Azərbaycanda siqaretlə mübarizə üzrə yeni kampaniya başlamışdır. Azərbaycan Milli Məclisi birinci oxunuşda «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» qanun layihəsini qəbul etmişdir. Qanun siqaret çəkməyin qadağan olduğu yerləri müəyyənləşdirir. Siyahıya təhsil müəssisələri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi yerlər daxil edilmişdir. Siyahıya həmçinin ticarət obyektləri, restoranlar, kafe və barlar, eləcə də digər iaşə obyektləri, mehmanxanalar, səhiyyə ocaqları, reabilitasiya mərkəzləri, sanatoriyalar, kurortlar, sosial obyektlər, teatr və kinoteatrlar, sərgilər, oxu zalları, kitabxanalar, muzeylər və digər mədəniyyət ocaqları, yeraltı və yerüstü keçidlər daxildir.
Bundan başqa, qanun layihəsi təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, avtobus və taksilər, vestibül, keçid və platformalar, metro vaqonları, hava, dəmir yolu, dəniz və çay nəqliyyatı, avtobus dayanacaqları, vağzallar, çay və dəniz limanları, hava limanları, taksafonlar, liftlər, çoxmənzilli binaların ümumi meydançaları, yanacaq doldurma stansiyaları, eləcə də tez alışan maddələrin saxlandığı bina və müəssisələr, uşaq meydançaları, çimərliklər, təşkilatların, müəssisələrin və idarələrin iş yerlərinə də şamil edilir.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı ətraf mühitin mühafizəsı və siqaret çəkməkdən irəli gələn xəstəliklərin qarşısını almaq üçün, ayrı-ayrı sahələrdə, bina və obyektlərdə siqaret çəkməyə qadağa qoya, tütün məmulatına tələbatı azaltmaq məqsədilə vergi və qiymət siyasətini dəyişə, tütün məmulatlarının satış və reklamını qadağan edə yaxud məhdudlaşdıra bilər və s.
Hazırda tütün istehlakı «Tütün və tütün məmulatı haqqında» qanunla tənzimlənir. Qanun siqaret çəkmə və tütün məmulatlarının açıq şəkildə nümayiş etdirildiyi uşaq radioproqramları, şou tamaşalar, filmlər və televiziya verilişlərinin yayımını qadağan edir. Böyüklər üçün tütün və siqaretdən istifadənin nümayiş etdirildiyi tamaşalar, radioproqramlar, kino və televerilişlər isə, siqaret çəkməyin zərərləri haqqında sosial reklamla müşayiət olunmalıdır.
Qanun layihəsinin müəllifi deputat Musa Quliyevin Dalma Newsə bildirdiyi kimi, əhali arasında zərərli vərdişin kökünü kəsmək üçün maarifləndirmə işi ilə bərabər, müvafiq inzibati, hüquqi və sosial tədbirlər görmək lazımdır. Onun fikrincə, təkcə cərimələrin məbləğini göstərmək deyil, həm də qanunun həyata keçirilməsi və cərimənin alınması ilə məhz kimin və hansı orqanların məşğul olacağı, buna kimin məsul olacağını da müəyyənləşdirmək lazımdır. «Məsələn, Türkiyədə buna görə bələdiyyə orqanları, hardasa — icra hakimiyyəti cavab verir, bir çox ölkələrdə qanuna əməl olunmasını hüquq-mühafizə orqanları izləyir»,- deyə o bildirib.
Millət vəkili qanunu pozan vətəndaşlardan cərimələr necə alınacaq sualına cavab olaraq bildirmişdir ki, ictimai yerlərdə siqaret çəkməyə görə həm fiziki, həm də hüquqi şəxslər cəzalandıracaqlar. Restoran və kafelərdə, xəstəxana, poliklinika və mağazalarda, ümumiyyətlə, siqaret çəkmək üçün nəzərdə tutulmayan və məxsusi olaraq təchiz olunmayan bütün yerlərdə siqaret cəkmiş bütün vətəndaşlara inzibati cəza tətbiq olunacaq. Bu qanun layihəsinin mahiyyəti yalnız hər hansı yerlərdə siqaret çəkməyə qadağa qoymaqdan ibarət deyil. Bizim məqsədimiz – azaltmaq, ideal halda isə, tütün istehlakını heçə endirməkdir. Odur ki, qanunda siqaret çəkmənin profilaktikasına yönəlmiş tədbirlər də öz əksini tapmışdır. Məsələn, İctimai televiziya ayda 3 saatdan az olmayaraq, öz efirini antisiqaret təbliğatına həsr etməli olacaq», — deyə o bildirmişdir.
Öz növbəsində səhiyyə nazirinin müavini Elsevər Ağayev hesab edir ki, siqaret çəkmək təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün böyük ictimai problemdir.
«Siqaret çəkmənin məktəblilər arasında yayılması sağlamlıq üçün ikiqat təhlükəlidir və Səhiyyə nazirliyi bu məsələyə diqqətlə yanaşır. Biz hesab edirik ki, siqaretlə mübarizəni təkcə məktəblilər arasında aparmaq düzgün deyil. Azərbaycanda artıq siqaretlə mübarizənin sərtləşdirilməsi üzrə hazırlıq işləri aparılır. Gələcəkdə siqaret çəkməyə icazə verilən yerlərin məhdudlaşdırılmasına dair qanun layihəsinin yenidən baxılması gözlənilir», – deyə o qeyd etmişdir.
Burada başqa bir sual qalxır: bəs çayxana, qəlyanxana, bar və qəlyanaltı yerlərilə nə olacaq? Bütün bu əyləncə təklif olunan yerlərdə bu qəbildən olan müştərilər öz istirahətlərini siqaretlə bəzəməyi üstün tuturlar və təəssüf ki, bunsuz heç cür keçinmək olmur. Bütün bu biznes sahibləri çətin ki, öz müştərilərinə «siqaret çəkənlər üçün xüsusi zal» təklif etmək iqtidarında olsunlar. Deməli —ya cərimələr, ya da belə bir şəraitdə biznesi kənara qoymaq ki, belə olan halda o dərhal öz mövqeyini əldən verməyə başlayacaq.
Ekspertlər deyirlər ki, arzusunda olan hər kəs öz ehtiyacını ödəmək üçün hər cür qadağa əleyhinə həmişə çıxış yolu tapacaq. Bir variant kimi, tütün və siqaretçəkmə ləvazimatlarının ticarəti İnternetə keçəcək. Orada reklam sarıdan da hər şey sadədir və məhdudiyyətlər təzyiq göstərmir. Doyunca həzz almağın başqa bir yolu girişi yalnız etibarlı müştərilərə rəva görülən qondarma klub formatı ola bilər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli hesab edir ki, tütünsüz qəlyandan istifadəni genişləndirmək lazımdır. «Azərbaycanda qəlyan çəkmək bir ənənədir və bu, normal haldır. Qəlyan ölkəmizdə lap çoxdan istifadə olunur. Tütünsüz qəlyan çəkməyə qadağa qoymağa ehtiyac yoxdur. Bu ekzotik bir şeydir, üstəlik, turistlərin cəlb edilməsi üçün də istifadə oluna bilər. Müasir dövrdə qəlyan çəkilən zaman müştüklər dəyişdirilir, müəyyən filtrlər qoyulur ki, bununla zərərli maddələrin orqanizmə daxil olmasının qarşısı alınır», – deyə o qeyd etmişdir.
Hər şeydən əvvəl qadağanın total xarakter daşıması rеstorator Аyxan Əliyevin ürəyincə deyil. Belə olan halda siqaret çəkənlərə öz restoranları lazımdır ki, onlar kobud desək, öz məsuliyyətləri altında sağlamlıqlarını puç edəcəklər. Və ən nəhayət, bu, hər kəsin öz işidir.
«Oyun müəssisələri ilə baş verənlərdən — bir hissəsinin bağlanması, bir qisminin isə hələ də işləməsindən və bu haqda hamının xəbərdar olmasından çıxış edərək demək olar ki, növbəti dəfə də qanundan yan keçmək yolunu tapa biləcəklər. Mən hesab edirəm ki, bir sıra siqaret çəkən və çəkməyən müəssisələri müəyyənləşdirib ayırmaq lazımdır və onda hər bir kəs hara getməyi və hara getməməyi özü seçə bilər», — deyə restoran sahibi Dalma Newsə bildirmişdir.
Türk kafesinin sahibi Onur Kayaxanoğlu isə hesab edir ki, siqaret çəkilməsinə qadağa onun biznesinə təsir etməyəcək. «Bizim kafedə onsuz da çəkmirdilər, odur ki, bu, bizim işimizə heç cür təsir göstərməyəcək», — deyə o, Dalma Newsə bildirmişdir.
«Azərbaycanda tütünçülüyün böyük potensialı var. Biz bu sahəni bərpa etməliyik. Sovet dövründə indikindən təxminən on dəfə çox tütün yetişdirilirdi. Bu il 3 min hektar ərazidə tütün becərilir və 3-4 min ton məhsul əldə ediləcək. Biz qısa müddət ərzində bu rəqəmi 10 minə qaldırmalıyıq və buna nail olmaq mümkündür. Pambıqçılıqda olduğu kimi, burada da subsidiyalar verilir. Əlbəttə, siqaret istehsalı üzrə yeni müasir fabriklərin tikintisi də nəzərdə tutulmalıdır . Ona görə yox ki, vətəndaşlarımız daha çox çəksinlər — bu, pis vərdişdir. Mən özüm siqaret çəkən deyiləm və heç kəsə məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq», — deyə Azərbaycan prezidenti İlham Əliyev yaxınlarda Yevlaxda sahibkarlarla keçirilən müşavirə zamanı bəyan etmişdir.
Təkcə ötən il dövlət başçısı ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyi üçün tütün istehsalçılarına emal müəssisələrinə satılmış hər kiloqram quru və 10 kiloqram xam tütünə görə 0,05 manat məbləğində subsidiyaların ayrılması haqqında sərəncam imzalamışdı. Kənd təsərrüfatı nazirliyi 7 rayonun 197 istehsalçısına 927,6 ton quru və 9981,1 ton xam tütünün təhvilinə görə 96,3 min manat həcmində subsidiyalar verilməsi haqqında qərar qəbul etmişdir.
Siqaretçəkmə problemini həll etmək çox vacibdir – burda bütün ekspertlər həmrəydirlər. ÜST-nin (Ümumdünya səhiyyə təşkilatı) məlumatına görə, tütündən istifadə dünyada sağlamlıq üçün ən böyük təhlükələrdən biridir. Azərbaycanda əsasən kişilər siqaret çəkir, ancaq tütün həvəskarı olan qadınların da sayı günü-gündən artır. Səhiyyə nazirliyinin məlumatına görə, Azərbaycanda kişilərin 50%-i, qadınların isə 10%-i siqaret çəkir və meyllər təsəlliverici deyil: son illər siqaret çəkən yeniyetmələrin də sayı artıb.
Lakin qeyd etmək lazımdır ki, siqaretlə mübarizə çoxdan bəri biznesin hansısa bir növünə dönmüşdür. Tütünlə müharibə görünməmiş vüsət alıb. Ona hamı — əczaçılıq şirkətləri, məmurlar, ictimai xadimlər qoşulmağa çalışırlar. Və bir çoxları ehtiyat edirlər ki, аntitütün qanun korrupsiyalaşmış məmurların yeni gəlir mənbəyinə dönəcək, siqaret oliqarxları isə çalışacaqlar ki, öz ziyanlarını hələ qanun qəbul edilənə qədər əhalinin siqaret çəkən təbəqələrinin hesabına ödəsinlər.
Hazırlayanı Məqsud Talıblı