Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, dünyada 38 milyon kor və qörmə qabiliyyəti tam korluq təhlükəsi qarşısında olan 110 milyon insan yaşayır. Azərbaycan Korlar cəmiyyətinin məlumatına görə isə, ölkədə 42 min kor və görmə qabiliyyəti zəif olan vətəndaş yaşayır. Bu rəqəmin təxminən 32%-i uşaqların payına düşür. Daha kədərli olanı isə odur ki, dünyada bütün korların yalnız 10%-i Brayl şrifti ilə oxuya bilir. Böyük əksəriyyət sevimli kitabları oxumaq, onların durumuna uyğunlaşdırılmış kompüterdən və smartfondan istifadə etmək, doğmalara mesajlar yazmaq və s.imkanlardan məhrumdur, çünki əlifbanı öyrənə bilmirlər.

Bununla yanaşı, Azərbaycan ixtiraçısı Rəşid Əliyev bütün dünyanın milyonlarla kor vətəndaşına hərfləri əl ilə görüb oxumaq imkanı yaratmağa çalışır. O, «Braille Teach» mobil cihazını yaratmışdır ki, onun köməyi ilə korlar Brayl əlifbasını tez bir zamanda mənimsəyirlər.

— Kor və görmə qabiliyyəti zəif olanlar üçün cihaz icad etmək ideyasının necə doğulması barədə danışa bilərsinizmi?

— Hər şey hələ universitetdə başladı. Bizim ali məktəbdə görmə qabiliyyətini sürətlə itirən oğlan oxuyurdu. Bizim tanışlığımız zamanı gəncin görmə qabiliyyəti artıq sıfra enmişdi ki, bu faktiki olaraq həkimlər tərəfindən korluq kimi təsnif edilir. O, tam təhsil ala bilmədi, odur ki, universitet təhsili audiokitabları dinləməyə endirildi. Bir dəfə onun dostu mənim yanıma gəlib, zəif görənlərın oxumaq və yazmağı öyrənə bilmələri üçün hansısa cihaz və ya proqramın mövcud olub-olmadığı ilə maraqlandı. Mən korlar üçün xüsusi kompüterlər olduğunu, lakin onların çox baha – minimum 3 000 dollar dəyərində olduğunu izah etdim. O dövr üçün bu, bir növ əfsanəvi məbləğ idi və onun ailəsi bunu əldə etmək imkanına malik deyildi. Üstəlik, o, Braylın yazı şriftini bilmirdi, ona görə də belə kompüterdən istifadə edə bilməzdi.

Rəşid Əliyev

— Onun problemi necə həll olundu?

— Təəssüf ki, bilmirəm. Universiteti bitirdikdən sonra yollarımız ayrıldı və mən onun haqqında daha heç nə eşitmədim. Ən dəhşətlisi odur ki, dünyada onun kimi insanlar çoxdur. Bildiyiniz kimi, Brayl əlifbası korların öz barmaqlarının yastıqcıqları ılə hiss etdikləri altı qabarıq konveks nöqtənin birləşməsidir.

Və əksər öyrənənlərlərdə xüsusilə böyüklərdə ən böyük çətinlik – barmaqların uclarında toxunma hissinin çox zəif inkişaf etmişindədir. Görmə qabiliyyətini yetkin yaşda itirmiş gənclər və orta yaşlı insanlara bu bacarıqlara yiyələnmək üçün bəzən bir neçə il tələb olunur, bəziləri üçün isə belə bir məsələ ümumiyyətlə mımkünsüz və əlçatmaz olur. Statistika bildirir ki, bu gün dünyada kor və görmə qabiliyyəti zəif olan insanların yalnız 10% – i Brayl əlifbası ilə oxuya bilir. Bu, dəhşətli rəqəmdir.

Nə vaxtsa bir layihə üzərində işlədiyim zaman, onlara elektrik gərginliyi əlavə edərkən, kiçik elektroaktiv polimerlərin öz formasinı – uzunluq və hündürlüyünü dəyişdirməsi məni heyrətə saldı. Əksər hallarda elektroaktiv polimerlər robot texnikasında xətti aktuarlar( lineer aktuatorlar) kimi istifadə olunur.

Mən öz kəşfimdə daha da irəliləməyə qərar verdim, əks rabitə və həssaslığa malik aktiv displeydən ibarət bir planşet – Braille Pad yaratmağı sınaqdan çıxarmağa çalışdım. Bundan nəsə alınmağa başlasa da, maliyyələşmənin olmaması üzündən işi dayandırmağa məcbur oldum. Onu davam etdirmək üçün isə 150 min dollar lazım idi. Yeri gəlmişkən, bəzi xarici təşkilatlar Braille Padıi XXI əsrin Top-5 ixtiralarına daxil ediblər.

— «Braille Teach» aparatının ixtirasına nə vaxt başladınız?

– 2016-cı ildə ezamiyyətdə olarkən qatarda bir kor gənclə tanış oldum. Onunla söhbət etməyə başladıq. O, altıncı sinifdən görmə qabiliyyətini tez itirməyə başladığını, 20 yaşında isə, həkimlərin onun qarşısında görmə və ya həyat seçimi qoyduqlarını söylədi. Məlum oldu ki, göz problemləri beynin iltihabına səbəb olmağa başlamış, odur ki, hər şeyi olduğu kimi saxlamaq mümkün deyildi, əks halda o iki-üç ildən sonra dünyasını dəyişə bilərdi. Həyatı xilas etmək üçün göz almacıqlarını çıxarmaq lazım idı. Sanki, aydınlıqdan əbədi qaranlığa düşmək psixoloji cəhətdən insanı sındıra bilər. Amma bu halda yox, o, həyata olan maraq və həvəsini itirməmiş, əksinə, o, çox inkişaf etmiş və çox şeylə maraqlanıb aludə olan bir insana dönmüşdü. O, sizinlə bizim yaşadığımız kimi, ancaq qaranlıqda yaşayır. Mağazalara gedir, musiqiyə qulaq asır, dostlarla görüşür və s. Onun həyatını ciddi şəkildə çətinləşdirən yeganə şey – oxumağı bacarmaması idi. Onunla ünsiyyətdən sonra korluq probleminə daha çox aludə oldum və interaktiv cihaz yaratmağa başladım. Beləliklə, düymələrini basmaqla gözləri görməkdən məhrum olanların əlifbanı tez öyrənə biləcəyi düyməli cihazı icad etdim. Düzgünlüyü süni intellekt izləyir və seçilmiş kombinasiyadan asılı olaraq, mexaniki səs hərfi təkrarlayır və ya nöqsan haqqında məlumat verir.

— Siz testləşdirmə aparmısınız ?

— Əlbəttə. Yeni tanışım və digər kor insanlar ixtiranı sınaqdan keçirmişlər. Ümumiyyətlə, onlar qurğudan razı qalmışlar, lakin qeyd-şərtlər olmuş və təkmilləşdirmə ilə bağlı təkliflər də verilmişdir. Mən bütün fikirləri nəzərə almağa və cihazı yaxşılaşdırmağa çalışdım. Qeyd edim ki, onun köməyi ilə bütün bu insanlar əlifbanı kifayət qədər tez öyrəniblər, indi onlar rahatlıqla oxuyur və mətnləri yazırlar. Həmçinin, Bakının kor uşaqların təhsil aldığı 5 saylı məktəbinə beş cihaz hədiyyə edilmişdir. Müəllimlərin sözlərinə görə, uşaqlar razı qalmışlar, çünki onun köməyi ilə təhsil prosesinin maraqlı oyuna çevirməsinə nail olunmuşdur. Bu gün ixtira Azərbaycan, Ukrayna, Sinqapur, ABŞ və digər ölkələrdə sınaqdan keçirilmişdir.

— Onun dəyəri nə qədərdir?

— 60 dollardır. Demək olar ki, bazarda korlar üçün təqdim olunan bütün gadjetlər xeyli baha olduğundan bir çoxları üçün əlçatmazdır. Ona görə də, mənim üçün maksimum səmərəli, eyni zamanda ucuz cihaz icad etmək vacib idi. Son il yarım ərzində müxtəlif ölkələrin sakinləri üçün satışa 400-dən çox cihaz buraxmışıq. Bütün cihazlar əllə yığılmışdır. Cib qurğusu cəmi 150 qram ağırlığında omaqla dörd əlifbanı — Azərbaycan, rus, ingilis və alman əlifbalarını «bilir». Ancaq dil seçimlərini genişləndirmək imkanı var. Məsələn, bu yaxınlarda Tacikistanda testləşdirmə üçün bizdən bir neçə cihaz alınmışdır. Onlar cihazı bəyənmişlər. Əgər onlarda Braille font standartları varsa, biz tacik və hər hansı digər dilləri daxil etməyə hazırıq.

— Cihazı qurarkən hansı problemlərlə üzləşmisiniz?

— Çətinliklərin əksəriyyəti maliyyə çatışmazlığı ilə bağlıdır. Bir aparatın istehsalı bir gün çəkir. Yəni tam məşğulluq zamanı ildə 300-dən bir qədər çox nüsxə istehsal edə bilərəm. Hər ay sifarişlərin həcminin artdığını nəzərə alsaq, tələbatı ödəmək mümkün deyil. Hazırda mən kütləvi istehsala başlamaq üçün fəal surətdə investor axtarıram. Bundan əlavə, Çin şirkətini qeydiyyatdan keçirmiş və qrant almaq üçün müraciət etmişəm. Əgər qalib gəlsəm, Çində — dünya bazarlarına elektronika ixracı üzrə lider ölkədə istehsala başlayacağam. Həmçinin böyık miqdarda cihaz almaqda maraqlı olan Avropa beynəlxalq şirkətləri və qeyri-dövlət təşkilatları ilə də əlaqələr qurmuşam.

—Bütövlükdə Azərbaycanda elmə dəstək necə həyata keçirilir?

Ölkəmizdə istedadlı gənc alimlər, konstruktorlar, ixtiraçılar, mühəndislər az deyildir. Bir qayda olaraq, ən istedadlı mütəxəssislər Azərbaycanda qalmırlar, xarici şirkətlər onları tez bir zamanda necə deyərlər, saf-çürük edib götürürlər.

Yaxşı iş şəraiti və yüksək əmək haqqı ilə onları özlərinə cəlb edirlər. Buna görə, alimlərimizin əksəriyyəti xarici ölkədə dünya səviyyəsində tanınırlar və bu, çox kədərlidir. Düzdür, sonra onların bəziləri geriyə — evə qayıdırlar, amma əksəriyyəti əbədi olaraq Vətəndən uzaq yaşamaqda qalırlar. Yeri gəlmişkən, elə hallar olur ki, uşaqlarımızın əməyindən və biliyindən vicdansızcasına istifadə edirlər, onlara vəd olunan məvacibi vermirlər, amma xoşbəxtlikdən belə nümunələr azdır.

— Nə üçün Vətəndə realizə oluna bilmirlər? Buna nə mane olur?

— Dəstək yoxdur, xüsusilə yaşlı nəslin dəstəyi çatmır. Təəssüf ki, elm gənc tədqiqatçıların əlində deyil. Baş tutmuş mütəxəssislər bəzən gənc alimlərə əsassız və qeyri-obyektiv olaraq qərəzli münasibət bəsləyirlər. Əvvəlcə məni də ciddi qəbul etmirdilər, amma vaxt keçdikcə özümü göstərib sübut edə bildim ki, mənim ixtiralarım oyuncaq deyil. Mənim əməyimə münasibət yalnız beynəlxalq sertifikatlar, mükafatlar, nüfuzlu təşkilatlardan müsbət rəylər almağa başladıqdan, yəni xaricdəki qədr-qiymətimdən sonra dəyişdi. Bu anormal bir vəziyyətdir. Bəlkə də buna görədir ki, cəmiyyətdə elmi fəaliyyətə maraq, alimlik peşəsinə hörmət azalır.

— Sizcə, istedadlı gəncləri ölkədə necə saxlamaq olar?

— Dövlət gənc alimlərə kömək əlini uzatmayınca, Azərbaycan elmi ictimaiyyətinin potensialı tam surətdə açıqlanmayacaq. Amma dediyim kimi, bizdə çox istedadlı uşaqlar var. Məsələn, Leyla Tağızadə Qlobal Sahibkarlıq sammiti – 2016-nın qalibi olmuş, mən isə, yeri gəlmişkən, Amerika Elmin inkişafına yardım assosiasiyasından da pride memberə layiq görülən ilk azərbaycanlıyam. Həmçinin bu ilin fevral ayında Forbes «30 Under 30» siyahısına düşmüş, dünyanın ən parlaq liderlərini ayıran Zərəngiz Hüseynovanı da qeyd edə bilərəm. Britaniyanın ictimai teleradio şirkəti ВВС -nin versiyasına görə, 16 yaşında Forbesə və 100 ən ruhlandırıcı və nüfuzlu qadın siyahısına daxil olan Reyhan Camalovanı da qeyd edə bilərəm. Bu məktəbli qız yağış suyundan enerji istehsalı ilə məşğul olan Rainergy şirkətinin təsisçisidir. Və onlar kimi uşaqlar hələ çoxdur,ancaq bunlar hələlik sadəcə olaraq «kölgədədirlər». Onlara özlərini tanıtmaqda kömək etmək və və elmə maraqlarını dəstəkləmək lazımdır. Çünki ölkənin iqtisadi və sosial inkişafı əsasən milli elmin inkişaf səviyyəsindən asılıdır.

— Bunun üçün hansı həvəsləndirici stimul və təşviqlər lazımdır?

— Ədalət naminə qeyd etmək lazımdır ki, artıq Azərbaycan bu yola düşmüşdür. Dövlət gənc mütəxəssislərin startap layihələrini dəstəkləməyə başlayıb, lakin indi tətbiq olunan səylər kifayət etmir. Məsələn, ölkədə iş masaları ilə təchiz olunmuş və internetə çıxışı olan gənclər mərkəzləri açılır. Amma bu, problemin həlli deyil. Allaha şükürlər olsun ki, bu gün praktiki olaraq hər bir mənzil ev interneti ilə təmin olunub və evdən çıxmadan lazımi məlumatı tapmaq mümkündür.

Bu məsələyə tam başqa cür yanaşmaq lazımdır. Xüsusilə, ölkəmiz bu sahədə müsbət təcrübəyə malik və bizə milli intellektual kadrlar yetişdirib yüksəltməyə kömək edə bilən beynəlxalq ekspertlər və təşkilatlarla daha fəal əməkdaşlıq etməlidir. Elm, texnologiya və innovasiyalara investisiyaların həcmini artırmaq vacibdir. Maliyyə dəstəyi də təkcə dövlətin yükü olmamalıdır.Azərbaycanda öz biznesini quran böyük özəl şirkətlər də bu məsələdə iştirak etməlidirlər. Xaricdə özəl sektor, demək olar ki, hökumətlə bərabər, öz bizneslərini qurduqları ölkənin müvəffəqiyyəti və rifahı naminə elmə sərmayə qoyur. Təəssüf ki, bizim sahibkarların buna münasibəti tamamilə fərqlidir.

 

Fəridə Məmmədova