Azər Nəsibov — «Səs. Uşaqlar»(«Голос. Дети») şousu ilə milyonlarla televiziya tamaşaçısının yaddaşında qalan istedadlı gənc artistdir. O, Leninqrad vilayətində yerləşən kiçik Syasstroy şəhərində dünyaya göz açsa da, qəlbən həmişə Azərbaycandadır. Bu gün yeniyetmə Moskvada Dövlət Estrada və caz incəsənəti musiqi məktəbində təhsil alır, böyük səhnədə çıxış edir, konsertlərlə şəhərlərə gedir, kliplər çəkir və Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təqdim etmək arzusundadır.

— Azər, indi nə ilə məşğul olursunuz?

— Mən xeyli böyümüşəm və artıq uşaq deyiləm. Mənim 18 yaşım var, qarşıma məqsədlər qoyur, planlar qurur və onları həyata keçirmə yolu ilə gedirəm. Eyni zamanda mahnılar yazıram, bəzən isə onları məxsusi olaraq mənim üçün yazırlar, bir sözlə, mən bütövlüklə yaradıcılıq prosesinə qərq olmuşam. Mən dəqiq bilirəm ki, musiqi ilə məşğul olmaq istəyirəm və gələcəkdə özümü ancaq bu peşədə təsəvvür edib görürəm. Bu yaxınlarda «The Dream» mahnısına ilk klipimi buraxmışam.

— «Qolos. Dеti»dən sonra oxşar, lakin böyüklərin layihəsində iştirak etməyi nəzərdə tutmamışsınızmı?

—Düzünü desəm, mən bu barədə düşünmürdüm. Mənim üçün layihə keçilmiş yoldur. Mən yeni zirvələri fəth etməyə çalışıram. Mən bu gün müstəqil artist kimi realizə olunmaq istəyirəm. Amma musiqi layihələrinə gəlincə, istisna etmirəm ki, gələcəkdə ancaq xarici layihələr olmaq şərtilə mən belə layihələrdə iştirak edəcəyəm. Məsələn, Böyük britaniyada, ABŞ –da…

— Bəs böyüklərin «Səs»i uşaqlarınkindən nə ilə fərqlənir?

— Bilirsiniz, zənnimcə, çox az şeylə fərqlənir. Onlar, xüsusilə mənəvi cəhətdən eyni dərəcədə mürəkkəbdirlər. Bəli, bəlkə də böyüklərdən daha yüksək səviyyədə ifa tələb olunur. Hərçənd, düzünə qalsa, bir çox böyüklərdən pis oxumayan, bəlkə də daha yaxşı oxuyan uşaqlar var. Ancaq ədalət naminə, layihə — özlərini və öz bacarıqlarını göstərmək istəyən gənclər üçün bir növ tramplindir.

— Bu mənada siz haqlısınız və onlardan biri də elə sizsiniz…

— Çox sağ olun. Mən daim öz üzərimdə işləməyə çalışıram. Mən hesab edirəm ki, artist səhnədə nəinki yaxşı oxumağı, yaxud da hərəkət etməyi bacarmalıdır, həm də onun səhnədə necə görünməsi də çox vacibdir və o özünü düzgün təqdim etməyi bacarmalıdır. Mən məhz bütün bu bəndlər üzərində işləyirəm. Bunu böyük səhnə tələb edir, mən isə, yaradıcılığımın bütün dünyada tanınmasını çox istəyirəm. Azərbaycanı Eurovision Mahnı Müsabiqəsində təmsil etməyi çox arzulayıram.

— Doğurdanmı?

– Mən bunu son iki il ərzində dəlicəsinə arzulayıram! Düşünürəm ki, bu beynəlxalq və nüfuzlu müsabiqədə Azərbaycanı layiqincə təmsil edə bilərdim. Mən məhz ingilis dilində oxumağı çox sevirəm, daim Eurovisionun özünəməxsus xarakter və spesifikasını öyrənirəm və düşünürəm ki,öhdəsindən gələ bilərdim . Mən hansı yeri tutacağım barədə düşünmək istəmirəm, amma əminəm ki, ləyaqətlə çıxış edərdim.

— Bir halda ki, siz ingilis dilində çox tez-tez oxuyursunuz, deməli, xarici estradanı dinləməyə üstünlük verirsiniz?

Zayn, Arian Qrande, Maykl Ceksonu«Scorpions» qrupunu dinləməyi çox sevirəm.

— Avroviziya ilə maraqlandığınız üçün yəqin ki, bu müsabiqədə sizin favoritləriniz də var. Siz ötən illərdə Azərbaycan nümayəndələrindən hansını ayırıb fərqləndirərdiniz?

— Mən özüm üçün 2013-cü ildə Azərbaycanı müsabiqədə «Hold Me» mahnısı ilə təmsil edən və ikinci yeri tutan Fərid Məmmədovu ayırıb seçmişəm. 2011-ci ildə «Running Scared» mahnısı ilə Eurovision Mahnı Müsabiqəsində Azərbaycana qələbə gətirən Ell&Nikki qar kimi bəyaz cütlüyü çox sevirəm. Bunlar mənim favoritlərimdir, səs, ifa və əlbəttə ki, nömrəni çox sevirəm. Onlar tamaşaçılarda emosiya yarada biliblər ki, bu da asan iş deyil.

Ümumiyyətlə, deyə bilərəm ki, Azərbaycan hər il çox istedadlı ifaçılar göndərir, mən onların yaradıcılığına hörmət edirəm. Çünki, belə bir səhnədə çıxış etmək və öz ölkəni ləyaqətlə təmsil etmək asan iş deyil. Onlar isə bunun öhdəsindən həmişə gəlmişlər! Və bu, artıq qələbədir, odur ki, onlara hörmət etmək lazımdır!

— Bu il Azərbaycanı təmsil edəcək Çingiz Mustafayevin ifasını necə qiymətləndirirsiniz?

— O, çox istedadlı gəncdir. Mənim kimi, o da «Səs» layihəsindən keçmişdir, ancaq yaşca böyükdür. Onu o vaxtlardan xatırlayıram, o, tərifəlayiqdir. Bildiyimə görə, o, Azərbaycanda populyardır, ona görə də ona uğurlar və müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, o, ölkəmizi Eurovision mahnı müsabiqəsində layiqincə təmsil edə biləcək.

— Bəs bu il sizin favoritiniz kimdir?

— Bu il mənim favoritim Niderland təmsilçisi Dunkan Laurensa – Arcadedir.

 

Fəridə Мəmmədоvа