Qloballaşma nəzərə alınmaqla, bu gün miqrasiya müasir cəmiyyətin ayrılmaz bir hissəsidir. İraqda, Suriyada, Liviyada və s.yerlərdəki münaqişələr fonunda son vaxtlar Yaxın Şərq və Şimali Afrika (Məğrib) ölkələrindən Avropaya ən böyük miqrant axını baş vermişdir.

Bununla yanaşı, ən kasıb ölkə sakinləri əmək miqrasiyası çərçivəsində az -çox ödənişli iş axtarışında inkişaf etmiş ölkələrə can atırlar: Latın Amerikası ölkələrindən ABŞ-na, MDB, Yaxın Şərq və Afrikadan Avropaya, Hindistan, Pakistan və Asiyanın digər ölkələrindən Yaxın Şərqə – Səudiyyə Ərəbistanı, BƏƏ-nə və s.yollanırlar.

BMT-nin statistikasına görə, hazırda miqrasiya hərəkatına 218 ölkə, yəni, dünyanın bütün ölkələrinin təxminən 86%-i cəlb olunmuşdur. Beynəlxalq Miqrasiya təşkilatı (BMQT) öz növbəsində proqnozlaşdırır ki, 2030-cu ildə bu miqrasiya fəaliyyətinin göstəricisi dünyada 300 milyon nəfər təşkil edəcək.Eyni zamanda qeyd etmək lazımdır ki, miqrant axınının xeyli hissəsini qeyri-leqal miqrasiya təşkil edir.

Mütəxəssislərin Azərbaycanda müsbət miqrasiya saldosundan danışmalarına baxmayaraq, bir çox azərbaycanlılar daha yaxşı həyat axtarışında tam qanuni olmayanlar da daxil olmaqla bütün imkanlardan istifadə edib, xaricə getmək istəyirlər.

Belə ki, əmək və sosial müdafiə naziri Səlim Müslümov fevral ayında bildirib ki, «Azərbaycanda işsizliyin səviyyəsi Avropanın bir çox ölkələrindən aşağıdır». Onun sözlərinə görə, keçən il Azərbaycanda təxminən 60 min iş yerinin açılışı, ölkədə işsizliyin səviyyəsini 5,9% səviyyədə saxlamaq imkanı vermişdir.

Lakin xatırlatmaq lazımdır ki, milli valyuta manat iki devalvasiyaya uğramışdır ki, bu da ölkənin bir çox vətəndaşlarının cibinə mənfi təsir göstərmişdir.

Çox sayda azərbaycanlı qonşu Rusiyaya gedir, pul qazanmaq üçün Türkiyəyə yollanan mövsümi əmək miqrasiyası axını da var. Bununla yanaşı, azərbaycanlılar bir çox hallarda bu və ya digər səbəblərdən Ukrayna və ya Aİ-na da mühacirət edirlər. Bəzi məlumatlara görə, bu gün Aİ ərazisində Azərbaycandan 50 minə yaxın qanunsuz miqrant var

Azərbaycandan xaricə elə bir kütləvi miqrasiyanın olmadığına baxmayaraq, lakin gedənlərin bir çoxu «özünüifadəyə qadağaya» istinadən daxili vəziyyətdən, ölkədə normal təhsilin, təbabətin aşağı səviyyəsindən, karyera yüksəlişi üçün şəraitin olmaması və ya işsizlikdən narazılıq bildirirlər.

Belə ki, bu gün ABŞ-da yaşayan miqrantlardan biri Z.Əlibəyin (ad dəyişdirilib), sözlərincə, o, «Azərbaycanda nəsə bir gərginlik hiss edir». «İnsan öz fikrini,öz sözünü azad ifadə edə bilmir, insan əlaqələr olmadan sadəcə həmişəllik cəhalətə məhkumdur, adamlar sanki əbədi stresdədirlər, bütün bunlar adamı sıxır. Ölkədəki vəziyyət , insana münasibət, qanunsuzluq, ədalətsizlik bir çoxlarını xoşbəxtliyi kənarda axtarmağa məcbur edir» , — deyə Əlibəy vurğulamışdır.

Onun sözlərinə görə, xaricə getmək niyyəti çoxdan vardı və ailəsi ilə Green kartın uduşu bu arzunu reallaşdırdı.

O, valideynlərinin köməyə ehtiyacı olmazsa, Azərbaycana qayıtmaq fikrində olmadığını bildirdi.

Öz növbəsində, Moskvaya getmiş İbrahim A. qeyd edib ki, tam təhsil almaq üçün Azərbaycanın ali təhsil müəssisələri kifayət deyil. «İş burasındadır ki, mən bakalavriatı Azərbaycan dövlət universitetlərindən birində bitirərkən, hansısa anda başa düşdüm ki, mənə magistraturada seçdiyim sahə üzrə biliklərimi genişləndirmək lazımdır — bu, beynəlxalq münasibətlər, İran üzrə regionşünaslıqdı», — deyə o vurğuladı.

O bildirdi ki, Moskva ali təhsil müəssisəsində magistraturanı bitirdikdən sonra, onu profil üzrə REA-nın aspiranturasına dəvət etmişlər. «Bu gün Moskvada məhz mənim seçdiyim sahədə öz inkişafım üçün bütün lazımi şərait var. Çox təəssüf ki, Azərbaycan politologiya və beynəlxalq münasibətlər sahəsində hələ tam inkişaf etməmişdir, lakin əminəm ki, orda bu sahə yerində saymır və fəal inkişaf edir», — deyə İbrahim A. bildirmişdir

Onun sözlərinə görə, bu gün təhsili və işi ilə əlaqədar olaraq, daimi yaşayış yeri kimi Azərbaycana qayıtmaq imkanlarını nəzərdən keçirmir.

Bu gün Avstraliyada yaşayan keçmiş Azərbaycan vətəndaşı İsgəndər X. göstərir ki, onun Vətəni tərk etməsinin əsas səbəbi ağır iqtisadi vəziyyət olmuşdur. «Sabahkı günə inam yoxdur. Üstəlik, ümidvaram ki, yəqin tezlikə uşaqlar dünyaya gələcək. Mən Azərbaycan təbabətinin vəziyyətinə baxır və hətta özüm belə həkimlərə müraciət etməkdən qorxuram. Mən öz uşaqlarımı onlara necə etibar edə bilərəm? », — deyə o gileylənir.

Daha bir səbəb kimi o, təhsil sahəsindəki vəziyyəti göstərdi. «O, sanki var, amma əslində və həqiqətdə o yoxdur», — deyə İsgəndər bildirdi.

İsgəndərin sözlərincə, Avstraliya onu açıq immiqrasiya proqramları, iqlimi və yüksək həyat səviyyəsilə cəlb etdi. «İxtisaslı mütəxəssislərə ehtiyac var. Həm də ümumiyyətlə, az və ya çox dərəcədə rahat, ölçülü-biçili ahəngdar və müntəzəm həyat istəyirəm», — deyə o əlavə etdi.

Azərbaycana mümkün qayıtmadan danışarkən İsgəndər X. göstərmişdir ki, o, buna hazır deyıl. «Hətta ən yaxşı şərait belə mənə sabahkı günə inam və güvənc verə bilməz. Ölkədə qlobal dəyişikliklərə isə mən az inanıram», — deyə mühacir vurğulayır.

Onun qənaətinə görə, respublikada dəyişiklik ilk növbədə tibb və təhsil sahələrinə toxunmalıdır. «Korrupsiya problemi həll olunmalıdır. Normal həyat tərzinə müvafiq əmək haqqı olmalıdır. Real yaşamaq üçün dilənçi payı deyil, normal pensiyalar olmalıdır», — deyə o əlavə etmişdir.

Belə çıxır ki, azərbaycanlılar ilk növbədə, keyfiyyətli təhsil, tibb, mühacirətdə sabit sosial mühit axtarışı ilə xaricə gedirlər ki, bu da ən azı qısamüddətli perspektivdə öz ölkələrində hər hansı perspektivlərin olmaması ilə əlaqədardır.

Bununla yanaşı, hər halda ən yaxşı günlər gəlməyincə, indiki Azərbaycana qayıtmağa istəksizlik mövcuddur.

 

Sаdiq Dаdаşlı