Bundeskanzlerin Angela Merkel und der aserbaidschanische Staatspräsident Ilham Alijew zu Beginn ihrer Pressekonferenz im Kanzleramt.

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə – Gürcüstan, Ermənistan və Azərbaycana səfəri bir çox şərh və rəylərə səbəb olmuşdur. Və ekspert ictimaiyyətini xüsusilə alman kanslerinin Azərbaycanda olarkən insan hüquqları mövzusuna etdiyi vurğu heyrətləndirmişdir.

Gözlənilirdi ki, Bakıdaki danışıqların əsas mövzusu iqtisadiyyat və energetika olacaq. Amma Angela Merkel səfər zamanı Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ilə görüşmüş və elə prezident İlham Əliyevlə görüşdə də məhz bu mövzuya toxunmuşdur.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Angela Merkelin danışıqları geniş formatda iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə keçirdi. Əliyev səfəri «tarixi» adlandırmış və əmin olduğunu bildirmişdir ki, o münasibətlərə yeni təkan verəcəkdir.

Merkel iqtisadi münasibətləri genişləndirmək imkanlarını qeyd edərək vurğuladı ki, «Azərbaycan bu bölgədə Almaniyanın ən iri ticarət tərəfdaşıdır». O, eyni zamanda hüquqmüdafiə mövzusuna da toxundu. «Biz yəqin, bəzi böhranlı məqamlara da toxunacağıq ki, bu da insan hüquqları və humanitar durumdur», — deyə Merkel əlavə etmişdir.

REAL (Respublikaçı alternativ) hərəkatının icra katibi Natiq Cəfərli Dalma Newsin suallarına cavab verərək, qeyd etdi ki, hər halda Angela Merkelin Azərbaycana səfərinin əsas leytmotivini iqtisadiyyat və enerji məsələləri təşkil edir. Söz Xəzər və Mərkəzi Asiya qazının Avropaya tranzitindən gedir.

«Amma təbii ki, səfər zamanı insan hüquqlarının vəziyyəti və vətəndaş cəmiyyəti ilə bağlı məsələlərdən də yan keçmək olmazdı ki, elə bu da baş verdi. Amma mövzuya geniş yanaşmaq lazımdır, — deyə Natiq Cəfərli qeyd edir. – İndi Azərbaycan və Avropa birliyi arasında tərəfdaşlığa dair saziş haqqında intensiv danışıqlar gedir, Almaniya isə Aİ-nin lokomotividir».

Ekspertin fikrincə, məhz bu baxımdan vətəndaş cəmiyyəti və insan haqları ilə bağlı məsələlər üzə çıxır.

Natiq Cəfərli

«Azərbaycan, çox güman ki, öz üzərinə qanunvericiliyin dəyişdirilməsi, məsələn, qeyri-hökumət təşkilatlarının işi ilə bağlı öhdəliklər götürsün. Son beş il ərzində QHT-nın iş şəraitinin sərtləşdirilməsinə yönəldilmiş bir çox dəyişikliklər edilmişdir.

Belə ki, danışıqlar zamanı bütün bu aspektlərə Azərbaycan və Avropa ittifaqı arasında gələcək sazişin kontekstində toxunulmuşdur. Bakı media və vətəndaş cəmiyyəti sahəsində vəziyyətin yaxşılaşdırılması üçün öz üzərinə öhdəliklər götürəcək ki, bu da çox yaxşıdır.

Gəlin xatırlayaq ki, Azərbaycan 2000-ci illərin əvvəllərində Avropa Şurasının üzvü olandan ölkə öz qanunvericiliyini yaxşılaşdırmışdı. Ancaq son illərdə isə əks tendensiya müşahidə edilir», — deyə REAL hərəkatının icraçı katibi bildirir.

Müsahibimizin fikrincə, Aİ ilə saziş bağlama işinin sürətləndirilməsi — bu Angela Merkelin Bakı səfəri gündəliyinin mühüm maddələrindən biri idi.

O ki qaldı, Angela Merkelin nümayəndə heyətinin tərkibinə daxil olan və Dağlıq Qarabağa səfərinə görə Azərbaycana gəlişinə qadağa qoyulan Bundestaq deputatı Albert Vaylerə, ekspert hesab edir ki, rəsmi Bakının qərarı Azərbaycan və Almaniya arasındaki münasibətlərə təsir etməyəcək.

«Qarabağa səfər etmək istəyənlər Azərbaycanın XİN-nə rəsmi məlumat verməlidirlər. Lakin buna əməl olunmamışdır. Almaniya tərəfi Albert Vaylerin Azərbaycana gəlişinə qoyulan qadağaya anlaşıqla yanaşmışdır»,— deyə Natiq Cəfərli bildirmişdir.

Öz növbəsində, Azərbaycanın Hüquq müdafiə mərkəzinin direktoru Eldar Zeynalov Dalma Newsin suallarını cavablandırarkən qeyd edib ki, Almaniya kanslerinin səfərinin gündəliyində insan hüquqları ikinci və hətta üçüncü yerdə idi.

«Bu, AFR-in Azərbaycandakı iqtisadi mövqelərini möhkəmlətmək məqsədi daşıyan işgüzar səfər idi. Angela Merkeli xüsusi olaraq başqa heç bir şey maraqlandırmırdı. Hərçənd, o özü xatırlatdı ki, alman köçkünlərinin Azərbaycanda məskunlaşmalarının 200 ili tamam olmaqdadır. Bununla belə, o, alman kilsəsi və məskənlərini görməyə getmədi », —deyə Eldar Zeynalov bildirir.

Eldar Zeynalov

«Ən başlıcası – iqtisadiyyatdır. Və AFR dövlət başçısı Azərbaycan iqtisadiyyatını müsbət qiymətləndirmişdir. Görünür, Angela Merkeldə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı müsbət dəyişiklik və irəliləyişlər olmasına dair təəssürat yaranmışdı. Bu barədə həqiqətən çox danışırlar, ancaq bu, o qədər də nəzərə çarpmır».

Müsahibimizin sözlərinə görə, Angela Merkel üçün — Azərbaycan – qaz balonudur: «Və ən başlıcası odur ki, o, partlamasın».

Bəs nə üçün Almaniya kanslerinin səfəri zamanı Azərbaycanda insan hüquqları haqqında Gürcüstan və Ermənistanda olduğundan daha çox danışılmışdır? Eldar Zeynalov qeyd edir ki, hər şey mövzuların müxtəlifliyindən irəli gəlir.

«Gürcüləri Cənubi Osetiya və Abxaziya ilə problemlərin həllinə Almaniyanın təsiri maraqlandırırdı. Rusiya əsgərlərinə baxmaq üçün Angela Merkelə hətta durbin də vermişlər. Ermənistanda Qarabağdan söz açmışlar, Angela Merkel bildirib ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür və hər necə olsa, sülh danışıqları yolu ilə münaqişənin həllinə təsir göstərib kömək edə bilər. Almanların nə kimi planı var – məlum deyil. Həm də axı, AFR ATƏT-in Minsk qrupunun həmsədri deyil», — deyə Eldar Zeynalov vurğulamışdır.

Azərbaycanda isə Angela Merkel insan hüquqları məsələsinə toxundu: «Hakimiyyət nümayəndələri ilə də bəzi fərdi işlər üzrə söhbət oldu. Amma əgər bir çox işlər iqtisadiyyata mane olursa, problem iqtisadiyyat və gəlirin xeyrinə həll olunur».

Eldar Zeynalovun xatırlatdığı kimi, Avropa məhkəməsinin (AİHM) haqqında azad edilməsinə qərar verdiji məhbus İlqar Məmmədov əhvalatı var. Onu azadlığa buraxdılar. «Mən düşünmürəm ki, bu, xüsusi olaraq xanım Merkelin səfəri münasibətilə görülmüş tədbir idi. Amma, yəqin Qərbdə xoş niyyət, xoşməramlılıq əlaməti kimi qəbul olunmuşdu. Hərçənd, AİHM tərəfindən nəsə bir ultimatum olmuşdu».

İlqar Məmmədov

Eldar Zeynalov eyni zamanda çox mühüm bir məqama diqqət yetirir: Azərbaycanda siyasi məhbusların çox olduğu haqda təsəvvür yaratmaq üçün siyahıya islamçıları daxil etmişlər. Almaniya isə bu qəbildən olan məhbuslara çox sərt münasibət bəsləyir.

«Məhz Almaniya ilk dəfə olaraq islamçıların siyasi məhbus sayıla bilməzliyinə dair məsələ qaldırmışdır. Bir neçə il əvvəl Avropa məhkəməsi «Hizb əl ut-Təhrir»in AFR-na qarşı işi üzrə qərar qəbul etmişdi. «Bayağı» dəlillərdən istifadə olunmuş, guya islamçı HƏLƏ heç kəsi öldürməmişsə,onu sıxışdırmaq heç lazım da deyil. Almaniya isə,yeri gəlmişkən, elə Rusiya kimi, «Hizb əl ut-Təhrir»in fəaliyyətinə qadağa qoymuşdu.

Avropa insan hüquqları məhkəməsi Berlinin tərəfinə keçdi. İndi isə Azərbaycan. Bizim «siyasi məhbus» siyahılarındaki adamlar Gəncədə iki polkovniki qətlə yetirən, bu şəhərin icra başçısına sui-qəsd hazırlayan insanların mənsub olduğu təşkilatın üzvləridir. Onlar ortaq və Bakının Nardaran qəsəbəsində altı qurbana səbəb olmuş atışmanın iştirakçılarıdır. Bax, elə bu adamları siyahıya daxil edib Angela Merkelə verirlər.

Deyirlər, Azərbaycanda 160 siyasi məhbus var. Siyahıdakilərin yüzdən çoxunun islamçı radikallardan ibarət olması barədə isə sadəcə olaraq susurlar», — deyə Eldar Zeynalov hiddətlənir.

«Onların əsas məqsədi – dünyəvi dövlət modelini şəriət dövləti ilə əvəz etməkdir: Və axı onlar bunu gizlətmirlər. Başqa sözlə, Azərbaycan «siyasi məhbuslarının» bu siyahısı Angela Merkeli çətin ki dərindən həyəcanlandırıb məyus edə», —deyə o əlavə etmişdir. «Cənubi Qafqaz»

Politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Dalma Newslə söhbətində qeyd edib ki, Angela Merkelin Bakı səfəri zamanı insan hüquqları və iqtisadiyyat məsələləri təxminən bərabər bölüşdürülmüşdür, amma hər halda yenə iqtisadiyyat təmayülü ilə.

İlqar Vəlizadə

«Angela Merkelin səfəri göstərdi ki, Almaniyanın Azərbaycana münasibətindəki aksentləri dəyişməmişdir. Biz gördük ki, AFR- nın prioritetləri əvvəlkitək iqtisadiyyat və siyasətlə bağlıdır.

Almaniya kanslerinin səfəri ərəfəsində çoxlu fərziyyələr vardı ki, AFR alternativ enerji mənbələri, ilk növbədə qaz tapmaq məqsədilə səfər edir. Söz «Cənub qaz dəhlizi» və onun Almaniyayadək uzadılma imkanlarından gedirdi.

Angela Merkelin nümayəndə heyətində çoxlu iqtisadi ekspertlər və iş adamlarının iştirakı diqqəti özünə cəlb etmişdir.

Bu gün demək olar ki, AFR Bakı ilə dialoq qurur. Yeri gəlmişkən, ola bilər ki, İlqar Məmmədovun həbsxanadan Angela Merkelin Azərbaycana səfəri ərəfəsində azad edilməsi Bakıda danışıqların atmosferinin yaxşılaşmasına müsbət təsir göstərmişdir», — deyə müsahibimiz bildirdi.

 

Мəmməd Мəmmədzadə