avropa və Milli klassika ilə cəlb edib maraqlandırmaq mümkündür, sadəcə, bunun üçün incəsənətin populyarlaşmasında düzgün yol və istiqamətləri tapmaq lazımdır.
Bizim əsas problemimiz ondan ibarətdir ki, biz gənclərdən uzağıq. İndiki dövrdə isə tamaşaçılarla distansiya və ya məsafə saxlamaq, səhnə ilə tamaşa zalı arasında ağlasığmaz sədd və maneələr yaratmaq olmaz. Tamaşaçılar da baş verənlərin iştirakçısı olmalıdır. Məsələn, bizdə dirijorun konsertdən əvvəl, sonra və ya konsert zamanı səhnədən tamaşaçılarla ünsiyyətdə olması qeyri məqbuldur. Halbuki, dünyanın bir çox ölkələrində bu praktikaya fəal şəkildə əl atırlar. Axı, dirijor tamaşaçılara tərəf dönərkən, iki kəlmə ilə də olsa, onları salamlayıb alqışlayaraq nömrə ilə tanış etdikdə bu, tamaşaçılara xoş gəlir.
Ədalət naminə qeyd etmək lazımdır ki, bu yaxınlarda Bakıda azərbaycanlı dirijor Fuad İbragimovun rəhbərliyi ilə heyrətamiz bir konsert verilmişdir ki, onun əsnasında artist tamaşaçılara üz tutaraq, onları Stravinskinin “Pulcinella” əsərilə tanış etməyə başlamışdır. Çoxları bunu gözləmədiyindən xoş heyrət hissi keçirmişlər. Zənnimcə,qeyri-musiqili auditoriya üçün belə “konsert-mühazirələr” maraqlı və zəruridir.
—Azərbaycan irsini qoruyub saxlamaq və pop mədəniyyəti dövründə onu inkişaf etdirmək nə dərəcədə uğurla mümkün olur?
– Bizdə mədəni dəyərlərə çox qayğı ilə yanaşırlar. Ona görə də hələlik bu məsələdə ciddi problemlər müşahidə edilmir. Yuxarıda qeyd etdiyim kimi, dinləyicilərlə çətinliklərin mövcudluğu isə başqa məsələdir. Mənə elə gəlir ki, KİV və sosial şəbəkələr vasitəsilə əbədi incəsənətə məhəbbət aşılansaydıl, ölkədə klassik musiqinin pərəstişkarları indikindən daha çox olardı.
Öz növbəmizdə biz — artistlər xalqa yaxın olmaq üçün müxtəlif meydançalarda da tez-tez oynamalıyıq. Klassik musiqi müasir kütləvi mədəniyyət sahəsinə fəal cəlb olunmalıdır.
Bundan əlavə, proqramları calaşdırmaq, kombinə edib birləşdirmək lazımdır. Yəni, yalnız Azərbaycan kompozisiyalarını ifa etmək lazım deyil. Əlbəttə ki, ölkədə xalq musiqisinin pərəstişkarları çoxdur və ona böyük tələbat var, amma bu, yalnız onu ifa etməyin vacibliyi demək deyil. Bizdə publika — dinləyici və tamaşaçı müxtəlifliyi var, odur ki, onlardan hər birinin istəkləri də müxtəlif və fərqlidir. Proqramları xarici əsərlərlə müxtəlifləşdirmək, təmas nöqtələri tapmaq və onları elə birləşdirmək lazımdır ki, hər bir tamaşaçı bizdən razı getsin.
Əgər biz milli musiqimizi ayrıca ifa etməyə davam etsək, o, həmişə təcrid vəziyyətdə qalacaqdır. Buna görə də onun Avropa musiqisi ilə eyni qazanda qaynayıb bişrməsi lazımdır. Beləliklə, biz Azərbaycan mədəniyyəti pərəstişkarları ordusunu nəinki təkcə ölkə daxilində, həmçinin xaricdə də artıra bilərik. Eyni zamanda, inkişaf edərək, Azərbaycan mədəniyyətində yeni üfüqlər aça bilərik.
— Azərbaycan musiqiçilərini daha çox hansı ölkələrə dəvət edirlər?
— Ənənəvi olaraq musiqimizlə maraqlanan MDB ölkələri ilə yanaşı, son illər Avropaya da çox tez-tez dəvət etməyə başlamışlar. Məsələn, bu yaxınlarda Bakı Kamera Orkestri Parisdə konsert vermişdir. Dəvətnamələr əsasən Almaniya, Fransa və Monakodan gəlir. Qeyd edim ki, xaricdə orkestrlərimiz milli musiqi ilə yanaşı, Avropa əsərlərini də ifa edirlər.
— Yaradıcılıq yolunuz barədə danışın? Musiqiyə necə gəlmisiniz?
— Necə deyərlər, özümü dərk edib tapmağa anam kömək etdi. Yeddi yaşımda məni fortepiano sinfi üzrə musiqi məktəbinə verdi. Əvvəlcə dərslərə maraq üçün gedirdim, sonra isə məni cəlb edib özünə çəkməyə başladı.
— Amma sonradan siz pianonu dirijorluğa dəyişdiniz. Niyə?
— Təxminən 12 yaşında başa düşdüm ki, sadəcə pianoçu olmaq istəmirəm. Bir sahədə inkişaf etmək mənim üçün məhdud idi, hm də maraqlı deyildi. Beləliklə, mən özümü bəstəkarlıqda sınamağa başladım. Əlbəttə, on iki yaşlı oğlanın əsərlərini ciddi adlandırmaq olmaz, amma mənim üçün bu, bir udum təmiz hava kimi idi. Lakin Rauf Abdullayevin rəhbərlik etdiyi Bakı Filarmoniyasının ifasında Stravinskinin “Petruşka” əsərinə baxdıqdan sonra məndə dirijorluğa böyük maraq oyandı. Bu, mənim böyük simfonik orkestrə ilk səfərim idi və o, demək olar ki, məndə nəinki dərin təəssürat yaratdı, həm də mənim gələcəyimi müəyyən etmiş oldu.Məktəbi bitirdikdən sonra Rusiyaya, yəni məhz P.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına təhsil almağa getdim.
— Seçim niyə məhz Moskvaya düşdü?
—Rusiya paytaxtı həmişə güclü Konservatoriya ilə məşhur olub və birinci əsr deyil ki, dünyada ən yaxşılardan biridir, buna görə də mən dərhal təhsilimi harda davam etdirmək istədiyimi müəyyənləşdirdim. Əvvəlcə təkcə MDB-də deyil, həm də Avropa və ABŞ-da məşhur olan rus bəstəkarı Vladimir Tarnopolskinin rəhbərliyi altında bəstəkarlıq şöbəsində təhsil almışam. Bir neçə il sonra isə Stanislav Dyaçenkonun Opera-simfonik dirijorluq şöbəsinə daxil oldum ki, özümü, necə deyərlər əsil mənada burada tapdım.
Təhsilimi başa vurandan sonra tanınmış dirijor Valentin Uryupinin rəhbərliyi altında Filarmoniyanın akademik simfonik orkestrində dirijor assistenti kimi stajirovka keçmişəm. Bilik və təcrübəmi daha da artıraraq doğma Bakıya qayıtmış və hazırda orada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dirijor işləyirəm. Həmçinin Azərbaycanın Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Qırğızıstanın “Manas” Dövlət Filarmonik Kamera Orkestri ilə birgə çıxış edirəm.
Leyla Əlizadə