Son il yarım ərzində mütəmadi olaraq qiymətdən düşən Gürcüstan milli valyutası — lari birdən-birə möhkəmlənmə dinamikası nümayiş etdirmiş, onun ABŞ dollarına nisbətdə məzənnəsi isə qalxmışdır. Buna baxmayaraq, məhsulların qiyməti günbəgün deyil, saatbasaat artmaqda davam edir. Bu cür sağlamlaşdırılmanın səbəbləri haqqında danışan hökumət üzvləri qeyd edirlər ki, Gürcüstan iqtisadiyyatında müsbət dinamika müşahidə olunur. Onlar həmçinin əmin edirlər ki, bu gün aparılan islahatların səmərəsi az gözə çarpır, lakin nəticə özünü uzun müddət gözlətməyəcək. O ki qaldı milli valyutanın möhkəmləndirilməsinə, ekspertlər belə fikirdədirlər ki, bu prosesə xarici turistlərin sayının nəzərəçarpan dərəcədə çoxalması və xaricdən pul köçürmələrinin artması təsir göstərmişdir.
Bununla yanaşı, Amerikanın “İrs fondu” (The Heritage Foundation) tədqiqat mərkəzinin məlumatına görə, Gürcüstan keçən illə müqayisədə bir yer aşağı düşərək 2016-cı ilin İqtisadi azadlıq indeksində (72,6 xalla) 23-cü mövqei tutmuşdur. Qeyd edək ki, “İrs fondu” və məşhur Amerika qəzeti “The Wall Street Journal” əvvəllər özlərinin növbəti illik reytinqini (2016-cı ilin İqtisadi azadlıq indeksini) dərc etmişlər ki, onun tərtibi zamanı 178 dövlətlin göstəriciləri nəzərə alınmışdır.
Dalma Newsin müxbiri Gürcüstan iqtisadiyyatı ilə bağlı bir çox mühüm məsələlərə cavab almaq üçün iqtisadiyyat məsələləri üzrə ekspert Demur Qiorxelidzeyə müraciət etmişdir.
Cənab Demur, larinin məzənnəsi demək olar ki, sabitləşmişdir, intəhası, məhsullraın qiyməti qalxmaqda davam edir. Sizcə nəyə görə?
Zənnimcə, enmə çox sürətli və qeyri-doğrulducu olduğu kimi, larinin məzənnəsinin bariz möhkəmlənmə tendensiyası da bir o qədər müəmmalıdır.Əgər hər şey belə idealdırsa, onda nə üçün lari dollarla bərabərləşməsin? Gürcüstanın iqtisadi vəziyyətini katastrofik adlandırmaq olar. Professional baxımdan bizə az-çox ədalətli səviyyədə qala bilən belə milli valyuta lazımdır. Valyutanın kursu müstəqil parametr deyil. O, əsas sahəyə — ölkənin iqtisadi inkişafına xidmət etməli, bundan əlavə, maliyyənin miqdarı uğurlu iqtisadi vəziyyətə müvafiq olmalıdır.
İnflyasiyanı dayandırmaq mümkündürmü? Necə bilirsiz, hökumət süni prosesslərə yol verməmək üçün maliyyələri idarə etməlidirmi?
Bu, bir çox cəhətdən professionalizmdən asılıdır. Milli bankda ixtisaslaşmış mütəxəssislər çalışır ki, onlar yaranmış vəziyyətin yöndəmsizliyini dərk edərək larinin məzənnəsini möhkəmlətmək əvəzinə, dollar almağa başlamaqla milli valyutanın həcmini artırmışlar. İntəhası, məncə bu, kifayət deyil. Bizə xüsusilə pul-kredit siyasəti sahəsində süni proseslər deyil, iqtisadi inkişaf üçün stimul lazımdır. Bax buna görə də nəticə arzu olunan qədər yaxşı deyil.
2014-cü ildə, larinin məzənnəsi yenicə enməyə başlayarkən, hökumət israr edirdi ki, milli valyutanın məzənnəsinin enmə prosesi qiymətlərə heç vəchlə təsir göstərməyəcək. Ancaq bu gün biz başqa bir mənzərəni müşahidə etməli oluruq.
Ölkədə valyuta böhranının hələ də qızğın çağı, ölkənin idxaldan asılı vəziyyəti, ölkə hökumətinin valyuta axını mənbələrinin olmadığı şəraitdə milli valyutanın möhkəm durumuna nə kömək elə bilər?
Belə durum yoxdur və larinin məzənnəsi tərəddüd edərək enib-qalxacaq. Gürcüstanda məhsulların qiyməti stabil olaraq və olmazın sürətlə qalxır ki, bu da həm obyektiv, həm də subyektiv səbəblərlə izah olunur. Obyektiv səbəb — Gürcüstanda qiymətlərin qalxmasıdır ki, biz buna nəzarət etmək iqtidarında deyilik. Gürcüstan bazarı tam surətdə idxalatdan asılıdır, belə olan halda isə beynəlxalq bazardaki durum bizə təsir göstərməyə bilməz. Subyektiv səbəblərə gəlincə,— bu, öz qayda-qanunlarını yeridən ən güclü monopoliyalar və onlara kömək edən qruplardır ki, bundan ilk növbədə gürcü istehlakçısı zərər çəkir.
Bazar iqtisadiyyatı qaydaları bazarda mövcud monopoliyalar şəraitində işləmir.Odur ki, obyektiv və subyektiv səbəblərdən, əminliklə demək olar ki, Gürcüstanda qiymətlərin artım tendensiyası davam edəcək. Bundan əlavə, ölkədən əhali axını nəzərə çarpır ki, müvafiq olaraq gəlir azalır, mal dövriyyəsi aşağı düşür və idxalçılar bu ziyanı nə qədər paradoksal səslənsə də, qiymətləri qaldırmaqla odəyirlər.
Siz hazırkı hökumətin ixrac siyasətini necə qiymətləndirirsiniz? Bu sahədəki vəziyyət nə qədər ümidvericidir?
Bu sahədəki vəziyyəti yalnız bütün mümkün resurslardan istifadə edilən zaman ümidverici adlandırmaq olar. Biz həqiqətən də rəqabətə qabil malların istehsalı üçün potensiala malikik. Fəaliyyət göstərməsi üçün resursların konsentrasiyası lazım olan istiqamətlər vardır. Yalnız bundan sonra biz uğurlu xarici ticarət haqqında danışa bilərik. Məlum olduğu kimi, Danimarka ümumdünya kənd təsərrüfatı məhsullarının təchizatçısıdır, Gürcüstan isə kənd təsərrüfatı sahəsində bütün göstəricilərinə görə daha böyük potensiala malik ola-ola, keyfiyyətsiz Türkiyə və Çin malları almağa məcburdur.
Bəs iş nədədir?
Hökumətin 25 il ərzində apardığı yanlış siyasətdə. İslahatlar ölkə iqtisadiyyatını qaldıra bilməmiş, onu bazar iqtisadiyyatı yoluna salmamışdır. Bu gün yenə də köhnə sxemlər ağalıq edib intişar tapır və hökumətə yaxın ətrafın biznesi inkişaf edir. Gürcüstanın iqtisadiyyatı hələ də dövlət hakimiyyəti və bəzi vəzifəli şəxslərin əlindədir. Bizim problem həmçinin uzun illər ərzində siması ildən-ilə təhrif olunan infrastrukturun eybəcərliyindədir.
Hökumət məhsulların istehsalında kənd sakinlərinə necə kömək etməlidir? Gürcüstan qonşu dövlətlərin bazarlarında yerini necə itirməsin?
Gürcüstanın kənd təsərrüfatı malları istənilən bazara çıxa bilər. Bizim güclü cəhətimiz bioloji cəhətdən təmiz məhsulların istehsalından ibarətdir. Təbii ki, ölkənin gələcəyi yalnız kənd təsərrüfatı sahələrinə əsaslana bilməz, ancaq bizim keyfiyyətli məhsullar istehsal etmək imkanımız var. Kənd təsərrüfatının inkişafı investorlar cəlb etmək və xarici valyuta axınını artırmaq üçün daha bir yoldur. Ancaq bunun üçün Gürcüstan Avropa ölkələri kimi kooperasiya yolu keçməlidir.
Kooperasiya nədir? Bu, 20-ci əsrin 90-cı illərində yer tapan prosesdir?
90-cı illərdə bu necə deyərlər, kvazikoperasiya (saxta,yalançı əməliyyat) prosesi idi. Mən məqsədi təxminən 800 000 nəfərin fəaliyyətə cəlb edilməsi olan dövlət siyasəti haqqında deyirəm. Bu gözəl təcrübəni dünyanın aparıcı ölkələrinə tətbiq etmək pis olmazdı.
Kənddə kooperasiya—kompleks yanaşma tələb edən prosesdir. Əvvəllər bu istiqamətin inkişafına bir neçə milyon lari vəsait xərclənmiş, amma nəticə özünü doğrultmamışdır: kəndlər hələ də ağır vəziyyətdədir. Bugünki mövcud vəziyyətin səbəbi MMC (Məhdud məsuliyyətli cəmiyyətlər) və lobbiləşdirilmiş firmaların dövlət maliyyələşdirməsinin təsir altına düşməsindədir.
Onda kənd təsərrüfatının inkişafına ayrılan böyük vəsait hara gedir?
Vəsait əsasən müxtəlif MMC–lərin maliyyələşdirilməsinə gedir ki, bu, kənddəki vəziyyətə təsir göstərir. Bu gün kəndlərdə hər cür istehsal təşəbbüsü qəbalə şəraitindədir.
Turizmin inkişafı Gürcüstanda prioritet istiqamət elan olunmuşdur ki, o əslində əsas gəlir mənbələrindən biri olmalıdır. Sizcə bu, nə dərəcədə düzgündür?
Gürcüstan üçün turizm yönümü və ölkənin gələcəyinin turizmlə bağlılığına dair iddialar tamamilə yanlış və qeyri-məqbuldur. Ən azı ona görə ki, bizim dövrdə ölkə iqtisadiyyatının yalnız turizmdən asılı olması mümkün deyil.
Bu, prioritetlərin müəyyənləşdirilməsində əvvəlki və bugünkü hökumətin səhvidir ki, bizi çox pis nəticələrə gətirib çıxara bilər. Öz-özlüyündə turizm iqtisadi sektorlardan biri kimi o qədər də pis deyil. Bundan başqa, turizm yaxşı inkişaf etmiş və gəlir gətirən sahələrdən biri olmalıdır. Bununla yanaşı, turizm eyni zamanda ciddi xərclər tələb edən gəlirli bir iş, bütöv bir infrastrukturdur. Odur ki, aqrar sektorda siyasətin olmadığı şəraitdə pul elə gəldiyi kimi də gedəcək. Kənd təsərrüfatının inkişafı və yerli sənaye turizm sektoruna tamamilə başqa görkəm vermiş olardı. Təəssüf ki, aqrar sektor və ekoloji kənd təsərrüfatının inkişafına lazımi diqqət yetirilmir.
Biz tez-tez ölkədə neft və qaz kimi təbii sərvətlərin olmamasından şikayələnirik
Necə deyərlər, Allah saxlasın! Bizə nə bu, nə də başqası lazım deyil, çünki, Gürcüstan ərazisində qaz yatağının aşkar edildiyi günü cəsarətlə ölkənin müstəqil dövlət kimi baş tutduğu sonuncu gün adlandırmaq olar. Bizdə neftin $400 mln.dollar dəyərindən çox satıldığı, ancaq sayı 104 milyon olan əhalisinin yoxsulluq həddində yaşadığı Nigeriyaya bənzər vəziyyət yarana bilər.
Cənab Demur, Siz nəqliyyat sektoru haqqında nə deyə bilərsiniz. Bütün resurslardanmı istifadə olunur?
Dövlət siyasəti bütün nəqliyyat növlərinin inkişafına istiqamətlənmiş olmalıdır. Gürcüstanın 4-5 ən səmərəli nəqliyyat növünü birləşdirmək imkanı var. Ancaq bilirsinizmi, siyasətçilərə məsləhət vermək istəyirəm: az danışıb çox işləmək lazımdır…
Hakim “Gürcü arzusu” koalisiyası hökuməti son 4 ildə ölkədəki iqtisadi problemlərin öhdəsindən necə gəlmişdir?
Mən hesab edirəm ki, ötən 4 il ərzində daha yaxşı nəticələr əldə etmək olardı. Hökumətin işi səmərəli deyildi. Bunun günahı – koalisiyanın daxilində vahid siyasətin olmamasıdır. Müxtəlif sahələrdə həyata keçirilən epizodik tədbirlər, səmərəli ola bilməz, üstəlik , ölkəni böhran vəziyyətindən də çıxara bilməz.
Necə hesab edirsiniz, oktyabr seçkiləri ərəfəsində sosial etirazin hərarəti artacaqdırmı?
Ölkənin sosial fəlakət qarşısında durduğunu düşünmürəm, lakin aydındır ki, vəziyyət heç də adi deyil. Son 25 il ərzində Gürcüstanda dünyanın heç bir ölkəsinə səciyyəvi olmayan hala öyrəşmişlər. Pis həyat şəraitinə baxmayaraq, vətəndaşlarımız sosial məsələlər üzərində israr etməmşlər. Eyni dırmığı bir-birinin ardınca 4 dəfə basıb keçmişlər. Bu, əhalinin böyük səhvidir. Sosial məsələlər fundamental və həyat əhəmiyyətlidir. Vətəndaşlar onların diqqətinin personalar, rəğbətin müəyyən bir insan — lider üzərində cəmlənməsinə tamamilə əhəmiyyət vermirlər. Hökumətə buna tamamilə layiq olmayan insanlar gəlir. 21-ci əsrdə bu cür yanaşma fəlakətə gətirib çıxarır. Ümid edirəm ki, vətəndaşlarımız zaman keçdikcə hakimiyyətdən layiqli yaşamaq və əmək tələb etməyə alışacaqlar.
Düzgün iqtisadi siyasətin aparılması zamanı əhali ölkə iqtisadiyyatında müsbət dinamikanı hansı müddətdə öz cibində hiss edə bilər?
Əgər hökumət modernləşdirmə proqranımı yerinə yetirərsə, onda müsbət dəyişikliklər prosesi özünü artıq 1-2 ildən sonra tanıtdıracaq. Tədricən iş yerləri yaradılacaq, əlbəttə ki, heç də hamı dərhal təmin olunmayacaq, amma insanlarda işlə təmin olunacaqlarına inam yaranacaq. Buna görə də resursları düzgün istiqamətdə səfərbər etmək üçün 2-3 ciddi mərhələ keçmək lazımdır, bunun ardınca intensiv inkişaf prosesi gəlir və 2-3 il ərzində insanlar aşkar müsbət nəticələrı hiss edəcəklər, bunun üçün heç də onilliklər lazım olmayacaq.
10 illik gərgin iş ərzində biz iqtisadiyyatımızı real olaraq irəli apara bilərik. Hərçənd Baxmayaraq ki, təhsil sisteminin də təkmilləşib modernləşməsinə ehtiyacı var.
Bu gün Gürcüstanın büdcəsi $16 mlrd təşkil edir ki, bu da əslində yoxsulluq səviyyəsinin göstəricisidir. Ölkə əhalisinin yarısı dilənçi vəziyyətindədir. Ölkədə 660 mindən bir qədər çoxu maaş almır.
Bu, hökumətin maraqlarına daxil deyil?
Siyasi və iqtisadi müasirləşmənin belə qlobal məsələsi sadəcə olaraq qoyulmur. Əvvəlki hökumət bəzi islahatlar aparırdı, lakin onlarda, necə deyərlər, insan üçün yer yox idi ki, bu, özü-özlüyündə, ölkə iqtisadiyyatına öz təsirini göstərmişdi.
Söhbəti Şorena Papaşvili apardı