Azərbaycan və bu ölkəyə aid olanların hamısı üçün 31 dekabr təkcə Yeni il ərəfəsi – necə deyərlər, Bayram axşamı deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində milyonlarla azərbaycanlı bu günü bayram edir. Dalma Newsə (Dalma xəbərlərinə) müsahibədə Azərbaycan diasporunun nümayəndələri xaricdəki həmvətənlərlə qarşılıqlı münasibətlər və Həmrəylik gününün onlar üçün nə demək olduğunu şərh etmişlər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışmış Heydər Əliyev tərəfindən elan edilmişdir. Bu tarix təsadüfən seçilməmişdir. 31 dekabr 1989-cu ildə Naxcıvan ASSR ərazisində bir qrup insan Sovet-İran sərhədini dağıtmış və iranlı soydaşları ilə görüşmək üçün Araz çayını keçmişdir. Həmin gün İstanbulda Dünya Azərbaycanlılarının tarixdə ilk konqresi açılmışdrır. Məhz bu iki hadisə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin statistik məlumatlarına görə, dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Daha çox azərbaycanlı İranda yaşayır – 30 mln., Türkiyə – 3 mln., Rusiya-2 mln.

Hakim İbrahimov, idmançı (Azərbaycan)

“Biz həqiqətən də həssas,ürəyiyanımlı və mehriban xalqıq – yalnız yaxınları deyil, həm də yardımımıza və dəstəyimizə ehtiyacı olan tanış olmayanları da darda qoymamağa çalışırıq. Bakıya köçməzdən əvvəl uzun müddət Orta Asiyada yaşayırdım və yadımdadır ki, valideynlərim həmvətənlərlə yaxın münasibət və əlaqələr saxlayırdılar, bayramlarda böyük kompaniyalarla toplaşır, bir-birinə kömək etməyə çalışır, bir sözlə, bir yerdə qalır, bir-birinə arxa olurdular”, – deyə Hakim İbrahimov bildirir.

Hakim İbrahimov

«Son zamanlar eqosentrizmlə həmsərhəd olan fərdilik tendensiyasını müşahidə etməyə başladım. Bəlkə də bunlar Avropa mədəniyyətinin meylləridir. Amma bizə görünməz sıx birlik xəttini itirməmək əksinə daha da inkişaf etdirib möhkəmlətmək lazımdır. Əks halda biz ayrı-ayrılıqda qalsaq, ölkənin və millətin problemlərini həll edə bilmərik. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə gəlincə, mənim bu bayrama iki münasibətim var. Bir tərəfdən, bu bayrama ehtiyac yoxdur, çünki millətin birliyi, həmrəyliyi haqqında yalnız bayramdan -bayrama danışmaq lazım deyil. Digər tərəfdən, bu, bizi toplayan və birləşdirən məsələləri müzakirə etmək üçün hamımızı bir araya gətirmək üçün daha bir rəsmi səbəbdir», — deyə Hakim İbrahimov hesab edir.

Elnarə Məmmədova, stomatoloq (Ukrayna)

“Valideynlərim 1988-ci ildə Ukraynaya köçüblər. Əvvəllər şəhərimizdə-Xarkovda çoxlu qohumlarımız və dostlarımız yaşayırdı, lakin son 10 il ərzində onların əksəriyyəti Azərbaycana köçmüşdür. Gizlətmirəm, ailəm də vətənə qayıtmağı planlaşdırırdı, amma Ukrayna bizim üçün ikinci ev oldu və biz bu addımı atmağa cəsarət etmədik. Yaxın qohumlarımızın bizim yanımızda olmamasına baxmayaraq, biz özümüzü tənha hiss etmirik, çünki bu gün Ukraynada yarım milyona yaxın azərbaycanlı yaşayır, burada da həm kədərdə, həm də sevincdə bizi dəstəkləməyə hazır olan çoxlu soydaşlarımız var”, — deyə Elnarə Məmmədova bildirib.

Elnarə Məmmədova

“Sözün düzü, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün mövcudluğundan bir neçə il əvvəl xəbər tutdum. Ancaq son vaxtlar hiss etməyə başladım ki, bu bayram Ukraynada, xüsusən də tarixi vətəninə və Azərbaycan xalqının birliyinə həssaslıqla yanaşan həmvətənlər arasında ildən-ilə daha geniş yayılır. Yeri gəlmişkən, Ukraynada Həmrəylik Gününü təkcə etnik azərbaycanlılar deyil, həmçinin Azərbaycanda doğulmuş və böyümüş insanlar da qeyd edirlər”,- deyə o bildirir.

Bayram Rüstəmov, pedaqoq (Özbəkistan)

“Özbəkistanda 70 minə yaxın azərbaycanlı yaşayır. Hər il Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə banket zallarında və ya Mədəniyyət Mərkəzinin divarları arasında Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl bayramına həsr olunmuş təntənəli mərasim keçirir. Ailəmizin ənənəsinə gəldikdə isə, bizdə heç bir yeni il bayramı Azərbaycanın və xalqımızın başı üzərində dinc səma arzusuna həsr olunmuş tostlarsız keçinmir”, — deyə Bayram Rüstəmov bildirib.

Bayram Rüstəmov

“Əslində, Həmrəylik Günü Azərbaycan gəncləri arasında əlaqələrin bütün dünyada möhkəmlənməsində mühüm rol oynayır. Yaşlı nəsil əksəriyyətində öz həmyerliləriylə əlaqələri və sıx ünsiyyəti saxlayır ki, bunu nə indiki , nə də yetişməkdə olan nəsil haqqında demək mümkün deyil. Ona görə də bu bayramın keçirilməsinə ehtiyac var və onun mənası təkcə diaspor nümayəndələrini birləşdirməkdən ibarət deyil, həm də soydaşlarımızın öz köklərini, mədəniyyətini, tarixini xatırlamalarından ibarətdir. Amma hələ ki, azərbaycanlılar bu bayramı kütləvi şəkildə qeyd etmirlər. Yəni onu ümumxalq bayramı adlandırmaq olmaz, amma istisna etmirəm ki, gələcəkdə vəziyyət dəyişəcək”, — deyə Rüstəmov vurğulayıb.

Elnara Nəzirova, mama-ginekoloq (Almaniya)

“Ailəmiz 2009 – cu ildə Aİ Mavi kartı üzrə ailə vizası (tələbat olan yüksək ixtisaslı mütəxəssislərə daimi yaşayış üçün proqramı sadələşdirilmiş mülki icazənin alınma proqramı -Red.) çərçivəsində Almaniyaya köçmüşdür. Bizim üçün yeni həyata alışmaq asan deyildi,çünki biz o vaxt alman dilini bilmirdik, demək olar ki, xarici ölkədə tək idik və yad Avropa mentaliteti də özünü göstərirdi. Bununla belə, biz çətinliklərdən uğurla keçdik və yeni həyat qura bildik. Yeni tanışlarımız – Almaniyada yaşayan soydaşlarımız bizə əvəzsiz mənəvi dəstək göstərdilər. Bizim Nürnberq şəhərində 1 minədək azərbaycanlı ailəsi, Bütün Almaniya ərazisində isə 200 mindən artıq azərbaycanlı yaşayır”, — deyə Elnarə Nəzirova bildirir.

Elnara Nəzirova

«Almaniyadakı azərbaycanlılar sıx birlikdə yaşayır və bir-birlərini dəstəkləyirlər, çünki biz burada azıq və doğma vətənimiz üçün darıxırıq. Təəssüf ki, bu il Həmrəylik gününü həmyerlilərimlə birlikdə qeyd edə bilməyəcəyəm, çünki xəstəxanadakı növbətçiliyim dekabrın 31-nə düşür, amma ailəm bu günü dostlarımızla birgə qeyd edəcək ” – deyə Nəzirova bildirdi

 

Lеylа Əlizadə