Bakının Suraxanı rayonu Zığ qəsəbəsində dünən axşam saatlarında torpaq sürüşməsi qeydə alınıb. Bu səbəbdən də bir neçə evdə iri çatlar əmələ gəlib. Yaxınlıqda yerləşən yarımtikilinin divarları isə demək olar ki, uçaraq yerə tökülüb. ANS PRESS-in məlumatına görə, Ətrafda yaşayan sakinlər artıq baş verənlərdən təşvişə düşüb. Sakinlərin sözlərinə görə, burda yaşamaq təhlükəlidir. Rayon icra hakimiyyəti tərəfindən də köçürülmürlər.
“Axşam saatlarında ailəmlə birlikdə evdə oturmuşdum. Birdən yüksəkdən səs eşidildi. Bu vaxt evin arxasında yerləşən qonşunun evinin bir hissəsi uçdu. Bu an evimin davarları çatladı. Biz tez bir zamanda evi tərk etdik. Təhlükəli bir vəziyyət yaranmışdır”,- deyə şikayətçi Müqasib Quliyev bildirib.
“Çox təhlükəli bir vəziyyətdə yaşayırıq. Ərazidəki evlərin çoxunun uçmaq təhlükəsi var. Evlərin divarlarında böyük çatlar yaranıb. Uşaqlarımız həyatı üçün çox narahatıq. Bu gün sürüşmə ilə bağlı mütəxəssislər gəldilər və süxurlardan nümunələr götürdülər”, – deyə şikayətçi Afaq Bayramova qeyd edib.
Daha sonra əraziyə Suraxanı rayon icra hakimiyyətinin nümayəndələri gəldi. Sakinlərlə onlar arasında mübahisə düşdü. Rayon icra hakimiyyətinin şöbə müdiri Xanoğlan Allahverdiyev bildirdi ki, onlar müəyyən addımlar atıblar. 32 qəzalı vəziyyətdə olan evin sakinlərinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım ayrılıb. Və onlar şəhərin başqa yerində kirayə yaşayır. Qaldı ki, digər ev sahiblərinə, qurum rəsmisi əlavə etdi ki, hər ay evlərin qəzalı olub-olmamsı ilə bağlı araşdırma aparılır. Dəyən ziyan hesablanır:
“Hazırda sürüşmə zonasından olan 52 evdən 30-a yaxın ev köçürülübdür. Qalan evlərdə isə yaşamaq mümkündür. Lakin sakinlərdə bəzilər köçmək istəmir”.
Sonda Xanoğlan Allahverdiyev onuda əlavə etdi ki, indiyə kimi 120 yaşayış sahəsi qəzalı ev kimi siyahıya alınıb. 55 evin isə tam qəzalı vəziyyətdə olması müəyyən edilib. Bu məqsədlə də həmin mənzil sahiblərinə maddi yardım ayrılacaq.