Bakı təkcə qol gücünün deyil, beyin gücünün də paytaxtıdır. Olimpiadalardan sonra sentyabrın 16-da Bakıda keçirilən IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılışı buna azı ümid etmək üçün səbəb olmuşdu. Düzü, kitab yarmarkası, özü də “beynəlxalq” titullu kitab yarmarkasının keçirilməsi, onun əhəmiyyəti barədə nə video-çarxlara, nə könüllülərə, nə iri billboard-lara, metrolarda elanlara, avtobusların üzərində reklam yazılarına, xüsusi buraxılan köynəklərə, ciddi işçi qruplarına, nə də medianın “həvəsinə” rast gəlmədim. KİV bir oxucu kimi mənə görə istənilən idman yarışından daha əhəmiyyətli olan bu tədbiri “IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir” başlığı ilə ötüşdürdü.
Facebook sosial şəbəkəsində isə sərgi-yarmarka ilə bağlı yalnız bu səhifə – https://www.facebook.com/bakikitabsergi – fəaliyyət göstərdi. Səhifəyə baxdığımız zaman yarmarka ilə bağlı xəbərlərin hansı tezlikdə yeniləndiyini, daha dəqiq desək, yenilənmədiyini görə bilərsiniz. Elə sərginin – https://www.bakubookfair.com – rəsmi saytında da vəziyyət, demək olar ki, eyni idi.
Halbuki, sayt və səhifəni izlədiyimiz zaman yerli və xarici nəşriyyat nümayəndələri ilə müsahibələrə, sorğulara, qonaqların təəssüratlarının yer aldığı materiallara, təhlillərə, hətta tənqid və iradlara rast gəlmək daha gözəl olardı. Axı, kitab olan yeri müzakirəsiz təsəvvür etmək mümkün deyil.
Bundan əlavə, oxucu kimi məşhur simalardan insanları yarmarkaya gəlməyə həvəsləndirəcək kiçik video görüntülər hazırlamalarını gözləyirdik. Amma yarmarka elə keçdi ki, nəinki insanların, deyəsən, heç Bakının da ruhu incimədi.
Qeyd edək ki, açılışa kifayət qədər önəmli simalar gəlmişdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, yazıçılar Birliyinin sədri Anar, yazıçı Çingiz Abdullayev kimi məşhur ictimai fiqurların iştirak etdiyi yarmarkadan gözləntilər çox idi. Amma gözləntilər çox olduqca, dağıntıları da bir o qədər genişmiqyaslı, “yaraları” da bir o qədər ağır olur. Kitabsızlığın vurduğu yaraları dramatikləşdirməyə ehtiyac yoxdur. Elə yarmarka keçirilən günlər ora baş çəkmək kifayət edirdi ki, barmaqla sayılan oxucuları görəsən. Üstəlik, böyük gözlənti ilə aldığımız kitabların bizi məyus edən məzmunu və tərcüməsi də başqa problem idi.
Bakı Əl Oyunları sarayında keçirilən sərgidə yerli nəşriyyatlarla yanaşı, Rusiya, Türkiyə, İran, Makedoniya, Serbiya, Yunanıstan da daxil olmaqla, 120 yerli və xarici nəşriyyat iştirak etsə də, oxucu fəallığı digər illərlə müqayisədə zəif olub. Bunu nəşriyyat evlərinin direktorları cari sərgi-yarmarkanı ötən illərlə müqayisə edərkən bildiriblər.
Nazir Əbülfəs Qarayev isə sərginin açılışı zamanı etdiyi çıxışında, əksinə, sərgi iştirakçılarının artdığını bildirib.
Ənənəvi olaraq keçirilən bu yarmarka isə yeni-yeni nəşriyyatlarla tanış olmaq, onları rəqabət mühitinə salmaq, daha keyfiyyətli iş üçün təkan vermək və ən əsası, oxucu qazanmaq üçün əla fürsət idi.
Yarmarkadan razı qalanlar da oldu, onları heyrətləndirən hadisələri bölüşənlər də, şikayət edənlər də.
Məsələn, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xudiyev bildirdi ki, qurum olaraq sərgiyə 2 min kitab çıxarıblar. Amma ümumilikdə sərgi sönük keçib:
– Beynəlxalq kitab yarmarkası” adı daşıyan sərgi-yarmarkaları bir həftə davam etməlidir. Bizdə isə cəmi 2 gün sürdü. Bu, təşkil edilən yarmarkadakı gözlənilən nəticəni ala bilməməyin birinci səbəbidir. İkinci səbəb isə, bu tipli Beynəlxalq kitab yarmarkasının daha geniş formada təbliğ olunmaması idi. Bundan əlavə, yarmarka həftə arası günlərdə keçirildiyi üçün işləyən insanlar, tələbələr burada iştirak edə bilmədi. Onlar, demək olar ki, bu yarmarkadan xəbərsiz oldu.
Ötən yarmarkalara nisbətən bu dəfə oxucu baxımından təxminən 30 faiz geriləmə müşahidə olundu. Daha çox satılan kitabların hesabatını hələ tam çıxarmasaq da, oxucular ən çox tərcümə kitablarına üstünlük verirdi. Habelə, “Qanun” nəşrlər evi olaraq bu yarmarkaya dünyada otuz saniyədən bir kitabı satılan müəllifin – Yo Nezbonun 3 kitabını çıxardıq. Bu isə maraqla qarşılandı. Ümumilikdə, ötən kitab yarmarkalarına nisbətən bu dəfə təşkil edilən IV Beynəlxalq kitab sərgi yarmarkası zəif idi.
“Hədəf” nəşrlərinin direktoru Müşfiq Xanı da kitab bayramı qane etməyib:
– Oxucu aktivliyində təəccübləndirəcək heç nə olmadı. Biz daha yüksək nəticə gözləyirdik. Ən azından Avropa Oyunlarından sonra kənardan gələn qonaqların və ümumi aktivliyin artacağını güman edirdik. Bunu isə mətbuatın bu məsələyə laqeyd olması və lazımınca işıqlandırmaması ilə əlaqələndirirəm. Sərgidə elə yazıçılar var idi ki, yarmarkaya təsadüfən, kimdənsə eşidib gəlmişdi. İstər Frankfurt, istər Moskva sərgisi, istər “İstanbul fuarı” olsun, onların hər biri haqqında yerli qəzetlərdə bu məlumat üçün məxsusi səhifə ayrılır. Bizdə isə televiziya da bu məsələyə diqqət ayırmadı. Bircə Mədəniyyət Nazirliyinin ayın 16-ı buraxılışı oldu. Onu da necə nizamladılarsa, qəzetlər ayın 17-18-i paylandı.
Qeyd edək ki, sərgidə iştirak edən yerli nəşriyyatların, demək olar ki, hamısı 20-50% endirimlə kitabları satışa çıxarıblar.
Sərgidə universitetlər və onların kitabxanaları da təmsil olunub. Yarmarka iştirakçılarının təəssüratlarından aydın olub ki, təhsil ocaqlarımızın stendləri elə də ürəkaçan olmayıb.
Oxuculardan biri Şəhla Əliquliyevanın sərgi ilə bağlı təəssüratı belə olub:
– Bir ata-bala diqqətimi cəlb etdi və mən onlara heyran qaldım. Ata çox təmkinli, oxumuş adama oxşayırdı. Bala da ən uzağı 9-10 yaşında, professora oxşayan balaca oğlan idi. Hətta boynunda kəpənəyi də var idi. Əsl klassik professor imici. Uşaq rahatca öz seçimlərini edirdi. Ata müdaxilə etmirdi, arabir nə barədəsə fikrini deyirdi. Üstəlik, bu, bir azərbaycandilli ailə idi və kitabları da Azərbaycan dilində seçirdilər.
Məni ən çox təəccübləndirən təmsil olunan yerli çap evlərinin sayı oldu. Tanımadığımız, yaxud fərqinə varmadığımız çoxlu yerli çap evi var imiş.
Məlumat üçün deyək ki, “Qanun” nəşriyyatı Bakı Dövlət Universitetinin həyətində kitab sərgi-satışı keçirir. Kitablar Azərbaycan, rus və ingilis dillərində 20% endirimlə təklif olunur.
Bir ay davam edəcək sərgi-satış tələbələrə lazımi kitabın şəhərdə axtarışına vaxt sərf etmədən onu əlçatan qiymətə almaq imkanı yaradır.
Qeyd: Yazının hazırlanmasında azadlıq.org və axar.az saytlarına istinad olunub.
Nərmin Nöqtə