– Turistlər keçir, tez çıxın qapıya. Qoymayın getsinlər. Çağırın muzeyə, gəlib görsünlər burada nə iş görürük.
Zərifə xanımın bu çağırışından sonra qapının önündə onun köməkçisi Natalya Qəribovanın səsi eşidilir:
– Xoş gəlmisiniz, “Ginnesin Rekordlar Kitabı”na düşən bu muzeylə mütləq tanış olmasınız. Giriş sərbəstdir. Buyurun içəri.
6 il əvvəl Miniatür Kitab Muzeyi ilə tanışlığım da bu cür başlamışdı. Tələbə yoldaşlarımızla keçmiş Bakı Soveti, indiki İçərişəhər metrostansiyasına düşürdük. Gəncliyimizdəndir, ya nədəndir bilmirəm, başımızı qaldırıb baxmırdıq ki, necə bir tikilinin kandarından keçirik. Amma Natalya xanımın eyni dəvəti bizə ayaq saxlatdırmışdı:
– Əziz tələbələr, miniatür kitabların toplandığı bu muzey sizə maraqlı deyil? Bəlkə içəri keçib baxasınız?!
Bizə maraqlı gəlirdi ki, miniatür kitab deyəndə nəyi nəzərdə tuturlar? O, necə olur ki? Miniatür kitabların kiçik ölçülü nəşrlər olduğunu biləndə ağlımıza gətirməzdik ki, hansısa düymənin deşiklərinə kimsə kitab yerləşdirə bilər. Yaxud bu kiçiklikdə kitablara hansısa iri mətnlər sığışdırıla bilər.
Sizi dünyanın ən gözəl muzeylərindən birinə, Bakının ürəyində yerləşən Miniatür Kitab Muzeyinə dəvət edirik…
KENNEDİ PREZİDENT OLMASAYDI…
Muzeyin yaradıcısı və təsisçisi Zərifə Salahova 1982-ci ildə Moskvada Krılovun 1837-ci ildə çap olunan kiçik formatlı kitabını alanda miniatür kitabları ilk dəfə görür. Satışda 6 müəllifin miniatür kitabları varmış. Elə onların altısını da alır. O gün bu gün Zərifə xanım başlayır həmin kitabları yığmağa. Dünyanın hansı ölkəsinə gedirsə, ilk maraqlandığı məhz miniatür kitablar olur.
Əslində bu fikir onda birdən-birə yaranmayıb. Kennedinin andiçmə mərasimindəki nitqi ölümündən sonra Hollandiyada miniatür kitab şəkildə çap edilir. Bundan ilhamlanan Zərifə xanım eynisini Heydər Əliyevin nitqinə də tətbiq edir. Onun kolleksiyasına daxil olan bu miniatür kitab Azərbaycan-ingilis, rus-ingilis dillərində dərc olunur. Kitabın formatı 38×53 millimetrdir və bu kitabın təqdimatı 3 iyun, 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında, xarici ədəbiyyat zalında keçirilir:
Z.S. – Orada ilk dəfə kolleksiyama daxil olan 2000 kitabı sərgilədim. Sərgidə Heydər Əliyev də iştirak edirdi. Ona bildirdim ki, mənə hansısa yer, yaxud bina versələr, miniatür kitab muzeyi yaradaram. Kitablarımı şəhərə bağışlayaram.
Bu tədbirdən 5 ay sonra Zərifə xanım icra başçısına məktub yazır və nəhayət, 4 ay sonra Memarlıq departamentindən ona zəng gəlir:
– Salam, Zərifə xanım. Mənə tapşırıblar ki, sizinlə İçərişəhəri gəzək və hansı yeri seçsəniz, biz o yeri sizə verək. Beləcə başladıq gəzməyə və axırda gəldik bu yerə çatdıq. Muzeyin yeri onda boş idi. Vaxtilə burada 2-3 mərtəbəli köhnə evlər vardı, onları sökmüşdülər.
Miniatür Kitab Muzeyi 2002-ci ildə 23 apreldən fəaliyyətə başladı. Məhz 23 aprel gününün seçilməsi təsadüfi deyil. Çünki 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.
MUZEYİN MİNİATÜR SAKİNLƏRİ
Muzeydə Barak Obamaya, Mustafa Kamal Atatürkə aid kitablara qədər müxtəlif mövzularda miniatür kitablara rast gəlmək olar. Kitabların əksəriyyəti muzeyin nəşriyyatında çap olunub.
Muzeyin nəşriyyatının sonuncu məhsulu Fidel Kastro haqqında ispan və rus dillərində olan kitabdır. Başqa bir bölmədə Lenin, Stalin və Çörçilə aid miniatür kitablar yer alıb.
Dədə Qorquddan tutmuş, Nizami, Nəsimi, Xətai, Mikayıl Müşfiq, Qasım bəy Zakir, Sabir, Üzeyir Hacıbəyov, Qara Qarayev, Bülbül, Səməd Vurğun, Nigar Rəfibəyli, Rəsul Rzaya qədər bir çox tanınmış ədəbiyyatçıların miniatür kitabları burada saxlanılır.
Kolleksiyada ən balaca kitab mavi qutunun içindədir. Qutuda yerləşən bəyaz konteynerin içində iki boşluq var. Birinci boşluğa yox, ikinciyə diqqətlə baxsanız, görərsiniz ki, içinə kitab yerləşdirilib. Kitab 0,75×0,75 millimetr ölçüsündədir. Kitabın adı dörd fəslin gülləridir. 2012-ci ildə Yaponiyada dərc olunan bu kitabdan 250 nüsxə var. Onun 174-cü nüsxəsi bu muzeydə sərgilənir. Kitabın üst qabığı ilə alt qabığı qoyunun dərisindəndir. Kağızı palıd ağacındandır. Dördüncü səhifəsində rəsm şəklinin içində mətn gizlənib. Mətnin xətlərinin böyüklüyü 10 mikrondur.
Muzeydə sərgilənən ən qədim kitab isə iki “Quran”dır. Onlardan biri XVII əsrdə Səudiyyə Ərəbistanında dərc olunub, digəri isə 1887-ci ildə çap olunmuş çexlərin dini kitabıdır.
Söhbət əsnasında məlum oldu ki, bu yaxınlarda Kalininqraddan olan Şumilov Viktor muzeyə 83 miniatür kitab göndərib. Bu yaxınlarda isə Vaşinqtondan, Ağ Evdən muzeyə 1 kitab gətirilib.
Bundan əlavə, muzeyin səs-sorağı okeanın ta o tayına, yeni dünyaya qədər gedib çıxıb. 2009-cu ildə Bakıda sərgi keçirilir. Amerikadan olan rəssam cütlük şəhərimizə gəlir. Cütlüyün tanışları-dostları, Amerikada yaşayan rəssamlar, heykəltəraşlar və qrafiklər eşidəndə ki, onlar Bakıya gedirlər, kimin kolleksiyasında miniatür kitablar varsa, toplayıb verirlər. Deyirlər ki, aparın bunları verin Bakıdakı Miniatür Kitab Muzeyinə.
Z.S. – 40 unikal eksponat idi. Mən də təəccübləndim ki, axı bunlar muzey haqqında haradan eşidiblər? Necə olub ki, məlumatları olub? Onlar da dedilər ki, Azərbaycanı Amerikada 3 şeyə görə tanıyırlar: neft, kürü və Miniatür Kitab Muzeyi.
Qeyd edək ki, ötən ilin dekabrın 18-də Zərifə xanım Naxçıvanda Muzeyin filialını açıb. Hazırda orada 12 vitrində 31 ölkədə çap olunan 1090 kitab nümayiş etdirilir. Zərifə xanım bildirdi ki, Gəncədə Heydər Əliyev Mərkəzində 650-ə yaxın miniatür kitabın nümayişi üçün filial açmağı planlayır.
“GİNNESİN REKORDLAR KİTABI”NIN “BALACALAR”I
Z.S. – Bir dəfə qəzetlərin birində oxuyuram ki, bir hindli 5 metr yarım bığ uzadır, bir qadın isə 3 metr yarım dırnaq uzadır. Və bununla da onlar “Ginnesin Rekordlar Kitabı”na düşürlər. Çox təəccübləndim, dedim, bunlar belə bu kitaba düşürlərsə, niyə görə mən müraciət etməyim? Zəng vurdum İçərişəhərin müdirinə, xahiş etdim ki, mənə bir tərcüməçi göndərsinlər. Tərcüməçi Sənan Hacıyevlə birlikdə müraciətnamə hazırladıq və “Ginnesin Rekordlar Kitabı”nın ofisinə göndərdik. Təqdimat kimi isə yazdıq ki, Zərifə Salahovanın Miniatür Kitab Muzeyi. Onlar 10 gündən sonra cavab yolladılar ki, sifarişlər çoxdur və siz gərək bir neçə ay gözləyəsiniz ki, lazım olan sənədlərin siyahısını sizə göndərək.
Amma heç 10 gün keçmir ki, sənədlər gəlir. Onlar Zərifə xanımın qarşısında çox böyük tələblər qoyurlar. Ən birinci yazırlar ki, onların standartlarına uyğun olan kitabın formatı 75×75 millimetrdən artıq olmamalıdır. Amma Sovet vaxtında miniatür kitabların standart ölçüsü 100×100 millimetr idi. Belə olan halda 5600 kitabdan 2913-ü onların təqdim etdiyi standartlara uyğun gəlir.
Z.S. – Bu, çox ağır iş oldu, çünki sərgilənən rəflərin hər birindəki kitabları biz bir-bir ölçəsi olduq, video və şəkillər yolladıq. Muzey barədə qəzetlərdə çap olunan materialları, məqalələri topladıq. Onlar sənədləri göndərəndə demişdilər ki, bu Kitaba eyni nominasiyada hindistanlı bir şəxsin kolleksiyası düşüb, bu hadisə 1982-ci ildə olub. Onda onun kitablarının sayı 286 idi. Biz dünyada yeganə unikal şəxsi kolleksiya olaraq bu Kitaba adımızı yazdırdıq.
ÇIRAQLA AXTARILAN KITABLAR
Zərifə xanımın kolleksiyası dünyada yeganə və ən böyük şəxsi kolleksiyadır ki, bu göstəricisinə görə “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Kolleksiyada 7 mindən çox kitab var. Onlar 33 il ərzində Zərifə xanımın yığdığı kitablardır. Azərbaycan dilində olan miniatür kitabların 98 faizini Zərif xanım özü çap edir.
Bu muzeydə elə kitablar saxlanılır ki, onlar nadir tapılırlar – məsələn, İngiltərənin tarixi. Müəllifi Valter Skott olan bu kitab 1815-ci ildə dərc olunub. Onun 200 yaşı var. Öz sağlığında dərc olunan Puşkinin “Yevgeni Onegin” kitabı (1837), Krılovun təmsilləri (1835), Lermontovun “Aşıq Qərib” (1892) əsərləri onlardan yalnız bir neçəsidir.
1841-ci ildə London nəşriyyatı Şekspir yaradıcılığının 40 cildliyini hazırlayır. Təbii ki, söhbət miniatür kitablardan gedirdi. Həmin 40 cildin 24-ü hazırda Muzeydə saxlanılır. Zərifə xanım hadisəni belə xatırlayır:
Z.S. – 2004-cü ildə Londonda sərgidəydim. Çıxanda bu kitabları görüb aldım. Parisdə də olmuşam bir neçə dəfə. İnanın ki, oradan özümə hələ bir dəfə ətir almamışam. Getdiyim hər yerdə ancaq miniatür kitabları soruşuram.
Paytaxtın İçərişəhər, 1-ci Zamkovskiy döngəsi 67 ünvanından keçərkən, sizi muzeyin kandarında ənənəvi səs saxlamasa belə, özünüz mütləq ayaq saxlayın. Şəhərə – paytaxt Bakıya “bağışlanan” və dünyanın Rusiya, ABŞ, Argentina, Amerika, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə kimi ölkələrindən gətirilən miniatür kitablardan zövq alın.
Nərmin Nöqtə
Foto: Toğrul Abbasov