Ən çox müzakirə edilən və hər il gözlənilən beynəlxalq mahnı müsabiqələrindən biri «Eurovision» başa çatdı. Təəssüf ki, 2018-ci il «X my heart» mahnısı ilə çıxış edən Azərbaycan nümayəndəsi Aysel Məmmədova üçün uğurlu olmadı.

Kompozisiya yunan bəstəkar və prodüseri Dimitros Коntopulоs və isveçli Sandra Borman tərəfindən xüsusi olaraq onun üçün bəstələnmişdi. Onların mahnıları müxtəlif illərdə «Eurovision» müsabiqəsində qalib gəlmişdir — Sandra Borman Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın 2011-ci ildə qalib gəldikləri «Running scared» mahnısının müəllifidir. Sergey Lazarevin ifa etdiyi «You are the only one» mahnısı isə 2016-cı ildə tamaşaçı səsverməsinin nəticələrinə görə ən yaxşı nömrə olmuşdur.

Aysel Məmmədova üçün sehrli müsabiqə nömrəsini əfsanəvi yunan rejissoru Fоkаs Yevangelinos hazırlamışdır – «Eurovision» qalibləri Yelena Paparizu və Dima Bilanının nömrələrinin quruluşçu rejissoru da məhz o olmuşdur.

Lakin, Azərbaycanın təmsilçisi ilə əvvəllər müsabiqədə neçə- neçə uğurları olmuş yüksək professional komandanın işləməsinə baxmayaraq, bu, Azərbaycan müğənnisinə finala keçməyə kömək etmədi. Məlum olduğu kimi, müğənniyə «Eurovision 2018»in finalına düşmək üçün yalnız bir neçə xal çatışmadı — peşəkar münsiflər heyəti və televiziya tamaşaçılarının səslərinin cəminə görə Azərbaycan təmsilçisi ilk yarımfinalda bu dəfə 94 bal toplamaqla 11-ci olmuşdur. Ayselin uğursuzluğu ona səbəb oldu ki, müsabiqənin mayın 12-də başa çatmasına baxmayaraq, azərbaycanlı tamaşaçılar hələ də onun məğlubiyyətılə barışa bilmir, bütün səbəb və günahı Aysel Məmmədovanın mahnı və səhnə nömrəsində görürlər.

Azərbaycan müğənnisindən başqa, «Eurovision 2018»in birinci yarımfinalından finala həmçinin aşağıdakı ölkələ r— Gürcüstan, Belçika, Belarus, Makedoniya, Xorvatiya, Yunanıstan, Ermənistan, İsveçrə və İslandiya nümayəndələri də keçməmişlər. İkinci yarımfinalda isə Rusiya, Rumıniya, San-Marino, Gürcüstan, Polşa, Malta, Latviya və Çernoqoriya nümayəndələri qələbənin bir addımlığında qalmışlar.

Bu il bukmekerlər öz proqnozlarında yanılmamışlar, «Eurovision 2018»in qalibi «Toy» mahnısı ilə İsrail müğənnisi Netta Barzilay oldu ki, ona maksimum sayda tamaşaçı səs vermişdir. Bəlkə də digər ölkələrin dinləyiciləri üçün bu kompozisiya ən uğurlu görünmüşdü, lakin yalnız ifaçıya bircə xal belə verməyən Azərbaycan tamaşaçılarına yox, Azərbaycandan olan peşəkar münsiflər heyətinə gəlincə isə, onlar Barzilaya cəmi bir bal vermişlər. Bu, azərbaycanlıların qalibin seçimi ilə razı olmadıqlarını bir daha sübut edir.

Bu, mahnı müsabiqəsi olsa da, təəssüf ki, biz hər dəfə onun ilk növbədə siyasi səciyyə daşıdığı və bütün bunların artist və mahnının ikinci plana keçdiyi səsvermə zamanı özünü göstərdiyinə əmin oluruq. «Eurovision» mahnı müsabiqəsi özünə hər il müxtəlif ölkələrdən olan tamaşaçıların böyük diqqətini cəlb edir və hər dəfə də orada siyasi aspektlər öz əksini tapmamış deyil. Bunu bir sıra məqamlarda müşahidə etmək olar. Məsələn, əksər müsəlman ölkələri İsrailin bu müsabiqənin iştirakçısı olmasına görə orda çıxışdan imtina edirlər. Başqa bir nümunə odur ki, televiziya tamaşaçılarının səsvermə nəticələrində müxtəlif ölkələrin əhalisi arasında münasibətlər yaxşı görünür. Tamaşaçıların hər ilki səsvermə prosesi əsasında demək olar ki, ölkələrin yerləşdiyi mövqedən asılı olaraq qonşu səsverməsi fenomeni mövcuddur.

Bu fikrə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva da şərikdir. Dalma News ilə söhbətində müğənni qeyd edib ki, «Eurovision» son dərəcə siyasilləşdirilmiş beynəlxalq mahnı müsabiqəsidir. Onun sözlərinə görə, layihə bir növ Avropada siyasi ovqatların güzgüsüdür, lakin bununla yanaşı, o faktı da inkar etmək olmaz ki, onun həmçinin bədii ləyaqətləri də var.

«Bu şouya bütün dünyada milyonlarla insan baxır, odur ki, onun nə qədər populyar olduğunu inkar etmək olmaz . Hər bir müsabiqə özlüyündə əvvəlcədən proqnozlaşdırılan olmur və layiqli ifaçının birinci yeri tutması nadir hallarda baş verir. Mən hesab edirəm ki, mahnı da çox vacibdir. O gərək dinləyicini ilk saniyələrdən cəlb etsin ki, o, mahnını dönə- dönə, bir daha dinləmək istəsin. Əgər bu baş verməzsə, mahnının uğuruna zəmanət verilmir», — deyə Tünzalə Ağayeva bildirmişdir.

O,qeyd etdi ki, «Eurovision 2018»in Azərbaycan təmsilçisi Aysel Məmmədova – gözəl pianoçu, bəstəkar və ifaçıdır. Tünzalə Ağayeva müğənnini tənqidə məruz qoymamağı və iflasa uğramada suçlamamağı xahiş etdi. O, hesab edir ki, azərbaycanlılar təhqir əvəzinə ona dəstək göstərməlidirlər.

«Eurovision 2011»in Azərbaycandan olan qalibi Eldar Qasımov da Dalma Newsə müsahibəsində bildirdi ki, bu il müsabiqənin qalibinə səsvermə yolu və onun seçilməsindən tam razıdır. «Birinci yer — İsrail, ikincisi isə — Kipr. Mənim üçün bu ölkə nümayəndələrinin çıxışları həqiqətən çox gözəl idi. Xarici televiziya tamaşaçıları standartlardan və musiqi dünyasının stereotiplərindən uzaq ifalara səs vermişlər. Nеttа Barzilay öz fərdiliyini və digər iştirakçılardan fərqliliyini göstərməyi qərara almışdır. Hamıya səhnədə elə bu cür orijinal və sərbəst olmağı arzulayıram», — deyə Eldar Qasımov qeyd etmişdir.

Azərbaycanın xalq artisti Flora Kərimova bildirdi ki, bu mahnı müsabiqəsinin pərəstişkarı deyil. Müğənninin sözlərinə görə, bütün çıxışı boyu qaqqıldayan və mahnı aitında başa düşülməyən tərzdə rəqs edən İsrail təmsilçisi Nеttа Barzilayın çıxışından şok vəziyyətə düşmüşdü.

«Hər dəfə «Eurovision»un qalibinin seçimi məni təəccübləndirir, amma bu il mən daha çox heyrətləndim. Necə ola bilər ki, «toyuq mahnısı» hitə dönüb tamaşaçıların diqqətini cəlb etsin. Başa düşürəm ki, insanlar yüngül, cuşa gətirən bir şey istəyirlər, amma bu dərəcədə yox da…»— deyə Flora Kərimova öz fikrini bildirmişdir.

Azərbaycanın «Eurovision-2018»dəki təmsilçisi Aysel Məmmədova da öz məğlubiyyətilə barışa bilmir. O, Dalma Newsə müsahibəsində qeyd edib ki, onun üçün baş verənlər sürpriz və gözlənilməz idi. Müğənni hesab edir ki, Azərbaycanı layiqincə təqdim edə bilmlş və özünü tam 110% səhnəyə həsr etmişdir. Qalibin seçimini isə o heç bir vəchlə şərh etmək istəmədi.

Necə deyərlər, nə qədər insan, bir o qədər də fikir. Seçim artıq edilmiş və onları heç kəs dəyişdirə bilməz. Azərbaycana isə yalnız «Eurovision»un nəticəsi ilə barışmaq və artıq növbəti ilə hazırlaşmaq qalır.

 

Hazırlayanı Kəmalə Cavadovа