David-Qareci monastır kompleksi ətrafındaki vəziyyət Azərbaycan-Gürcüstan münasibətlərinə necə təsir göstərəcək? Bakı bu məsələdə Tbilisiyə güzəştə gedə bilərmi? David-Qareci ətrafında münaqişə Azərbaycan-Gürcüstan sərhəddinin son demarkasiya prosesinə necə təsir edəcək?

Dalma News müxbirinin bu və digər suallarını Azərbaycan politoloqları İlqar VəlizadəTofiq Abbasov cavablandırmışlar.

Siz David-Qareci ətrafındakı durumu necə qiymətləndirirsiniz? Vəziyyətin məhz indi gərginləşməsi nə ilə bağlıdır?

İ.V.: Komplekslə əlaqədar vəziyyətin hazırkı gərginləşməsi bir sıra siyasətçilərin Gürcüstan prezidenti Salome Zurabişvilinin sərhədlərin demarkasiyasını sürətləndirməyə sövq edən bəyanatlarından uzaqlaşdıran bəyanatlarının mövzusu ilə bağlıdır. Həmin bəyanatlardan ruhlanan Gürcüstanın bir sıra siyasi xadimləri bu mövzunu, özü də Azərbaycan tərəfinə və Azərbaycan xalqına qarşı iddia ilə fəal surətdə şişirtməyə başlamışlar ki, bu da Azərbaycan ictimaiyyətinin cavab reaksiyasına səbəb olmuşdur. Əfsuslar olsun ki, diskussiyalar normal müzakirə müstəvisindən çıxaraq, bir sıra hallarda ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsinə qətiyyən uyğun gəlməyən, yetərincə xoşagəlməz faktlara dönmüşlər

Т.А.: Bu məsələyə sakit ruh və soyuqqaniıqla yanaşmaq lazımdır, çünki Cənubi Qafqaz regionunda ərazi iddiaları səbəbindən artıq kifayət qədər qaynar nöqtələr var. Və indi üstəlik müəyyən dairələrin etdiyi kimi, Azərbaycan-Gürcüstan münasibətlərini də millətlərarası fonda kəskinləşdirməyə dəyməz. Hazırda biz müşahidə edirik ki, bəzi qüvvələr daha bir münaqişə yaratmağa çalışırlar. Hətta bunun üçün heç bir səbəb olmamasına baxmayaraq, burada da dinlərarası aspektə üstünlük verilir. Bir sıra gürcü ictimaiyyətçiləri açıq təxribata üz tuturlar. Kompleksin ümumi ərazisi həm Gürcüstan, həm də Azərbaycan tərəfində yerləşir, odur ki, sərhəd problemi barədə səs-küy və çığır-bağırla, etiraz aksiyaları formasında danışmaq düzgün deyil. Bu, Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna əsla uyğun gəlmir. Digər tərəfdən, ölkələr strateji tərəfdaşlığı inkişaf etdirir və mənə elə gəlir ki, Salome Zurabişvili hakimiyyətə gələndən sonra bu məsələ iti bucaq altında durur. Əvvəllər belə açıq nümayişlərə rəğbət və ehtiyac yox idi. Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyənin strateji tərəfdaşlığı var, o isə elə bəyanatlar verirdi ki, onlar bu dövlətlərin arasına nifaq sala bilərdi.

İlqar Vəlizadə

Bütün bunların fonunda Azərbaycan və Gürcüstan sərhədlərin demarkasiyası prosesini uğurla başa çatdıra biləcəklərmi?

İ.V.: Bu, Gürcüstan ilə Azərbaycan arasında bir növ – təbii sədd, maneə kimi çıxış edən dağlıq ərazidir.Vaxtilə Azərbaycan və Gürcüstan SSR arasındakı sərhəd bu baryerə əsasən müəyyənləşdirilirdi. 1938-ci ilin xəritələri , 1942-ci ilin daha dəqiqləşdirilmiş xəritəsi, həmçinin, bu ərazilərin Аzərbaycan əraziləri kimi göstərildiyi 1963-cü il xəritəsi olmuşdur. Bu xəritələr artıq müstəqil ölkələr arasındaki danışıqlar prosesində əsas kimi götürülmüşdür. Həmin xəritələrdə aydın göstərilir ki, bu kompleksin bir hissəsi Azərbaycan ərazisində yerləşir. Kompleksin böyük hissəsi Gürcüstan ərazisində və əhəmiyyətsiz hissəsi Azərbaycan ərazisindədir. Sadəcə olaraq, dini obyektlər Azərbaycan tərəfdə yerləşir və bunlar gürcü ruhaniçiliyi və ictimaiyyətinə məxsusdur. Biz bütün bu məqamları nəzərə alaraq, bir müstəsna hal kimi Gürcüstan tərəfinə imkan veririk ki, bu yerlərə sərbəst gəlib-getsinlər. Burada söhbət xüsusi qanunların qüvvədə olduğu sərhəd ərazilərindən gedir, lakin hətta belə olan halda Azərbaycan tərəfi xoş məram əlaməti olaraq bu obyektlərə baş çəkilməsinə şərait yaradır. Güman edirəm ki, demarkasiya məsələsi həll olunanda diplomatlar bu məsələnin də həllini tapacaqlar.

Т.А.: Bu, birgə səviyyədə aparılan çox ciddi prosesdir. Əgər arzu və istək varsa, bu, ikitərəfli, yəni qarşılıqlı əhval-ruhiyyə ilə olmalıdır. Hər iki dövlətin sərhəd xidmətlərinin rəhbərləri artıq görüşlər keçirmiş və təmas qurmuşlar. İnanmaq istəyirəm ki, bütün bunlar tezliklə həll ediləcək.

Bakı David-Qareci məsələsində Tbilisiyə güzəştə gedib, kompleksin bütün ərazisini Gürcüstana verə bilərmi?

İ.V.: Heç kəs heç kimə heç bir ərazi vermək niyyətində deyil və əslində heç sual da bu tərzdə qoyulmur. Lap əvvəldən demək lazım idi ki, burada danışıqlar prosesinin özünü bir qədər təhrif olunmuş şəkildə təqdim edən KİV-lərin böyük rolu olmuşdur.

Xüsusilə, bu mövzuda söhbət gedərkən, tutalım, «sərhədin mübahisəli sahələri» kimi anlaşılmaz ifadələr olur. Halbuki, Gürcüstanla Azərbaycan arasında heç bir mübahisəli məntəqə yoxdur. Sərhədin bölünməmiş sahələri var ki, bu isə eyni şey deyil. Bu monastırın bir hissəsi bizə məxsusdur və Gürcüstan Azərbaycanın həmin ərazilərə malik olmaq hüququna etiraz etmir. Lap əvvəldən qeyd etmək lazımdır ki, söhbət Azərbaycan-Gürcüstan sərhədi boyunca yerləşən abidələr ansamblından gedir.

Т.А.: Dövlətin özü və bilavasitə həmin regionun ərazilərində yaşayan sakinlərdən başqa bizim heç birimiz bu suala cavab verə bilmərik. Sərhədyanı məsələləri məntiqə uyğun olaraq həll etmək lazımdır. İmkan vermək olmaz ki, bu məsələ başqa səviyyəyə keçsin, yəni münaqişəli vəziyyət yaratsın. Bir halda ki, Gürcüstanda təxminən yarım milyon azərbaycanlı yaşayır, indi onlardan sərhədlərin dəyişdirilməsini tələb etməlidirlər? Azərbaycanlılar Gürcüstanda gəlmə deyil,onlar Gürcüstanın avtoxton xalqıdır. Eyni sözləri Qax rayonunda yaşayan gürcülər haqqında da demək olar, onlar da avtoxton xalqdır. Əgər bu kompleksin bir hissəsi Azərbaycan ərazisində yerləşirsə, bu o demək deyil ki, o, boşaldılmalıdır. Burada, əlbəttə, əsas götürülmüş səbəblər ola bilər, amma bu, Gürcüstan monastırıdır və burada ikinci fikir ola bilməz , mən hesab edirəm ki, bu, düzgün deyil. Həmin kilsələr pis vəziyyətdə olsaydı, bu başqa bir məsələ olardı … Amma Azərbaycan hökuməti bu abidələrin yaxşı vəziyyətdə olması üçün əlindən gələni edir. Azərbaycan tərəfi gürcü rahibləri və möminlərinin bu kompleksə gəlməsinin əleyhinə deyil, lakin bu məsələni farsa çevirmək və orada gürcü yurisdiksiyası olmasına iddia etmək düzgün olmazdı.

Tofiq Abbasov

David-Qareci və sərhədlərin demarkasiyası ətrafında vəziyyət Gürcüstanla Azərbaycan arasındakı münasibətlərə necə təsir göstərəcək?

İ.V.: Əlbəttə ki, bütün bu söhbətlərin fonu ölkələr arasındakı münasibətlərə çox pis təsir göstərir. Ancaq xoşbəxtlikdən həm Gürcüstanda, həm də Azərbaycanda elə adamlar var ki, onlar bu məsələni siyasiləşdirməməyə çağırırlar. Düşünürəm ki, ayrı-ayrı şəxslərin dedikləri istisna olmaqla, hər iki ölkənin siyasətçiləri də bu məsələyə təmkinlə yanaşırlar.Zənnimcə, bu münasibətlərdə xoşagəlməz epizod olacaq, bununla belə, məncə onlar keçmişdə qalacaq.Tərəflər maraqlarda fikir ayrılıqlarını aradan qaldıracaq və bu məsələ öz həllini tapacaqdır.

Т.А.: Mən bunda yaxşı heç nə görmürəm. Gürcüstanın və Azərbaycanın geniş sosial-iqtisadi layihələri vardır. Azərbaycan Gürcüstanda böyük investorlardan biridir, ona görə də belə məsələlər münasibətləri çox korlaya bilər. Düşünürəm ki, gürcü siyasətçilərinin bəzi şəxslərin təxribatçı bəyanatları naminə bu münasibətləri riskə qoyması lazım deyil. İkitərəfli münasibətlərin siyasi gələcəyinə gəldikdə, siyasətçilər dilemmaların ortaya çıxmasına yol verməməlidirlər. Məhz bu məsələdə Gürcüstanın siyasi elitasının üzərinə böyük məsuliyyət düşür.

Monastır kompleksinin mənsubiyyət problemi Gürcüstanda antiazərbaycan əhval-ruhiyyəsinin artmasına səbəb ola bilərmi və bu məsələ respublikada Azərbaycan icmasının vəziyyətinə necə təsir göstərər?

İ.V.: Hələlik virtual böhran fonunda Gürcüstan və Azərbaycanda millətlərarası əhval-ruhiyyənin kəskinləşməsinə qətiyyən yol vermək olmaz, çünki reallıqda hələ ki heç bir problem yoxdur. Əslində, Qareci ətrafında vəziyyət dəyişməyib. Ola bilsin ki, demarkasiya məsələsi müəyyən problemlər və fikir ayrılıqları yaradacaq, lakin bu, təbii prosesdir. Hazırki halda həm Gürcüstan, həm də Azərbaycanda bu vəziyyəti geniş ictimaiyyətə izah etmək lazımdır. Güman edirəm ki, millətçi fikirlərə çağırışlar olarsa, hüquq-mühafizə orqanları buna reaksiya verəcəklər. Millətlərarası ədavətə çağıran insanları cəmiyyətdən təcrid etmək lazımdır. Onların yeri təcridxanalardır.

Т.А.: Gürcüstanda, xüsusən bu ölkənin siyasətçiləri nə isə danışanda antiazərbaycançılıq zaman-zaman üzə çıxır. Bir sıra siyasətçilər var ki, azərbaycanlıları deportasiya etmək lazım olduğunu deyırlər. Ancaq bu, onlarda baş tutub alınmayacaq. Çünki onlar həm Gürcüstan vətəndaşlarıdır, həm də bu ərazilərin əzəli sakinləridirlər. Onlar Qamsaxurdiyanın başına nə gəldiyini yaxşı bilirlər, odur ki, onun şüarlarını qaldırmaq lazım deyil. Bu oyunu əsl siyasətçilər deyil, strateji təfəkkürü və siyasi təcrübəsi olmayan dayaz siyasətçilər gerçəkləşdirmək istəyirlər ki, onlar zülmət və avamlıq sayəsində daha ucuz xal toplamağa cəhd göstərməkdən başqa bir şeyə qadir deyillər.