Fırça ustası, Azərbaycanın xalq rəssamı, UNESCO-nun Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya rəssamlar Birliyinin üzvü, beynəlxalq «Sülh səfiri» diplomunun sahibi Əşrəf Heybətov nə üçün qalereyalarda sərgilənməyi sevmədiyini, özünün Moskvadaki son sərgisi üçün işlərin necə çəkildiyi və incəsənətdə milli tərkibin niyə belə vacib olmasından söz açmışdır,- deyə Trend.az yazır.
О, rəsm əsərlərinin Cenevrədə BMT sarayında, Rumıniya prezidenti sarayında, NATO mənzil-qərargahında, İordaniya kralının sarayında, Lüksemburq hersoqunun iqamətgahında, Vatikan dəftərxanası, eləcə də Maltanın məşhur salonlarında nümayiş etdirildiyi ilk Azərbaycan rəssamıdır. Onun çoxşaxəli işləri Rusiya, Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə, Almaniya, İsveç, Belçika, Malta və digər ölkələrdə maraqla qarşılanır. O — Rusiya, Almaniya, Azərbaycan və başqa ölkələrdə monumental pannolar müəllifidir
– Sizin rəsm əsərləriniz dünya muzeylərində, bir çox şəxsi kolleksiyalarda saxlanılır, amma qalereyalarda onlar demək olar ki, yoxdur. Qalereya formatına belə meylsizliyin səbəbi nədir?
— Bilirsiz, bəstəkar və yazıçı kimi rəssamın da sənətin qədr-qiymətini bilənə ehtiyacı var. Və heç də öz musiqi, ədəbi və ya rəsm əsərini satmaq üçün yox… Əgər söz mənim haqqımdadırsa, mən kommersiya rəssamı deyiləm. Mənim üçün insanlar arasındaki münasibətlər, yaxşı adım, namus və vicdan daha vacib və önəmlidir. Bilirsiz, yaxşısı budur ki, qoy mən ac olum, ancaq ləyaqətimi itirməyim. Ona görə də mən, daha çox status rəssamıyam, mən bir çox adlara, titullara, xarici sərgilərə malikəm. Lakin faizlə satmağın mümkün olduğu qalereyalarda deyil, iri beynəlxalq təşkilatlarda.
— Yeri gəlmişkən, Moskvada Sizin son sərginiz Moskva dövlət beynəlxalq münasibətlər institutunda keçirilmişdir. Bundan ötrü işlər necə seçilib formalaşdırılmışdı? Siz ondan ümumiyyətlə nə gözləyirdiniz?
— Bu sərgi dostlarla görüşüb söhbət etmək üçün yaxşı bir fürsət idı. Pul bu gün var, sabah yox. Amma Sent-Ekzüperinin əsərdə dediyi kimi, ünsiyyət – ziynətdir. Bu, bizim zəmanədə xüsusilə yerinə düşür. Moskvadaki sərgilərdə, konsertlərdə bu özünü qabarıq surətdə göstərirdi. Ünsiyyət – vəssalam. Və mən buna nail oldum: dostlarla, maraqlı insanlarla, gözəl qadınlarla və ağıllı kişilərlə ünsiyyət. Rəsm işlərinə gəlincə, bu sərgidə elə mənim MDBMİ divarları arasında keçirilən ilk sərgimdən ötən illərin sayı qədər – 35 rəsm təmsil olunmuşdur.
Bunlar nə vaxtsa Moskvada qalan şəkillərdır. Onlar əlbəttə, çox köhnəlmişlər: kompozisiya bir az köhnədir və məndə yaradıcılıq təcrübəsi toplandığından, mən onların üzünü köçürdüm. Öz həmyerlilərimin sayəsində işləmək üçün yer tapıldı, Moskvada sərginin açılışından iki həftə qabaq gəlib həmin iş otağında bu şəkillərin üzünü köçürdüm. Sərgi baş tutdu. Mən özümü xoşbəxt hesab edirəm. Sərgiyə bizim çoxlu moskvalı dostlarımız gəlmişdi. Mənim yaradıcılığımla tanışlığın maraqlı olduğu adamlar təşrif buyurmuşdular. Əsl bayram alındı. Və bu bayramı mənimlə dostlarım, eləcə də rəsm işlərimin xoşlarına gəldiyi insanlar bölüşdülər.
— Son illər Siz Berlində yaşayırsınız, bəs Moskva və Bakı indi Sizin həyatınızda nə kimi yer tutur?
—Mən Moskvanı çox sevirəm. Mən keçmiş Moskva sakiniyəm, amma keçmiş bakılılar olmadığı kimi, keçmiş moskvalı da olmur, hər il Moskvaya gəlirəm. 95-ci ildə getdim, ancaq ürəyim burada qaldı. Mən rus mədəniyyəti, rus ədəbiyyatında böyümüşəm. Üstəlik, mənim dayəm də rus olub. Atam – professor, neyrocərrah – Moskvada təhsil almışdır. Burada xeyli çox dostlar və çox geniş ünsiyyət dairəsi var. Bakıya gəliş mənim üçün bayramdır. O, həmişə mənim ürəyimdə, mənim qəlbimdədir. Mən Bakını Moskvadan ayırmıram. Mən Moskvada tanınmış böyük peşəkar rəssam-monumentalistlərlə işləyərək rəssam kimi formalaşmışam.
—Bəs əgər söz incəsənət müstəvisində kiçik vətən haqqında gedərsə… Sizin nöqteyi- nəzərinizcə, yaradıcılıqda milli tərkib nə qədər zəruridir?
— Xalqı nə ilə məhv etmək olar? Spirtli içkilər və narkotiklərlə, eləcə də incəsənəti milli identiklikdən məhrum etməklə. İincəsənət xalqları birləşdirməlidir. Və təbii ki, mənim işlərimdə milli seqment vardır. Mənə Çingiz Aytmatov ilə dostluq etmək xoşbəxtliyi nəsib olub, Aytmatov mənə məktublar yazırdı, yazırdı ki, mən ruhən onun dostuyam. O deyirdi ki,mənim yaradıcılığım Şərqlə Qərb arasında yerləşir. Mən dərin milli köklərə, lakin Avropa plastikasına malikəm. İncəsənət əslində, universaldır, amma gərək milli seqment də iştirak etsin. Dahi Sikeyros o dərəcədə milli Meksika rəssamı idi ki, onun sayəsində dünya Meksikanı daha çox tanımışdır. Və ya budur, Qırğızıstanı Çingiz Aytmatovun ədəbiyyatı üzrə tanıyırlar. Bəzən mədəni aksiyada öz xalqı haqqında daha çox demək olar, nəinki ona həsr olunmuş elmi konfransda.
Material Dmitri Savelyevin rəhbərliyi altında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən təqdim olunmuşdur
Mənbə: Trend.az