Bakı Dövlət Universitetində ilk dərs ilim idi. Bu dəfə auditoriyaya tələbə kimi yox, müəllim simasında daxil olurdum. Dərs deməklə bağlı təklif gələndə, düzü, bunun maddi tərəfini heç düşünmürdüm. Çünki əlavə işim, üstəlik, əlavə gəlir yerlərim vardı. Təcrübə üçün müəllimlik mənə hava-su kimi lazım idi. Yaxşı mənada dəlləkliyi ilk kimlərin başında öyrənəcəm, həyəcan, etmək istədiyim yeniliklər, planlar – yalnız bunları düşünürdüm. Ta ki ilk yarım ilin axırına çıxana qədər.
Semestr imtahanları bitmişdi ki, mənə universitetdən zəng gəldi. Bank hesabımın nömrəsini istədilər. Sərf etdiyim əməyin qarşılığını almalı idim. Böyük məbləğ gözləmirdim. 60 ilin müəlliminin aldığı qəpik-quruşun yanında 6 ayın müəlliminin “böyük gözləntiləri” Nobel kimya mükafatına layiq görülən alim Əziz Səncərin gördüyün işin deyil, milli kimliyinin əhəmiyyətini qabardanlar qədər ekzotik görünürdü. Həm də o pula dərs dediyim yarımqrup üçün sayt açmağı düşünürdüm. Ona görə əlimə nə keçsə, karıma çatırdı ki, ziyanıma deyildi.
Uzun sözün qısası, vədə yetişdi, kartımdan pulu çəkməyə getdim. Ekranda gördüyüm məbləğ o qədər inanılmazdı ki! Fikirləşdim ki, universitetin müəllimlə zarafatı varsa, rəqəmlərdən birini də silərdi gərək. İlk və son rəqəm gördüyüm məbləğə o qədər ağırlıq edirdi. Məbləğ dəqiq yadımda deyil, amma mən hörmət əlaməti olaraq 10 azn artıq deyib, 120 azn yazıram. Saat hesabı işləyirdim, həftədə 3 dəfə dərsim vardı. Eləmə tənbəllik, 120 azn-i dərs saatlarına böldüm və aydın oldu ki, müəllimin universitet tələbələrinə dərs dediyi bir gününün məbləği hardan baxsan, 1 manat 50 qəpik (qeyd edim ki, bu göstərici müəllimin elmi dərəcəsindən asılı olaraq dəyişir) ətrafında dolaşır. Ən azı, müəllim yolun pulun çıxarır, işdir, çox acsa, əlavə 1 peraşkiyə özünü qonaq belə edə bilər. Hə, bax onda Məlikməmməd kimi barmağımı dişlədim və çox hörmətli Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərini xatırladım: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?!”.
Bu pis deyil ki, lap da əntiqədir. Bir müəllim günəmuzd işləsə, 1 manat 50 qəpikdən çox qazanar. Bir müəllim 3-4 ildən bir 3-4 manat artan maaşını gözləyənə qədər sabun bişirsə, lap daş daşısa, yenə də çox qazanar.
Mən rahatdım, ona görə rahatdım ki, əlavə iş yerim vardı və bu məbləğ olsa da olardı, olmasa da. Amma universitetdə çalışan neçə müəllim ailə saxlayır, neçə müəllimin evində xəstəsi var, neçə müəllimin qayğısı. Neçəsi hərbi xidmətdə olan övladına pul göndərir, neçəsi də boğazından kəsib xaricdə təhsil alan övladına. Kimi vicdanla bunu edir, kimi də tələbənin boğazından kəsərək. Və onların neçəsi ştatda olan işçi deyil, saat hesabı işləyir. Tək gəlir yeri də universitetdir.
Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü idi. Hər kəs sosial şəbəkələr üzərindən müəllimlərini təbrik edirdi. Kimi özünə “müəllim” dedirdən biznesmenləri və bu qəbildən olan insanları, kimi həyat dərsi verən və başa dəyən “daş müəllimləri”, kimi də heç vaxt unutmadığı, sinif otağında və auditoriyada yalnız dərs deməyən, həm də müəllimlik edən müəllimlərini təbrik edirdi.
İnsanların müəllimlərlə bağlı ağ-qara xatirələrini oxuduqca anladım ki, müəllimlik Azərbaycanda iki rəngin arasında qalacaq qədər monoton deyil. Məsələn, “müəllim” təkcə xitab forması deyil. Müəllimlik “saçdakı kəpəyi yox etmək üçün başı dibindən kəsməyi” təklif edən Təhsil Nazirliyidir. Çox uzağa getməyək, elə ötən il ölkəmizdə fəaliyyət göstərən türk liseylərinin və “Araz” kurslarının nurçuluğun təbliği ilə məşğul olduqlarını əsas gətirərək bağlanmasını misal gətirək. Onlar unutdular ki, sərhəddi aşmadan ölkə daxilində alınacaq ən lazımlı və ən doğru təhsili məhz bu təhsil ocaqları verir. Dünya olimpiadalarının qalibləri məhz bu liseylərin məzunlarıdır.
Elə mən də vətəndaş kimi unutmadım ki, bu il buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin yalnız 3336 nəfəri, yəni 16.34 faizi ana dili fənni üzrə “5” aldı – 4520 nəfəri (22.14 faizi) isə “2” qiymətini. Düzü, bilmədim ki, bu uğuru kimin adına yazaq. Təhsil Nazirliyindən və TQDK-dan da bu istiqamətdə baş döndürən, dolğun çıxış yolu gözləyirdik ki…
…gözləmədiyimiz başımıza gəldi – Azərbaycanda “müəllimin” başqa bir üzü – Əfruz Hacıyeva (https://www.youtube.com/watch?v=qze2oXaxSsg) ortaya çıxdı! Onun timsalında mən neçə-neçə müəllimimi gördüm. Gözlərinin önündə seçki qutusuna topa-topa bülleten atan və bir zamanlar onlar üçün vicdan simvolu olan müəllimlərində yanılan insanlar cərgəsinə qoşulmaq ağır idi, amma reallıq budu.
Bu il Astronomiya fənninin tədris planından ayrıca fənn kimi yığışdırılmasını “İndiki dövrdə bütün məlumatları internetdən tapmaq olar. Astronomiya ilə maraqlanan kompüter arxasında əyləşsin və lazım olan məlumatı əldə etsin” şəklində açıqlayan Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovun çıxışı isə “müəllim şilləsi”nə bərabər idi.
Yadınızdadırsa, bu il yayda məlum oldu ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb. Üstəlik, keçid ballarının aşağı olması vəziyyəti bir az da qəlizləşdirdi. Kimisi günahı təhsil sistemində, kimisi uşaqlarda, kimisi də valideynlərdə gördü.
Mövzu barədə fikirlər dəyişirdi, bircə TQDK-nın təqdim etdiyi fakt dəyişmirdi: Birinci mərhələ üzrə qəbul planı 83,12 faiz dolmuşdu və 32 196 nəfər tələbə adını qazanmışdı. Boş qalan yerləri isə mütləq doldurmaq lazım idi. “Təhsil Nazirliyi ki qrafiklə işləyən və Nəqliyyat Nazirliyinə hesabat verən, plan dolduran avtobus sürücüsü deyil haa bir qapıdan camaatı içəri doldura” deyirdim ki, betərin betəri başımıza gəldi.
Qəbul prosesinin bu mərhələsini normal qəbul edən təhsil sistemi az keçmədi ki, xaricdə imtahansız formada qəbul olan abituriyentlərin biliyinə şübhə ilə yanaşdı. Açıqlama verildi ki, bu yolla oxumağa gedənlər 0-100 bal toplayanlardır. Onlar da savadsız kadr kimi geri qayıdır və necəsə yenidən ölkədəki əmək bazarına daxil olurlar. Nazirlik bu işlə məşğul olan şirkətlərə görə heç bir məsuliyyət daşımadığını dedi.
Məsuliyyət daşımaq ağır işdir. Məsələn, orta təhsilini Azərbaycanda alıb, özlərini inkişaf etdirmək üçün xaricə üz tutan, orda püxtələşən və orda özünü təsdiqləyən uğurlu gənclərimizin daşıdığı və ya boyunlarına qoyulan məsuliyyət. Kimi deyir ki, onlar yerli təhsil sisteminin məhsuludur. Kimi də deyir ki, xarici. Hər iki halda, işin içində təhsil sistemimizin barmağı var. Məsələn, “lazımsız” xaricdə təhsilə təkan verən elə özümüzün yerli təhsilimizdir. Bizi öz üzərimizdə çalışmaq üçün, daha yaxşı kadr kimi yetişmək üçün, ağ günə çıxmaq üçün sərhədləri aşmağa məcbur edən də.
Nərmin Nöqtə