Hələ dünən bu teatrın artistləri aktyor karyerasını heç arzulaya da bilmirdilər, bu gün isə ağzınacan dolu zallar yığır və gələcək üçün böyük planlar qururlar. Sentyabrın 3-də Azərbaycanda ilk və hələlik yeganə inklüziv “ƏSA” teatrının (ESA Theatre) üç yaşı tamam olub. Dalma Newsə verdiyi müsahibədə “ƏSA”nın təsisçisi və rejissoru Nihad Qulumzadə mədəniyyətin inkişaf xüsusiyyətlərinə malik insanlara sosial cəhətdən fəal olmağa necə kömək etdiyini əsaslandırır.
— Sizin – gənc və uğur qazanmış rejissorun çətin bir işdən yapışaraq ölkədə ilk inklüziv teatr açmasına nəyin səbəb olduğunu izah edin.
— ƏSA yaratmaq ideyası nisbətən çoxdan yaranıb. Onda mən başqa teatrda işləyirdim və mənə çox vaxt məhdud imkanlı tamaşaçılar şikayət edirdilər ki, onlar nəinki tamaşalara rahat baxmaq, həm də səhnədə oynamaq istəyirlər. Lakin onların bir çoxu üçün mədəniyyət əlçatmaz sahə olaraq qalır.
Təəssüf ki, onlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil ala bilmirlər. Bildiyimə görə, bizim teatrdan olan bir neçə aktyor oraya daxil olmağa çalışsalar da, fiziki xüsusiyyətlərinə görə onlardan imtina etmişlər. Bunu onunla izah etmişlər ki, belə adamlara təhsil almaq mənasızdır, axı gələcəkdə heç bir rejissor onlara rol vermək istəməz.
Mən ali məktəbi günahlandırmıram. Bu, təhsil sisteminin özündə bir boşluq və qüsurdur. İnanmaq istərdim ki, yaxın gələcəkdə ölkədə belə insanlar üçün uyğunlaşdırılmış təhsil ocağı yaranacaq, axı biz hamımız insanıq və demək olar ki, hamının eyni tələbatı var — ürəyimizin xoşuna gələn işlərlə məşğul olmaq. Həm də yaradıcılıq sağlamlığın durumuna görə həyatda çətinlik çəkən insanlar üçün çox vacibdıir, çünki onların sosial cəhətdən fəal olmasına kömək edir.
— Yəni sizi bu yola inciklik və haqsızlıqmı gətirmişdir?—
— Müəyyən dərəcədə bəli. Düz üç il bundan əvvəl mən bu layihəni işə saldım və hələ bircə dəfə belə öz qərarıma peşman olmadım. İdeyanın reallığa çevrildiyi ilk günlərdən aydın oldu ki, Azərbaycan cəmiyyətinin bizim teatra çoxdan ehtiyacı var idi. ƏSA-nın yaranması ilə bir növ mədəni inqilab baş verdi və ölkənin teatr həyatında atmosfer daha maraqlı və koloritli oldu.
Qeyd etmək istəyirəm ki, üç il bundan əvvəl Azərbaycanda bu sahə tam sərbəst idi və biz ilk dəfə xüsusi aktyorları öyrətməyə və onların nə qədər istedadlı olduqlarını ölkəyə göstərməyə başladıq.
— Bir qədər teatr truppası haqda danışın.
— Hal- hazırda ştatda 20 aktyor fəaliyyət göstərir, onlardan 12-si məhdud imkanlı, yəni əlilliyi olan şəxslərdir. Daha doğrusu, peşəkar aktyorlar və fiziki durumu, psixikasında probləmlər olan,xüsusilə, Daun sindromundan əziyyət çəkən, zəif görən və s.insanlar eyni bir səhnəyə çıxırlar. Buna baxmayaraq, onların hər biri həqiqətən çox istedadlı və maraqlıdır.
Onlardan bəziləri bizə özləri müraciət etmişlər, kimi isə valideynləri gətirib çıxarmışdır. Elələri də var ki, mən küçədə görəndə yanından laqeyd keçə bilmədim.
— Nə mənada?
— Əsl mənada. Bir insanın gözlərinə diqqətlə baxsanız, onun gözlərindən insanların hansı növünə —yaradıcı və ya texniki işçi tipinə aid olduğunu oxumaq müqmkündür. Mən küçədə öz həmfikirlərimlə rastlaşanda, onlara bizim sıralarımıza qoşulmağı təklif etməyə bilmərəm.
— Və siz bu yolla çoxmu istedad tapırsınız?
— Çox vaxt onlar bizi tapırlar. Hər ay bizə aktyorluq məharətini öyrənmək və bizimlə eyni səhnədə çıxış etmək arzusu ilə yanan ən azı 30-40 nəfər müraciət edir. Onların arasında uşaqlarının yaradıcılıqla məşğul olmasını istəyən valideynlər və özlərini nəsə yeni bir sahədə sınamaq istəyən böyüklər də var. Təəssüf ki, hazırda imkanlarımız məhduddur, ona görə də biz öz sıralarımızı genişləndirə bilmirik. Lakin öz texniki və inzibati problemlərimizi həll edib, bizi dəstəkləməyə hazır sponsor tapan kimi biz bu məsələyə qayıdacağıq.
— Maliyyə məsələsinə toxunaraq deyin görək, teatr hansı vəsaitlə yaşayır?
— Bilet satışından və mesenatların birdəfəlik yardımından topladığımız vəsaitlə. Əlbəttə, bu vəsait kifayət etmir, çünki xərclərimiz nisbətən az deyil. Ümumiyyətlə, bu gün bütün dünyada teatrlar dotasiyasız çətinliklə yaşaya bilər, bizim kimi teatrlar isə xüsusilə maliyyə dəstəyinə ehtiyac duyurlar. Hələlik bizdə maliyyə dəstəyi verməyə razılaşacaq sponsorlar tapmaq alınmır. Lakin biz hər şeyin yoluna düşəcəyinə, nə vaxtsa öz məkanımız olacağına, orada dinc və rahat yazıb-yaradaraq inkişaf edə biləcəyimizə ümidimizi itirmirik.
— Bəs dövlət dəstəyi sarıdan necə?
— Biz dövlətdən dotasiya almırıq. Ancaq bizə bina ilə kömək etməyə söz veriblər. İş burasındadır ki, bütün bu illər ərzində biz sahə icarəsi işində problemlərlə üzləşmişik. Dövlət idarələrində bir meydança almaq çox çətin və bahalı idi. Dövlət teatrları bizim qarşımıza imkanımız xaricində olan haqq-hesab qoyurdular. Tutalım, səhnə icarəsinə görə 2000 manat istəyirlər, halbuki, biletlərin satışından yığılan məbləğ isə 1500 manat təşkil edir.Odur ki, bu ilin yazında biz AR Mədəniyyət və Turizm Nazirliyinin başçısına müraciət edərək bu problemin həllində bizə kömək göstərməyi xahiş etdik. Demək olar ki, bir neçə gün ərzində biz nazirlikdən cavab aldıq. Söz veriblər ki,yeni mövsümdən çıxışlar üçün bizə hər ay otaq veriləcək. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son vaxtlar dövlət başçısı tərəfindən Azərbaycanda mədəniyyət və incəsənətin inkişafı üçün çox işlər görülür və bu, çox sevindirici haldır.
— Xüsusi aktyorlarla işləmək nə dərəcədə çətindir?
— Əlbəttə, hər kəsə xüsusi yanaşma tələb olunur, lakin bütövlükdə bu aspektdə problem yoxdur. Başqa məsələdir ki, onların teatr təhsili yoxdur, ona görə də yolumuzun əvvəlində çətin idi. Bu gün geriyə boylanarkən deyə bilərəm ki, mən onlarla fəxr edirəm. Üç il ərzində onlar çox şey öyrəndilər, aktyor oyununun əsaslarını mənimsədilər və öz rollarını layiqincə yerinə yetirməyə başladılar. Ümumiyyətlə, peşəkar aktyorlara onlardan çox şey öyrənməyə dəyər. Hər şeydən əvvəl, dözüm və çətinliklərə baxmayaraq, onların özlərini işə necə sədaqətlə həsr etmələri. Belə fədakarlığı adi teatrlarda nadir hallarda görmək olar.
— Teatrın repertuarı barədə danışın.
— Bu gün teatrın repertuarı beş tamaşadan ibarətdir — Amerika nasiri Con Steynbekin motivləri əsasında “İnsanlar və siçanlar”, Moris Meterlinkin “Mavi quş” pyesi, mənim yazdığım “DUMB” psixodramı və s.Tezliklə biz tamaşaçılara artıq altıncı səhnə işini və hazırlamaqda olduğumuz rəngarəng performansı təqdim edəcəyik.
Mən teatrın təsisçisi və rejissoru kimi tamaşaçılara yaxşı aktyor oyunu, maraqlı süjet göstərmək və keyfiyyətli mədəni qida vermək istəyirəm. Mənim bizdən bir qədər fərqli olan aktyorlara diqqət yetirmək məqsədim yoxdur. Sağlamlıq problemləri haqqında danışmaq da mənim maraqlarımdan kənardır. Biz ən adi teatrıq, sadəcə, bizdə qeyri-adi aktyorlar işləyir. Bizim üçün əsas odur ki, hər bir tamaşaçı bizdən razı qalsın və yenidən qayıtmaq arzusu ilə getsin.
Yeri gəlmişkən, bir çox tamaşaçılar tez-tez onların qarşısında xüsusi aktyorların oynadığını unudurlar, bəziləri isə bu fakt haqqında tamaşa bitəndən sonra səhnə arxasındakı ünsiyyət zamanı xəbər tuturlar.
— Bu gün teatr hansı nəticələrə nail olub?
— Yuxarıda qeyd etdiyim kimi, bizim cəmi üç yaşımız var və bizi qarşıda ən böyük mükafatlar gözləyir. Lakin işin ilk günlərindən biz tamaşaçı rəğbət və sevgisinin etirafının bəhrəsini almağa başladıq. Əlbəttə, bizim pul daxılımızda nüfuzlu təşkilatlardan bir neçə mükafat var, lakin bizim üçün ən önəmli qənimət bizim tamaşaçılarımızın sevgisi, şükür və minnətdarlıq sözləridir.
Tamaşanın hər bir ayrıca nümayişi anşlaqla keçir. Biz 1000-ə yaxın adam tutan M.F. Axundov adına Azərbaycan Akademik Opera və Balet Teatrında bir neçə dəfə teatr tamaşası göstərmişik və hər dəfə də demək olar ki, sərbəst yerlər olmayıb. Bizim üçün bu, özümüzün düzgün istiqamətdə getdiyimizə ən parlaq sübutdur.
— Bəs qastrollar sarıdan vəziyyət necədir?
— Hələlik qastrol təcrübəmiz azdır. Teatr keçən ildən tamaşalarla Azərbaycanın regionlarına çıxmağa başlayıb. Məsələn, tamaşa təqdim etdiyimiz Naxçıvan və Lənkəranda tamaşaçılar bizı çox yaxşı qəbul etdilər. Biz bütün respublikanı dolaşmaq və ölkənin müxtəlif guşələrindən olan sakinləri yaradıcılığımızla tanış etmək istəyirik ki, xüsusilə mədəniyyət və incəsənət üçün tibbi diaqnozun hökm olmadığını hər kəs bilsin. Bundan başqa, artıq bizi tanıyan və gözləyən xarici ölkələrə qastrol səfərlərinə getməyi planlaşdırırıq.
Yeri gəlmişkən, bu yaxınlarda ABŞ-da Open World Program —Açıq Dünya Proqramında iştirak edərək teatrımızı təqdim etmiş və Azərbaycanda inklüziv mədəniyyətin necə inkişaf etdiyini söyləmişəm. Belə kiçik Qafqaz dövlətinin bu qədər sürətlə inkişaf etməsi, orada hətta inklüziv teatrın olması amerikalılarda xoş təəccüb doğurmuşdur.Qərb və Avropa üçün belə bir teatrın olması onu göstərir ki, respublikada təkcə mədəniyyət deyil, ümumiyyətlə, bütün ölkə inkişaf edir. Axı, inkluziv tamaşalar insanları xəstə və sağlamlara ayırmayan, hansısa standart və sərhədlərdən imtina edən normal cəmiyyətə doğru atılan addımdır. Ona görə də bu işdə uğur qazanmaq, Azərbaycanda əlilliyi olan insanların da mədəni həyatın bir hissəsini təşkil etdiyini bütün dünyaya göstərmək mənim üçün vacibdir.
Lеylа Əlizadə