Azərbaycanlı Tünzalə Məmmədzadə dünya incəsənətində qeyri–adi bir istiqamət – «Silk art» (İpək sənəti) yaratmış yeganə rəssamdır. O, öz işləri ilə təkcə vətənində deyil, həm də müxtəlif xarici ölkələrdə  də məşhurlaşmışdır. Rəssam səhifələrini şəffaf qara ipəkdən yaratdığı və qızıl, gümüş boyalarla bəzədiyi Quran sayəsində məşhurlaşmışdır.

Rəsm ustasının incəsənətə marağı uşaqlıqdan var idi, lakin ailəsi bir müddət onun bu işlə  məşğul olmasının əleyhinə idi. Rəssam əvvəlcə valideynlərinin istəyini yerinə yetirdi – İngilis dili müəllimi oldu, sonra isə hər halda valideynlərini razı saldı və sevimli işlə məşğul olmaq qərarına gəldi. O, Bakı Rəssamlıq Akademiyasına daxil olub,  qədim Azərbaycan tikməsi –təkəlduza maraq göstərməyə başlayıb. Bu işdə ona həmin sənətə peşəkarcasına malik olan anası kömək edib. Mərmərə Türk Universitetinə daxil olduqdan sonra Tünzalə Məmmədzadə yaradıcılığında kiçik fasilə etmiş, Azərbaycana qayıtdıqdan sonra isə yenidən təsviri sənət və tikmə ilə məşğul olmuşdur.

Özü və öz  qeyri-adi üslubu haqqında rəsm ustası ətraflı olaraq Dalma Newsə verdiyi müsahibədə danışdı.

— Tünzalə, sənətdə öz üslubunuzu yaratmağa necə müvəffəq oldunuz?

— Bakı Rəssamlıq Akademiyasında oxuyarkən bizə təsviri incəsənətin müxtəlif istiqamətlərini  öyrədirdilər. Mən həmişə yeni bir şey üçün axtarışda olan insanlardan biriyəm. Hesab edirəm ki, yaradıcı şəxslər daim inkişaf etməli, öz üzərində işləməli, təkmilləşməli və başqalarına bənzəməyən nəsə yeni bir şey yaratmalıdırlar. Mən rəsmlərimi kətan deyil, ipək üzərində çəkmək qərarına gəldim. Mənim ilk işim “Dua edən qız” şəkli idi. Bu mənim o qədər xoşuma gəldi ki, bundan sonra da ipək üzərində çəkməyi qərara aldım.

Bütün müəllimlərim mənim rəsm işlərimdən şoka düşmüşdülər. Mən sənətşünaslara ilk dəfə öz işlərimi göstərəndə onlar dedilər ki, belə  janr heç bir  ölkədə yoxdur. Biz belə qənaətə gəldik ki, mənim üslubum dekorativ və təsviri sənətin sintezidir. Hətta mənim istiqamətimə “Silk art”, yəni “İpək sənəti”adını da verdik. Mən artıq bu janr üçün müəlliflik  hüququ almışam ki, onu heç kəs mənimsəyə bilməsin.İşlərinizi tez- tezmi sərgiləyirsiniz

İpək üzərində necə çəkirsiniz?

— Bu, çox çətindir. Hər şeyi elə etmək lazımdır ki, heç bir səhv olmasın, əks halda hər şeyi yenidən çəkmək lazım gələcəkdir. Çox diqqətlə və səbrlə çəkmək lazımdır. Təəssüflər olsun ki, Azərbaycanda bu əsərlərin yaranması üçün material satmırlar, ona görə də hamısını Türkiyədən gətirirəm. Bütün bunlar çox baha başa gəlir.

İşlərinizi tez-tezmi sərgiləyirsiniz?

— Açığı, əvvəlcə utanırdım. Mənim üçün  bu sahədə sənətşünasların, mütəxəssislərin  rəyi çox əhəmiyyətli idi. Onlardan rəsmlərimə müsbət rəy aldığım üçün sevinc və xoşbəxtlikdən özümü  göyün yeddinci  qatında  hiss  edirdim. 2014-cü ildə Bakıda ilk sərgimi keçirmiş və bundan sonra tez-tez sərgilənməyə başlamışam. Azərbaycandan başqa, mənim ekspozisiyalarım Türkiyə,  Birləşmiş  Ərəb Əmirlikləri və digər ölkələrdə də təşkil olunub.

Hətta mənə xaricdə  işləmək haqqında təkliflər də olmuşdur, amma mən imtina etmişəm. Mən xarici ölkədə yaşaya bilməyən adamlardanam, buna görə də vətəndə qalıb  işləməyə qərar verdim, ancaq  işlərim  müxtəlif  ölkələrdən  bir çox əcnəbilər tərəfindən alınır. İndi internetin  köməyi ilə hər kəslə əlaqə saxlamaq mümkündür.

— Səhifələri şəffaf qara ipəkdən olan Quran yaratmaq fikri necə yarandı?

— Bildiyimə görə, əvvəllər  Quranı heç kəs ipəyə köçürməmişdir. Bu, çox çətin idi. Belə bir Quranın yaranması üçün mən yarım litr qızıl və gümüş rənglər, 50 metr qara şəffaf ipək və üç il əzmkar işdən istifadə etmişəm.  Mən müqəddəs kitabı iki nüsxədə yaratdım.  Onlardan birini Türkiyənin ən qədim universitetlərindən birinin 135 illik yubiley mərasimində iştirak edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğana bağışladım. Onun xanımı Əminə Ərdoğana isə Bakıya gələndə nadir əsərlərimdən birini təqdim etdim. Onlar çox sevindilər. Mən Azərbaycan incəsənətini  layiqincə  təqdim etdiyimə görə fəxr edirdim. Quranın ikinci nüsxəsini özümdə saxlamışam. Onu əldə etmək istəyənlər son dərəcə çox olsa da, mənim kolleksiyamın bəzəyi məhz bu Qurandır.

— Tələbələriniz varmı?

— Bəli, olduqca çoxdur. Hamısı  bu janrda  yaratmağı  öyrənmək istəyir. Sadəcə, öyrətmək çox çətindir. Mənim üçün bütün bunlara görə vaxt tapmaq çətindir, çünki yeni rəsmlərin yaradılması çox vaxt aparır –  ay, il…

Каmillа Seidova