Bakıda street-art gizli fəaliyyətdən çıxır. Bir zamanlar anonim surətdə rəsm çəkən rəssamlar artıq gizlənmək və gizli yaratmaq istəmirlər. Və göründüyü kimi, şəhər,necə deyərlər, onları eşitmiş, məşhur küçə rəssamlarına restoranlar, ofislər və yaşayış binalarının fasadlarını kreativ şəkildə tərtib edib bəzəmək üçün sifarişlər tez-tez gəlməyə başlamışdır.

Şəhər instansiyaları da kənarda qalmır. Mütərəqqi baxışlara sadiq səlahiyyətli məmurlar küçə rəssamları ilə fəal əməkdaşlıq edirlər. Beləliklə, şəhər tədricən küçə sənətinin tarixində yeni bir fəsil açmağa başlamışdır.

Dalma Newsə verdiyi müsahibədə rəssam, keramist, şəhər küçəsində çox sayda işlərinə rast gəlinən Vüsalə Ağarazıyeva Bakının imic və simasının necə dəyişməsi, sənətkarların senzura ilə qarşılaşıb-qarşılaşmaması və azərbaycanlı sənətkarların öz əsərlərində nəyi təbliğ etmələrindən söz açmışdır.

Vüsalə Ağarazıyeva

— Yaradıcılığınızı küçəyə köçürmək ideyası necə yarandı?

— Öz yaradıcılığımı küçə-art kimi görmək arzusu çoxdan yaranıb. Mən Avropada çox səyahət etmişəm, orada keyfiyyətli küçə rəssamlığı ilə tanış olmuşam. Və mənim arzum məhz orda daha dəqiq forma və təsəvvürlər əldə etdi. Mən xəyalən öz yaradıcılıq fantaziyalarımı doğma Bakı şəhərinin divarlarında sınamışam. Çox gözləmək lazım gəlmədi, şəhərin palitrasına yeni rənglər əlavə etmək istəyən insanlar peyda oldu və üç il əvvəl mən İçərişəhərin divarlarında, sonra isə Bakının digər mərkəzi küçələrində də monumental rəssamlıq yaratmaq barədə ilk təklif aldım.

—Ən sevimli işinizin adını çəkə bilərsinizmi?

— Hər bir iş rəssamın yetirməsi və ayrılmaz hissəsidir. Gizlətmirəm, işi qurtarandan sonra bəzən başa düşürəm ki, nəsə bir az başqa cür edəbilərdim, nəyisə dəyişərdim. Bu,istənilən hər hansı yaradıcı proses üçün normaldır. Buna baxmayaraq, bütün işlərimi sevirəm. İşlərin mövzuları tamamilə müxtəlif və fərqlidir, lakin onları bizim zəngin mədəniyyətimizə, maarifrmizə, şəxsiyyətlərimizə və doğma torpağımıza olan məhəbbət birləşdirir.

— Bəs hansı daha çətindir — kətan və ya divar üzərində çəkmək?

— Hər iki prosesdə həm oxşar, həm də fərqli məqamlar var. Kətan ilə mən həmişə təkbətəkəm və işlərin yaradılma prosesində, necə deyərlər özümü əritməyə yol verə bilərəm. Kətan üzərində işlər — bu, rəsmlər çəkilən anlar həmişə mənim fərdi dünyamdır.

Divarın üzərində isə yaradıcılıq başqa cür — miqyaslı və texniki planda reallaşdırılır. Əvvəlcə ideya doğulur, sonra eskiz sifarişçilərlə razılaşdırılır və yalnız sonra düzgün tərtibata və nisbətlərə riayət edərək divarın bütün sahəsinə rəsm çəkməyə başlayıram.Eyni zamanda, çox vaxt tez-tez məhdudlaşdırılmaqla qoyulan müddətlərə riayət etmək lazımdır. Xoşbəxtlikdən, əsas etibarilə mənim komandamın — istedadlı rəssamlar Daşqın Bayramov, Ağayar Barışov və Səxavət Məmmədovun peşəkar işi sayəsində bir dəfə də olsun işi ləngidib kimisə yarı yolda qoymamışıq.

— Azərbaycanda küçə sənətinin inkişafını necə qiymətləndirirsiniz?

— Zənnimcə, indi biz küçə sənəti inkişafının ilkin mərhələsini yaşayırıq. Rəssamlarımızın işləri sakinləri maraqlandırıb onların xoşuna gəldiyi təqdirdə, strit-art şübhəsiz, sürət qazanacaq və Azərbaycan paytaxtının hüdudlarından kənara çıxacaq.

— Azərbaycanda sənətkarlar əsasən hansı üslubda işləyirlər? Və sizin fikrinizcə, onlara nə çatışmır?

— Azərbaycan rəssamlığının zəngin tarixi və ənənələri var ki, bu, bir çox cəhətdən müasir incəsənətdə öz əksini tapır. Buna baxmayaraq, demək olar ki, mədəniyyətin bütün sahələrində tendensiyalar müxtəlif istiqamətlərdə inkişaf edir və bütün dünyada olduğu kimi, ən müxtəlif üslubları əhatə edir. Çatışmayan nədır? Yəqin ki, daxili azadlıq. Lakin bu, bir ölkənin problemi deyil, ilk növbədə, əsasən ümumbəşəri amildir.

— Sirr deyil ki, məmurlar və əhali arasında strit-artı vandalizm hesab edən şəxslərin ayrıca kateqoriyası var. Siz sərt reaksiya ilə üzləşmisinizmi?

— Mənim belə təcrübəm yoxdur. Lakin, həqiqətən də, müəyyən xarici çərçivələr var ki, sərbəst rəssama onları pozmaq çətindir. Başa düşmək lazımdır ki, fırça silah deyil, yaradıcılıq alətidir. Ona görə də müharibəyə başlamaq – bu, öz enerjini lazım olan istiqamətə sərf etməmək deməkdir. Dialoq həmişə mümkündür və onu aparmağı bacarmaq lazımdır, onda o, müsbət nəticələrə gətirib çıxaracaq. Ümumiyyətlə isə, necə deyərlər, «Moskva dərhal qurulmamışdır». Yəni, hər şeyin öz vaxtı var. Vaxt gəlmişsə, problem də öz-özünə aradan qalxmış olur.

— Street-Art-ın müəyyən dərəcədə təbliğat vasitəsi olması ilə razısınızmı? Əgər belədirsə, Azərbaycan ustaları nəyi təbliğ edirlər? Və vətəndaşlar messenger tuturlarmı?

— Mənə elə gəlir ki, şəhərimizdə street-art (küçə sənəti) daha çox müasir incəsənəti əks etdirir, şəhərin rənglərini və əhval-ruhiyyəsini dəyişir və ya vurğulayır. Onlar estetik və ruhən gəncdirlər. Öz işlərimdə yuxarıda sadaladığım hər şeyi təbliğ edirəm: mədəniyyət, maarif, tarix və ölkəmə olan məhəbbət. Mesajlara gəldikdə isə, şəhər sakinləri birmənalı şəkildə məhz işə qoyulan mənanı görürlər. Biz vətəndaşlardan çoxlu müsbət rəy alırıq ki, bu da sevindirməyə bilməz.

— Küçə sənəti senzura varmı? 

– Bütün yeni küçə incəsənəti kimi, qorxu və hətta anlaşılmazlıqla bağlı ayrı-ayrı məqamlara da rast gəlinir. Xoşbəxtlikdən mən bu istiqamətin inkişafına yol açan mütərəqqi baxışlı təşkilatlar və insanlarila rastlaşıram. Əgər desəm ki, Azərbaycanda incəsənətin bütün istiqamətlərində müsbət dəyişikliklər müşahidə olunur — yaradıcılıq təşəbbüsləri üçün yeni imkanlar açılır, senzura isə tədricən heçə enir, səhv etmiş olmaram.

 

Lеylа Əlizadə