Kür çayının ekoloji vəziyyəti ilə bağlı son günlərdə tez-tez reydlər aparılır. Məlum olur ki, çayın həm Gürcüstan, həm də Azərbaycan hissəsinə həddən artıq məişət və sənaye tullantıları tökülür.
Problemlər çoxdur, qısa zamanda uğurlu nəticə üçün isə birgə iş qaçılmazdır. Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan və Gürcüstan arasında Kür çayının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı saziş imzalanacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Trend-ə müsahibəsində deyib.
Direktor müavini hesab edir ki, sənədin imzalanmasından sonra Kür çayının ekoloji vəziyyətində xeyli irəliləyiş olacaq.
Nazirlik rəsmisi qeyd edib ki, 10 ildir ki, Azərbaycan Avropa Şurasının “Transsərhəd su axınları” adlı Avropa Konvensiyasına qoşulub və qurum 4 ildən bir suyun keyfiyyətinin qiymətləndirilməsi üçün hesabatlar hazırlayır.
Onun sözlərinə görə, beynəlxalq hesabatlarda Kür və Araz çaylarının güclü çirklənməyə məruz qaldığı qeyd olunur.