İyun ayında Bakıda eyni vaxtda iki yemək festivalı açıldı: Baku Food Festival və Organic Food festivalı. Birinci bayram — Baku Food Festival artıq beşinci dəfədir ki, keçirilir. Bu il onun üçün meydança “Sahil” parkında seçilib. Organic Food üçün isə yer Dənizkənarı Bulvarda ayrılmışdır.
Dalma Newsin müxbiri bu festivallara baş çəkərək, iştirakçılarla söhbət etmiş , ancaq o qədər də ürəkaçan və təsəlliverici nəticələrə gəlməmişdir : tədbirə gələnlər var, lakin təəssüf ki, gözlənilən ajiotaj müşahidə olunmur. Bəlkə də, bunun bütün günahı iyunda gözlənilmədən başlayan “avqust istisi”dir.
Hərçənd etiraf etmək lazımdır ki, sərgilərdə maraqlı məqamlar çox idi. Belə ki, Baku Food Festival məşhurların öz sevimli yeməklərini hazırladıqları “açıq mətbəx” ilə təchiz olunmuş, Bundan başqa, festivalda AVRO-2020 (Bakı, məlum olduğu kimi, qrup mərhələsinin və dörddəbir final mərhələsinin oyunlarını qəbul edəcək) layihəsi təqdim edilmişdir.
Organic Food festivalına gəlincə isə, burada onlarla yerli şirkətin ekoloji cəhətdən təmiz məhsulları təqdim edilmişdir. Amma burada da ziyarətçilərin nəzərəçarpacaq dərəcədə xüsusi bir axını yox idi.
Baku Food Festival sərgisinin iştirakçılarından biri sərinləşdirici içkilər təklif edən firmanın pavilyonunda çalışan Camal Quliyev Dalma Newsə danışdı ki, onun fikrincə, festival maraqlı keçir. “Bu məhsul mağazalarda qaldıqda, bu, sadəcə bir əmtəədir. Burada isə insanların yeməyin dadına baxmaq və onun necə olduğunu öyrənmək imkanı var. Həm də pulsuz. Buradakilər formal olaraq yeməyə heç bir aidiyyəti olmayan şirkətlərin pavilyonlarıdır və onlar hər halda, istehsalçı deyildir. Amma bunlar göstərir ki, onların mətbəx ləvazimatı və ya avadanlığının – aşpazlar, tava və qazanların köməyi ilə bişirilmiş yemək çox dadlı alınır. Biz isə içkiləri təklif və qonaq edirik. Digər firma öz yağı ilə yemək hazırlayır. Və insanlar yeməklərin dadına baxarkən, bunların keyfiyyətli olduğunu duyub başa düşürlər”, -deyə o qeyd etdi.
Camal Quliyevin sözlərinə görə, festival çoxlu sayda xarici turistin olması ilə yetərincə maraqlı və şən keçir. “Axşamlar o qədər də isti olmayanda bizdə musiqi proqramları olur, müxtəlif ifaçılar canlı çıxışları ilə adamları cəlb edib sevindirirlər, DJ –lər isə bütün gün ərzində işləyir. Əlbəttə, insanların çoxu 18:00-dan sonra olur. Gündüzlər burada yoldan keçənlər olur, axşamlar isə bizə şüurlu şəkildə gəlirlər. Mən deyərdim ki, hər gün parkdan və sərgidən yüzlərlə insan keçir, lakin xalqın toplaşması yoxdur”, — deyə həmsöhbətimiz bildirib.
Festivalın digər iştirakçısı Günel İslamlı müsbət ab-havanın hökm sürməsi fikrilə razılaşır. “Hər gün sərgidə maraqlı və yeni bir şey baş verir. Axşamlar insanlar canlı musiqi sədaları altında rəqs edirlər. Biz bu festivalda ilk dəfədir ki, iştirak edirik, ancaq düşünürəm ki, innən belə daimi iştirakçılara dönəcəyik”.
Öz növbəsində, Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov da Dalma Newsə bildirib ki, Bakıda bu cür festivalların keçirilməsi yerli və xarici turizmin inkişafı baxımından vacibdir: “Biz Organic Food festivalında iştirak edirik. Və turistlərin sərgiyə necə maraqla baxdıqlarını görürük . Mən hesab edirəm ki, pestisidsiz, GMO-suz təmiz üzvi qida istehsal edən firmaları göstərmək çox əhəmiyyətlidir. İnsanlar hansı firmaların bu cür məhsul buraxdığını bilməlidirlər “.
Əmiraslanovun sözlərinə görə, Organic Food festivalında xeyli yerli istehsalçı var: “Bu kiçik biznes və əslində, ədədi,yəni sayla və ədədlə satılan maldır. İnsanlar onlardan xəbərsiz idilər və bu məhsullar yalnız yaxınlarda nisbətən populyar olmuşdur. Və sərgi bu şirkətlərin tanınmasına kömək edir. Bəli, üzvi qida bir az bahalı ola bilər”.
Baku Food Festivalına gəldikdə isə, Tahir Əmiraslanovun dediyi kimi, onlar orada iştirak etmirlər, lakin təşkilatçılara uğurlar arzulayırlar. Bununla belə, Dalma Newsin müsahibi qeyd etmişdir ki, bu cür tədbirlərdə insanları cəlb etmək üçün az tanınmış ulduzların dəvət edilməsi və onların hər şeyi şouya çevirmələri onun xoşuna gəlmir.
“İstisna etmirəm ki, bu, kiminsə xoşuna gəlir. Ancaq təcrübə mübadiləsi, inkişaf məsələləri vardır. Festivallar nə üçün şouya çevrilməlidir? Bu gün sərgidə bir nəfər mənə yaxınlaşdı. Onun 5 hektar torpağı var və orada gözəl Bakı ənciri yetişdirir. O, məsləhət üçün müraciət etdi —ənciri necə qurutmaq daha yaxşıdır, axı yaxşı Türkiyə quruducuları 50 min dollara başa gəlir. Biz söhbətləşdik və ümidvaram ki, məsləhətlərimlə ona kömək edə bildim. Bir var məhsulu 48 və ya 36 saat qurudasan, bir də var vakuum qurutma ki,bu tamamilə başqa bir şeydir. Beləliklə, məhsul bir az daha ucuz başa gələcək və eyni zamanda tərkibindəki bütün faydalı maddələr saxlanacaq. Bir sözlə, mən hesab edirəm ki, bu cür festivalların ən vacib funksiyası yardım göstərməkdir. Əgər mən heç olmasa, bir insana məsləhət vermişəmsə, bu, artıq böyük müsbət haldır”, — deyə Tahir Əmiraslanov vurğulamışdır.
Həmsöhbətimizin dediyincə, bu cür festivallarda ilk baxışdan əhəmiyyətsiz görünə bilən hadisə baş verə bilər. Amma bu “kiçik” bir şey kiməsə ciddi kömək edə bilər: “Ərzaq sərgilərində şou keçirmək, pul qazanmaq lazım deyil. Bir daha təkrar edirəm: belə tədbirlərə az tanınan “ulduzları” dəvət etmək nə üçün lazımdır? Bu Zeynəb Xanlarova, Flora Kərimova deyil. Bizə fanera – “kontrplak altında” “hoppanıb – düşən” gəncləri calayırlar”.
Tahir Əmiraslanovun dediyinə görə, onun təşkilatı Nar, Alça festivalları keçirib(Naxçıvanda). Planda Ərik festivalı durur,çünki Azərbaycanda möhtəşəm əriklər var:”Bu da istehsalçılara həm özlərini, həm də öz məhsullarını göstərməyə imkan verəcək”.
Ekspert eyni zamanda, qeyd edib ki, səhər və gündüz istilik üzündən ziyarətçilərin sayı həqiqətən də çox deyil. Ancaq axşam saatlarında axın artır, xarici turistlər, bəziləri hətta qruplarla gəlir. “Bir çoxları mənimlə şəkil çəkdirirlər, çünki məni ya televiziyada, ya da hardasa internetdə görmüşlər (gülümsəyir-red.). Ümid edirəm ki, üzümüzə gələn illər bu cür festivallar daha önəmli keçəcəkdir”, — deyə Tahir Əmiraslanov qeyd edib.
Biz isə qeyd edək ki, doğrudan da, indiki Bakı sərgilərinə təkcə kreativlik deyil, həm də elementar mütəşəkkillik çatışmırdı. Hətta saat 14: 00-da belə pavilyonların çoxu bağlı idi, təşkilatçılar bir gecə ərzində çadırları cırıb dağıdan Bakı küləyini nəzərə almamışlar(səhər hər şeyi yenidən bərpa etmək lazım gəlirdi). Və əlbəttə, tədbirdə iştirak edən şirkətlərin dediklərinin əksinə olaraq, festivallarda pulsuz yemək az idi. Bakıda Formula-1-i keçirməyi öyrəniblər, amma “yemək bayramlarını” — hələ yox.
Мəmməd Мəmmədzadə