Azərbaycanın turizm bazarı turoperatorların ümidlərini doğrultdu — bu ilin yanvar-noyabr aylarında dünyanın 190 ölkəsindən buraya gələn xarici vətəndaşların sayı ötən illə müqayisədə 11,1 faiz artaraq, üç milyon nəfərə çatmışdır. İlk beşliyə Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanından olan turistlər daxil olub.

Əcnəbilər Azərbaycana qastronomik, sağlamlaşma, ekoloji, ovçuluq , qış, dərketmə və işgüzar turizm ardınca gəlirlər. Xaricilər arasında aparılan sorğuya görə, onların təxminən 55% – i “hər şey daxildir” paketindən, 22% – i yalnız nəqliyyat və yerləşmə, 12% – dən çoxu isə nəqliyyat və qidalanma paketindən istifadə etmişdir. Bakı ən çox tələb olunan Azərbaycan şəhəri olaraq qalır. Bölgələr arasında turistlər Qəbələ, Şəki, Quba və Qusara səfər etməyi üstün tutublar.

Yola saldığımız ildə nüfuzlu nəşr və turizm şirkətlərinin versiyasına görə, Bakı və regional turizm mərkəzləri MDB-nin ən yaxşı k urort reytinqlərinin ilk sıralarını tutmuşdur. Məsələn, Turizm analitik agentliyinin reytinqində Azərbaycan ekskursiya turizminin ən yaxşı turizm istiqamətləri üçlüyünə daxil olmuşdur.

«2019-cu ildə turizm sahəsində irimiqyaslı işlər görülmüşdür. Sahənin təkmilləşdirilməsinə və inkişafına həsr olunmuş çoxsaylı sərgilər, forumlar, seminarlar, infoturlar təşkil edilmişdir. Bu Assosiasiyanın əsas funksiyası turizm agentliklərinin vahid platformasının formalaşdırılması, turizm məhsullarının və göstərilən turizm xidmətlərinin keyfiyyətinin artırılmasıdır”, – deyə Dalma News ilə söhbətində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirmişdir. 

Daha bir mühüm məqam Azərbaycan Turizm Bürosu tərəfindən mehmanxanaların ulduzların sayına uyğunluğunu qiymətləndirmək hüququnun verilməsi oldu. Ekspertlər əmindirlər ki, «ulduzların » sertifikatlaşdırılması və verilməsi otel biznesinin, qonaqpərvərlik industriyasının inkişafına əlavə təkan verəcək və turistlərə xidmət səviyyəsini yüksəldəcək.

Müzəffər Ağakərimov

Bundan başqa, cari ilin aprel ayında 18-ci Azərbaycan Beynəlxalq «Turizm və Səyahətlər» sərgisi (“AITF 2019”) keçirilmişdir. Ənənəvi olaraq, sərgi öz meydançasında müxtəlif ölkələrdən turizm bazarının nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirmişdir.

«Azərbaycan Turizm Assosiasiyası tərəfindən ekskursiya rəhbərləri qrupu hazırlanmış, bir sıra ölkələrlə əməkdaşlıq haqqında memorandum imzalanmışdır, o cümlədən Çin, Rusiya, Özbəkistan və s.həmçinin regional sahibkarlarla görüşlər keçirilmiş, turizm sahəsində biznesin aparılması və keyfiyyətinin artırılması imkanlarını izah etmişlər. Bizim məlumatlara görə, 2020-ci ildə artım templəri çoxalmaqda davam edəcək. Xüsusilə də MDB, Çin, Hindistan, Yaxın Şərq, Avropa və s. ölkələrdən turistlərin sayı artacaq. Bununla yanaşı, rusiyalı turistlər Azərbaycanda istirahət edən qonaqların sayına görə liderlərdən biri olaraq qalacaqlar» – deyə Müzəffər Ağakərimov qeyd etmişdir.

Qeyd edək ki, 2019 – cu ildən etibarən Çindən turist axını kəskin şəkildə artıb — 11 ay ərzində ölkədə 25 minə yaxın çinli turist olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur. Azərbaycan Turizm Bürosu Çinin iki böyük onlayn platforması – “Ctrip” və “Qyer” ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb ki, bu da həm Çin bazarına, həm də Çindən turist axınının artırılmasına yönəlmiş turizm məhsullarının hazırlanmasına gətirib çıxaracaq.

Bundan əlavə, İndoneziyadan Azərbaycana gələnlərin sayı ildən-ilə artır. “Bu il Azərbaycana 6 min indoneziyalı gəlib, halbuki, ötən il bu rəqəm 4 min nəfər təşkil edib. Çünki birbaşa reyslər yoxdur, indoneziyalılar Azərbaycana əsasən Türkiyə və Rusiya vasitəsilə gəlirlər”,- deyə İndoneziyanın Azərbaycandakı səfiri bildirib. Hazırda ölkələr arasında birbaşa hava əlaqəsinin işə salınması imkanı nəzərdən keçirilir.

«Turist axınının artım tempi ilə paralel olaraq, xidmətlər çeşidini genişləndirməyə və inkişaf etməmiş istiqamətləri, məsələn, kruiz və dəmir yol turizminini inkişaf etdirməyə ehtiyac var. Qış turizm növünə gəldikdə isə, artıq indidən aydın olur ki, mövsüm səmərəli olacaq. Lakin bu sahədə rəqabət mühiti yaradılmayıb. Şahdağ dağ-xizək kurortu qış istirahəti üçün ən böyük, tələb olunan və bahalı yer olaraq qalır. Kurort ərazisində , xüsusilə dekabrda bayram şənlikləri və korporativ bayramlar mövsümündə heç də hamının tam istirahət etmək imkanı yoxdur. Orta qiymət siyasətinə yalnız rəqabət mühitinin sərtləşdirilməsi yolu ilə nail olmaq mümkündür. Bunun üçün məsələn, Zaqatala, Qax rayonlarında yeni qış marşrutları və kurort kompleksləri açılmalıdır», — deyə Müzəffər Ağakərimov vurğulayıb.

Şahdağ dağ-xizək kurortu

Bununla yanaşı, ekspert qeyd edib ki, xidmətin keyfiyyəti hələ də istehlakçıların tələbatını təmin etmir. Xüsusilə, bu məsələ ölkənin regional turizm mərkəzlərində daha kəskindir.

«Əgər Bakıda daha uğurlu və önəmli mənzərə yaranırsa, ölkənin regionlarında bu aspektdə hər şey çox kədərlidir. Əgər istənilən Avropa ölkəsini nümunə götürsək, görərik ki, servis səviyyəsi həm paytaxtda, həm də kiçik şəhərlərdə eyni dərəcədə yaxşıdır. Azərbaycan servis xidmətlərini bütün ölkə üzrə qaldırmalı və eyni səviyyəyə çatdırmalıdır », – deyə Ağakərimov bildirib.

Dövlət dotasiyalarına gəlincə isə, bu il Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın inkişaf fondunun xətti ilə turizm sektoruna 9 mln. manat (5 mln. dollardan çox — Red) güzəştli kreditlər verilib. Ümumilikdə, fond sahə üzrə 53 mln. manat (31 mln.dollardan çox — Red.) kredit təqdim edib ki, bu da 4 800-dən çox yeni iş yerinin yaradılması deməkdir.

Bununla yanaşı, dekabrın 11-də Azərbaycana üç milyonluq turist gəlmişdir. Məlumata görə, Türkiyə vətəndaşı Seda Ünlü Bakıya Ankara reysilə uçmuşdur. Dövlət Sərhəd Xidməti qonağı gül dəstəsi ilə qarşılamışdır.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycana 2,8 mln.turist gəlib ki, onlar il ərzində respublika ərazisində iki mlrd. dollardan çox vəsait xərcləmişlər.

2020-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə turist axınının 3,5 mln.nəfərədək artacağına ümid edir.

Öz növbəsində, Turizm üzrə Azərbaycan Dövlət agentliyi gələn il Bakıda əcnəbilərə bir sıra xidmətlər göstərən və qaynar xəttə malik olan Yardım və dəstək mərkəzinin istifadəyə veriləcəyini vəd edir.

 

Leyla Əlizadə