Azərbaycan paytaxtında göydələnlər, çoxmərtəbəli yaşayış binaları inşa olunur. Köhnə binaların yerində yeni prospektlər salınır, məhəllələr başdan-başa sökülür ki, bu da həm ekspertlər, həm də sadə bakılılarda böyük narahatlıq doğurur.

Köhnə Bakı ilə nə baş verir? Dalma Newsin müxbiri Rusiya kultroloqu (mədəniyyətşünası), yazıçı, jurnalist və Bakı tarixinin tədqiqatçısı Oksana Bulanova ilə söhbət etmişdir. Oksana Bulanova son 14 il ərzində Azərbaycan paytaxtında yaşayır.

Köhnə Bakının simasını saxlamaq mümkün olubmu?

Bu, «köhnə Bakı» deyəndə nəyin nəzərdə tutulmasından asılıdır. Əgər söz Qala, Daxili şəhər – İçərişəhərdən gedirsə, bəli, zahirən, bu mümkün olmuşdur. Orada binalar bərpa olunmuş, gözəl işıqlandırılmışdır. Turistlərin xoşuna gəlir.

Tikililərin əksəriyyəti qorunub saxlanılmışdır. Təəssüf ki, hamısı yox – böyük hissəsi. Əlbəttə, bəzilərini çox köhnə və yararsızlığına görə saxlamaq mümkün deyil.

Bəs məsələn, yararsız hala düşən nədir?

Yaşayış evləri, XIX əsrin sonu – XX əsrin əvvəllərindəki yaşayış binaları və digər tikililər. Qala daxilindəki bəzi binalar, həqiqətən də bərbad vəziyyətdədir. Və ya daha dəqiq desək, onlar artıq minimal insani ehtiyaclara yaramırlar: kanalizasiya, su kəməri yoxdur. Məsələn, üç mərtəbəli bina, tualet isə bütün ev üçün bir – ümumi. Ancaq bununla belə, küçələr asfaltlanmış, hər şey səliqə ilə restavrasiya olunmuşdur. Bakının simvolu olan Qız qalasının yanındaki yaşayış evində qaranquşlar üçün xüsusi «kiçik evciklər» qurulmuşdur. Bütün bunlar birmənalı olaraq müsbət məqamlardır. Hətta köhnə Bakıya son dərəcə pərəstiş edib, onun qədimliklərini təbliğ edənlər belə buna etiraz edə bilməzlər.

İntəhası, həmişə bir «amma» var…

Bəli, burda, necə deyərlər, su ilə birlikdə uşağı da tullamaq riski var. Və belə şey kifayət qədər tez-tez baş verir. Köhnə evlərin yerində də tez-tez yeni bina – xüsusi ev, otel və ya hətta səfirlik yaranır. Bəzən bu yeni binalar öz yaxınlığındaki memarlığa uyuşur, bəzən isə yox.

Qədim şəhər ( biz isə indi Bakının İçəri Şəhərindən danışırıq) öz simasını saxlamalıdır.

Bəs belə nümunələr varmı?

Bax, elə Fransadaki Karkason şəhər-qalasını götürək. Orada tikinti qadağan olunmuş, orta əsr şəhərinin simasını pozan hər cür işə qadağa qoyulmuşdur. Kiməsə xoş gəlmirsə – çıxıb gedin. Lakin heç kimə bu şəhərin simasını dəyişməyə icazə verilmir.

Daha bir misal: bizim Lahıcda köhnə binövrə və ya təməli bərpa etmək, yaxud hətta onun üzərində şəhərin memarlığına uyuşan «yeni» bina ucaltmaq olar.

Belə ki, Qalada texniki cəhətdən yararsız hala düşmüş köhnə evləri götürüb sahmana salmaq olardı. Əlbəttə, bu, maliyyə qoyuluşu tələb edir. Və bu, yalnız Qalaya deyil, əgər söz XIX əsrin sonu – XX əsrin əvvəlindəki binalardan gedərsə, həmçinin Bakının «avropa» hissəsinə də aiddir.

Yeri gəlmişkən, prezident İlham Əliyevin Azərbaycan Respublikasında dayanıqlı və rəqabətgabiliyyətli qeyri-neft sektorunun inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti olmasının qeyd edildiyi fərmanı var . Və burada söz turizmdən gedir – Azərbaycan dövlətinin başçısı «Azərbaycan Respublikasında xüsusi təyinatlı turizm sənayesinin inkişafı ilə bağlı strateji yol xəritəsi»ni təsdiq etmişdir.

Böyük sayda ölkələr yalnız turizmin hesabına yaşayır. Götürək Praqa, Krakov, Varşava, Paris və köhnə Berlindən qalanları… Köhnə küçəciklər mənzərəli turizm yerlərinə çevrilir.

Bakıya gələn blogerlər, turistlər elə mərkəzdəki belə küçələri şəhərin «qızıl fondu» adlandırırlar. Bax bunları restavrasiya etmək lazımdır, çünki, insanlar buraya məhz bunun üçün gəlirlər. Göydələnlər onlara lazım deyil, əgər arzu edilərsə bunları başqa ölkələrdə də görmək olar. Bakıya qədimlilik və antiklilik arxasınca gedirlər, bunu aydınlaşdırmaq lazımdır.

Abadlaşdırıcı tikinti gedişində tarixi və ya memarlıq dəyəri olan evlərə toxunma halları olmuşdurmu?

Bəli, belə hal olmuşdu. Keçmiş Basin küçəsində Hacınskinin evinə toxunmuşdular. Onu xilas etdilər. Lakin, təəssüf ki, bu, yeganə nümunədir.

Bakıda «Qış bulvarı»nın inşası zamanı Dimitrov küçəsi, ev 21 ünvanında XX əsrin əvvəllərində modern üslubda tikilmiş unikal bina məhv edilmişdir. Fasadın dekorunda arı və kəpənək surətlərindən istifadə edilmişdi. Bu bütün dünyada modernə xas olmayan belə motivlərin daşıyıcısı olan yeganə nadir bina idi.

Belə unikal binalar nə üçün dağıdılmışdı? Bu, səriştəsizlik, irsə laqeydlik əlamətidir?

Mənə demək çətindir, burada çox güman ki, kompleks səbəblər var, amma qeyd edə bilərəm ki, Qış bulvarının Bakının mərkəzilə salınması üzrə layihə(təəccüb etməyin) hələ ötən əsrin 30-cu illərində ortaya çıxdı. O vaxt vəsait çatmadı. Sonra onun üzərinə Böyük Vətən müharibəsindən sonra qayıdıldı və yenə də pul tapılmadı.

Həmçinin İçərişəhər və şəhərin «avropa» hissəsinin yenidən qurulma layihəsi var idi. Ona əsasən, qədim evlər, hətta Qış bulvarının «yolu» üstündəki xüsusi evlər qalmalı idi.

Sizin fikrinizcə, biz artıq Bakı irsinin hansı mühüm obyektlərini itirmişik?

Bakı çox şey itirib. Bu həm də Avropa memarlıq nümunələridir. Məsələn, İçəri Şəhərdə «Ensiklopediya» binasını ötən əsrin 60-cı illərində sökülmüş memarlıq

şedevrinin yerində tikdilər. Şəhərin indiyəcən «Sоvetski» adlanan hissəsində isə məşhur «Atlantlarlı ev», qədim məscidin binası və s. Siyahını uzatmaq da olar.

20 il öncə Bakının tarixi mərkəzində binaların 70%-nin mədəni, tarixi və ya memarlıq dəyər kəsb etdiyini bildirən bir memarla söhbət etmişəm…

Mən hesab edirəm ki, o vaxt sizin müsahibiniz rəqəmi hətta kiçiltmişdir. Hansısa bina memarlıq baxımından hansısa dəyərə malik olmaya bilər, lakin onların hamısı tarixi dəyərə malikdirlər. İstənilən qədim şəhər öz tarixi irsini qoruyub saxlamağa cəhd etməlidir.

Biz Bakının simasını sadəcə olaraq kosmik sürətlə itirməkdəyik. Qurub-tikənlər insanlara rahat mənzillər vermək istəyirlər. Bu, çox gözəl, amma, mənim fikrimcə, komfortsuz mənzil probleminə ayrıca seçimlə, xüsusi yanaşmaq və sökməni dəqiq, nöqtəbənöqtə həyata keçirmək lazımdır. Bəs məhəllələr nə üçün sökülür?!

Eyni zamanda qeyd edim ki, Bakıda vəziyyət məsələn, Tbilisidəkindən daha yaxşıdır. Orada şəhərin mərkəzində bütöv məhəllələr var ki, burdaki evlərə dəmir tirlərlə dayaq verirlər. Yaxşı olardı ki, onları ümumiyyətlə dağıdıb söksünlər, ona görə ki, bu dəmir «qoltuqağaclı» əlil binalar göz yaşlarından başqa bir şey vermir.

Deməli, İçərişəhərlə yanaşı, köhnə Bakı hələ qalır?

Bəli. Allaha şükür olsun ki, şəhərin mərkəzi məhəllələrini sökməmişdir və belə qərar qəbul edənlərə təşəkkürlər! Onları yalnız qaydaya salırlar.

 

Hazırlayanı Мəmməd Мəmmədzadə