Həyat – bu, bizim hər gün çəkdiyimiz incəsənət əsəridir. Yaradıcı enerji bizə ilham və dünyanı dərketmə azadlığı bəxş edir. Dünya bizim daxilimizdə, bizim şüurumuzdadır və bizim onu özümüzə necə təsəvvür edib təqdim etməmiz çox vacibdir. Bizlərdən hər birimiz özündə bütün dünyanı nurlandıra bilən qeyri adi bir şölə, bir işıq daşıyır . Amma onu dərk etməyə və başqaları ilə bölüşməyə yalnız insanların bir qismi qadirdir.

Sehrkarlıq xəyali işıqla parlayan, lap ürəyin dərinliyindən sızan bir anlayışdır. Bu, bəlkə də, Fərid Ələkbərovun sehrli əsərlərinin ən düzgün təcəssümüdür. Axı, rəssam öz rəngarəng fantaziyalarını neon vasitəsilə təcəssüm etdirir ki, onun sayəsində inanılmaz dərəcədə nur və şəfəqsaçan kompozisiyalar doğulur. Neon rəsm əsərləri – bu, xüsusi boyalarla ultrabənövşəyi işıqda neonun əksinin effektinə əsaslanan rəsmdir.

Fərid Ələkbərov 16 iyul 1971-ci ildə Bakıda rəssamlar ailəsində anadan olmuşdur. Atası və qardaşı uşaqlıqdan onun üçün bir növ müəllim və tərbiyəçi olmuşlar. Hələ erkən yaşlarından Fərid daha çox rəsm çəkməklə məşğul olmuş və müvafiq təhsil də almışdır: o, rəsm və rəcmxətt müəllimi, şüşə və keramika ustasıdır. Bu gün Fərid Ələkbərov – Şərqdə incəsənətin bu unikal istiqamətində işləyən yeganə rəssamdır.

Dalma Newsə müsahibəsində Ələkbərov özünün yaradıcılığı, öz əsərlərinə münasibət və gələcək planlarından danışdı.

Hər şey nədən başladı? Sizin neona aludəçiliyinizin başlanğıcını qoyan nə oldu?

Hər şey şimal işıqsaçma və parıltılarından başladı. Məni işləmək üçün Zapolyareyə– İsveç şəhəri Kirunaya dəvət etdilər ki, təbiətin bu əsrarəngiz yaranımını mən ilk dəfə burada gördüm. Elə o vaxtdan qaranlıqda işıq mövzusunun aludəçisinə döndüm. Mən nəsə yeni, qeyri-adi bir şey yaratmaq, öz işlərimdə işığın sehrli gücünü göstərmək istəyirdim. Mən uzun müddət eksperimentlər apardım, neon piqmentlərinin müxtəlif istehsalçıları ilə işlədim və Qırmızı dənizin qaranlıqda parlayan orqanik mərcanları əsasında hipoallegik boya yaratdım. Boya son dərəcə ekolojidir, onun nə iyi, nə də rəngi var, üstəlik qeyri-adi dərəcədə dayanıqlıdır.Bu gün mən əminliklə öz rəsm işlərimə minimum on il qarant verirəm.

Belə dərin və səbatlı ilham mənbəyinin səbəbi nədədir?

Mən həmişə demişəm: rəssamın ilham pərisi – qadın cinsindəndir, qadın isə ən güclü motivatordur. Mənim həyatımda elə bir dövr olub ki, mən bütün işlərimi yalnüz yeganə bir qıza həsr edirdim. Biz təsadüfən molda (ticarət kompleksində) tanış olmuş və mən onu «Qadın obrazı» layihəsində iştirak etməyə dəvət etmişdim. Mən bu insanda daim yaratmaq ilhamı verən nəsə xüsusi bir məziyyət hiss edirdim. Mən tamamilə başqa, adətkərdə olmadığım, alışmadığım şəkillər çəkməyə başladım. Bu emosiyaları sözlə ifadə etmək mümkün deyildi. Bu möcüzə idi!

Mənim bütün yaradıcılığımı mərhələlərə bölmək olar. Lakin heç də bütün mərhələlər nəcib cinslə bağlı deyıl. Məni təbiət, dəniz, yeni-yeni şəhərlər çox ruhlandırır. Məncə, yaradıcı insan mütləq səyahət etməlidir, çünki rəssamın yolu ilk növbədə daim özünü təkmilləşdirməkdədir.

Rəsmlərinizdən Sizə ən yaxın olanı hansıdır? Öz işlərinizə münasibətiniz necədir?

Mənim işlərim – mənim övladlarımdır və onların arasında ən sevimlisi yoxdur. Onlar ölçüsünə, məzmununa görə fərqli ola bilər, lakin onların hamısı mənim üçün eyni dərəcədə əzizdir. Mən öz rəsmlərimi satmıram, yalnız nadir hallarda sifarişlə çəkirəm. Rəsmi təkrar çəkmək çox çətindir – bu, təqlid etməyin mümkün olmadığı xüsusi bir əhval-ruhiyyə, hisslər, emosiyalardır. Hər bir şəkil – mənim bir hissəciyimdir, çünki onlardan hər biri ilə hansısa həyat tarixçəsi, onun müəyyən bir anı bağlıdır.

Sizin sənətiniz – bu, yaxşı düşünülmüş hərəkətlər, yoxsa fəaliyyətin şüurla bağlı hansısa intuitiv, bədahətən yaranan bir hissəsidir?

Mənim yaratdıqlarımın hamısı dərin düşüncələrdən doğulur. Artıq on ildir ki, mən yoqa ilə məşğul oluram və şübhəsiz, bu, yaradıcılığımda öz əksini tapıbdır. Prana deyilən bir həyat enerjisi var, biz onu havadan alırıq. Hər bir nəfəs insan bədənini Prana ilə doldurur və bu, orqanizmdəki bütün proseslərə: təfəkkür,qida həzmi, qanyaranma və sairəyə yardım edir. Bu kosmos enerjisidir, insan isə bu enerjinin kosmik radiasiyanı bu və ya digər yaradıcılıq növünə keçirən ötürücüsü və transformatorudur.

Gəlin sizin «FarHouse» ev-muzeyinizə keçək. Dəniz sahilində muzey ideyası necə yarandı?

Ev-muzey ideyasının əsası 11 il bundan öncə, mən özüm üçün sehrli neon dünyasını kəşf edən zaman qoyulmuşdu. Dünyanın heç bir yerində neon incəsənət muzeyləri mövcud deyil. Fikirləşdim ki, o, nə üçün məhz Azərbaycanda olmasın?! Bir yaradıcı insan kimi, mən həmişə təbiətə can atmış və uşaqlıqdan dəniz vurğunu olmuşam. Çox fikirləşəndən və hər şeyi planlaşdırandan sonra Novxanı qəsəbəsində ən kiçik detallarını belə layihələşdirdiyim ev-möcüzənin tikintisinə başladım. Evdə studiya və şourumu birləşdirmək ideyası təsadüfi deyildi. Axı, bu münvalla mən neon divarların bütün imkanlarını: otaqların və xarici divarların interyerinin tərtibatında neonun necə görünməsini, onun qaranlıqda otağı illüziyalar aləminə döndərərək necə canlandığını göstərə bilərəm.

«Farhouse»nin min kvadrat metrdən çoxu üç ay ərzində neonla naxışlanmışdı. Axşamlar ev tamamilə dəyişir, o, xüsusi ultrabənövşəyi işıqla işıqlandırılır ki, o, hətta buradan bir neçə kilometr məsafədən də görünür.

Otaqların inşası və qapıların sxemində Fen-şuy tətbiq etməniz həqiqətdirmi?

Elədir ki var. Mən memara evin necə görünməli olacağını izah etdim və o, mənim istəklərim əsasında memarlıq layihəsi toplayıb hazırladı. Qİ-nin düzgün hərəkəti və onun bolluğu həyatın bütün sahələrinə müsbət təsir göstərir.Məsələn, qapının içəri tərəfə açılması çox vacibdir . Belə olan halda Qİ enerjisi otaqdan-otağa axaraq maneəsiz surətdə evə daxil olur.

Mən qapını al qırmızı boya ilə rəngləmişəm, üzərindən isə zərli naxışlar salmışam. Fen-şuy üzrə qapı qırmızı olmalıdır – enerji axını qırmızı və qızılı rənglərlə işləyir.

Bütün bu nüanslar rahatlıq və harmoniya yaradaraq sizin ocağınızida həyatı yaxşılığa doğru dəyişir. Mən çox gözəl, ancaq daxilində sıxıntı və bədbəxtlik hökm sürən səhv tikilmiş ev nümunələri görmüşəm. Çünki divarlar daxilindəki enerji qeyri-bərabər dövr edir.

Şübhəsiz, mənimlə heç də hamı razı olmaz və bu mövzuda uzun müddət mübahisə etmək olar. Amma bir özünüz görün, Fen-şuy, bu— elm, təbiət qanunları haqqında 5000 il ərzində yığılmış biliklərdir. Əgər o yalançı elm olsaydı, düşünmürəm ki, bizim günlərə gəlib çata bilərdi. Mənim əsas məqsədim – rahat interyer yaratmaq olub.Əgər bizi əhatə edən bir şey rahatlıq hissi verirsə – onda interyer düzgündür. Mənim evimdə olan insanlar rahatlıq və harmoniya duymalarından söz açırlar. Onlar tez-tez təkrar edirlər: Fərid, sənin evində olduqca müsbət aura hökm sürür. Mən ev-möcüzə, ev- yuxu tikdirmişəm ki, orada təbiətdən sakit zövq almaq, uzun illər xoşbəxt və şən yaşamaq mümkündür.

«FarHouse» ilə yanaşı sizin işlərlə daha harada tanış olmaq mümkündür?

Mən neona Dalga Plaza, Arka, Niagara, BP, Golden Ring, Mərakesh, Zqan holding, Messinat holding, Palmalife resort, Comp US-un tərtibatında və bir çox digər paytaxt müəssisə və təşkilatlarında, otel və ofislərdə, holdinglərdə müraciət etmişəm. Ramzan Qədirovun köməkçisi tərəfindən uşaq evlərindən birinin xoll və yaşayış otaqlarını formalaşdırmaq üçün Çeçenistana dəvət olunmuşam. Sifarişçilər xahiş etdilər ki, hollun divarında Ramzan Qədirovun öz atasının şərəfinə tikdirdiyi məscidin surəti yaradılsın. Nəticədə sön dədəcə heyrətamiz bir mənzərə alındı!

Mənim ilk fərdi sərgim 2002-ci ildə Stokholmda keçirilmişdir. Sonra «Qaranlıq və işıq astanasında» sərgisi və Yeni Galleryda Magic Neon ekspozisiyası (Bakı), Fransada vernisajlar, Dubayda master-klass olmuşdur. Neon Party sərgisi isə xeyriyyə səciyyəsi daşımış və Jale Plazada keçmişdi.

Gələcək eksperimentlərlə bağlı hansısa niyyətiniz varmı?

Ən əsas niyyətimim artıq həyata keçib. FarHouse daha əziyyətli, eyni zamanda əvvəlcə təsəvvür edildiyindən daha mühüm və mənalı oldu.

Mən neonla sınaqları davam etdirirəm: mənə bütün istiqamətlər maraqlıdır. İdeyalar isə — milyonlarla. Və əlbəttə, yaxın gələcəkdə mən öz təsəvvür və niyyətlərimin nəticələri ilə bölüşəcəyəm.

Yoldaşlarımdan biri məni ideyalar generatoru çağırır. Başımda daim nəsə yeni— həyata keçirməyə tələsdiyim maraqlı bir şey yaranır.

Mənim üçün hər bir yaradıcı layihə – bu özümdə yeni hüdudların kəşfi, köhnə səhvləri düzəltmək imkanıdır.

Çox sevdiyim Salvador Dali demiş: «Təkmilli və kamallı olmaqdan qorxma, şən ona heç vaxt nail olmayacaqsan!».

 

Hazırlayanı: Fidan Məmmədəliyeva

Fotoqraf: Ədil Yusifov