Ermənistan hökuməti sentyabrın 10-da baş tutan görüşdə Latviyayla təhsil, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında razılaşma imzalayıb. Təhsil və elm naziri Armen Aşotyan vurğulayıb ki, sənədin imzalanması Latviya ilə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində əhəmiyyətli addım olacaq.

O qeyd edib ki, razılaşma iki ölkənin ali məktəblərinin arasında bilavasitə əməkdaşlığın və əlaqələrin qurulmasına imkan verəcək, eləcə də tələbələrin, müəllimlərin və tədqiqatçıların mübadiləsi proqramlarının reallaşdırılmasına təkan olacaq.

Orta və ali təhsil müəssisələrində hər iki ölkənin dövlət dilinin, ədəbiyyatının və tarixinin tədqiqi və araşdırılması da gözləntilər sırasındadır.

Razılaşma qüvvəyə minəndən sonra tərəflər arası informasiya, təqaüdlər, pedaqoji və metodoloji materialların mübadiləsi aparılacaqdır.