Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Novxanıda şortik qadağası ilə bağlı şərhi ölkə gündəmini dəyişmişdi. Sədrin dedikləri isə çox sadə və anlaşlan idi: “Onlara qarşı bir tədbir görülməlidir. Əsasən ictimai qınaq olmalıdır. Misal üçün şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin”.
Bu şərhindən az keçmir ki, Hafiz Hacıyevin şortikli şəkilləri mediaya yayılır. Nəticədə, sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilməsinə qərar verilir.
Şortikə həsr olunan yürüyüş festivalı isə dünən avqustun 2-də baş tutub.
AZXEBER.COM xəbər verir ki, Flashmob Azerbaijan tərəfindən keçirilən festivalın əsas məqsədi şortik geyinən insanlara dəstək olmaqdır.
Yürüşdə dizdən uzun olmayan şortda gələn insanlar iştirak ediblər.
Gənclər ilk öncə Dənizkənarı Bulvarda yığışıb, sonra Nizami küçəsinə (Tarqovı) tərəf irəliləyiblər, yürüş Sahil parkında başa çatıb.
Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilir. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək #MənŞortGeyinirəm haştaqları ilə paylaşımlar edirlər.