«Eurovision» beynəlxalq mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin əksəriyyəti ərə getmiş, evlənmiş, kimsə necə deyərlər, kölgəyə çəkilmiş və tamam başqa bir peşə ilə məşğuldur. Amma onların arasında elə ifaçılar da var ki, heç nəyə baxmayaraq, öz yaradıcılıq fəaliyyətini hələ də təkcə Azərbaycanda deyil, həm də xaricdə davam etdirir. Onlardan biri Azərbaycan müğənnisi, «Eurovision-2014»-də Azərbaycanın təmsilçisi Dilarə Kazımovadır. Bu günlər özünün təqdim etdiyi irimiqyaslı «Azərbaycan» layihəsilə o öz ölkəsində turizmin inkişafına töhfə vermək qərarına gəlmişdir.

Layihə və özünün yeni planları haqqında ifaçı Dalma Newsə müsahibəsində ətraflı söz açmışdır.

Dilarə, «Azərbaycan» layihəsinin ideyası necə yarandı?

Bu layihəyə başlamazdan əvvəl mən Azərbaycan haqqında çox sayda promo-çarxlara baxmışam, amma təəssüf ki, onların heç biri xoşuma gəlmədi. Öz prodüserim Nigar Məmmədova ilə birlikdə elə bir klip çəkmək qərarına gəldim ki, orda ölkəmizin gözəlliyini göstərməklə yanaşı, həm də bütün bunlar ritmik musiqi sədaları altında müşayiət olunsun, müxtəlif ölkə dinləyiciləri maşında əyləşən zaman və ya radio ilə «Azərbaycan» mahnısını dinləyərkən, dərhal bu ölkəni xatırlasınlar. Kompozisiyaya musiqini mən yazmışam, sözləri Nigar Məmmədova və mənim Almaniyada yaşayan bacım Leyla Kazımovanındır. Aranjirovka isə Givi Usinaşviliyə məxsusdur.

Klipin çəkilişlərində 60-dan çox insan iştirak etmişdir. Onlar əsasən İcərişəhərdə keçmiş, həmçinin Bakı media mərkəzi tərəfindən Azərbaycanın regionlarında çəkilmiş kadrlardan istifadə olunmuşdur. Zənnimcə, «Azərbaycan» —mənim ən miqyaslı və möhtəşəm layihələrimdən biridir. Onunla mən, öz ölkəmdə turizmin inkişafına heç olmasa hansısa töhfə etmək istəmişəm. Bu roliklərdə (video-çarxlarda) biz Azərbaycanı şöhrətləndirən bütün dəyərləri göstərməyə çalışmışıq. İstəyirəm ki, bu kadrları görənlərin hamısı bizim ölkəyə gəlməyə can atsın. Bununla əlaqədar mahnı iki dildə – azərbaycanca və ingiliscə təqdim edilmişdir ki, əcnəbilərə orda sözün nədən getdiyi aydın olsun.Yaxın vaxtlarda klip xarici telekanallarda da nümayiş etdiriləcək.

Necə düşünürsünüz, indi müasir Azərbaycan musiqisinin hazırki yeri və durumu necədir?

Düşünürəm ki, bütün ölkələrdə vəziyyət eynidir. İndi az söz və çox musiqiyə malik mahnılar daha çox dəbdədir. Son vaxtlar mən əfsanəvi azərbaycanlı ifaçılar Rəşid Behbudov, Şövkət Ələkbərova və bir çox digərlərinin repertuarından tez-tez mahnılar ifa edir və hətta onları yazmaq niyyətindəyəm. Bu mahnılar o qədər gözəl və ürəyəyatandır ki, onları həmişə ifa etmək istəyirsən. Təəssüf ki, indi onları, əsasən azərbaycanlı tamaşaçıların bu kompozisiyalarda böyümüş yaşlı nəsli dinləyir.

Nə üçün beynəlxalq «Eurovision» mahnı müsabiqəsində iştirakdan sonra əksər azərbaycanlı ifaçılar öz yaradıcılıqlarında kiçik bir fasilə edirlər. Bu nə ilə bağlı olur?

«Eurovision» bitəndən sonra onun hər bir iştirakçısı özünə gələ bilmək üçün əməlli-başlı istirahət etməlidir. İştirak zamanı bütün müğənnilər dərin həyəcan keçirir, gərginlik, hər gün məşqlər və bütün bunlar çoxlu güc və enerji tələb edir. Hər şey başa çatandan sonra isə, sən o qədər əldən düşmüş və yorğun olursan ki, sadəcə olaraq evi tərk etmək istəmirsən. Amma eyni zamanda, bu müsabiqə mənə yeni çox şey öyrətdi və mənim bütün həyatımı dəyişdi.


Mənə digər həmkarlarımın yaradıcılığında fasilənin məhz nə ilə bağlı olduğunu demək çətindir. Amma mən öz ingilisdilli albomumun buraxılışı üzərində işlədiyimə görə qərara aldım ki, kiçik bir möhlət götürüm. Mənə daim Kiyevə uçmaq, sonra geri qayıtmaq lazım gəlirdi, ona görə də demək olar ki, mənim Azərbaycanda yeni layihələr üzərində işləməyə vaxtım olmurdu. Bu albom artıq işıq üzü gördü və Avropada yayımlanır. Hazırda öz Vətənimdə layihələr həyata keçirmək və Azərbaycan dilində daha çox mahnı buraxmaq istəyirəm.

Xaricdə beynəlxalq musiqi layihələrində iştirakı davam etdirirsinizmi?

Bəli, əlbəttə. Onlar özləri məni dəvət edirlər. Lap bu günlər Qazaxıstanda Star of Asia beynəlxalq musiqi festivalında Azərbaycanı təmsil etmişəm. Layihənin təşkilatçıları məni özləri seçib dəvət etdilər. Hər şey yüksək səviyyədə keçdi. Ən maraqlısı isə o idi ki, mən rəqqasələrlə birlikdə öz çıxışım zamanı üç metr qalxmış səhnədə çıxış etməli oldum.

Azərbaycan müğənnilərinin xaricdə kifayət qədər populyar olduqlarını demək olarmı?

«Eurovision»da çıxış edən Azərbaycan müğənniləri zənnimcə, xaricdə kifayət qədər populyardırlar. Mən bunu ona görə deyirəm ki, xaricdə tez-tez oluram. Əvvəllər düşünürdüm ki, məni kim tanıycaq… İndi harasa gedib şəhərdə gəzəndə hamı yaxınlaşıb mənimlə şəkil çəkdirmək istəyirlər. Bu, çox xoşdur. Mənim üçün digər ifaçılar barədə söyləmək çətindir.

Xaricdə ulduzlar irəli getmək naminə müxtəlif açıq-saçıq foto sessiyalarda çəkilirlər. Siz də, həmçinin bu cür şəkillərlə tez-tez bölüşürsüz. Deməli, siz öz gözəlliyinizdən irəliləmək üçün istifadə edirsiniz?

Hələ «Eurovision»da iştirak edəndə, hamı mənə deyirdi ki, müğənniyə yalnız səs yox, həm də xarici görünüş və qəşəng bədən də vacibdir. Mən öz fiqurama fikir verib izləyirəm, rəqəm, idman və rəqslərlə məşğul oluram. Görkəmim demək olar ki, ideal vəziyyətdədir, belə olan halda mən nə üçün öz bədənimin gözəlliyini göstərməyim?! Azərbaycan dünyəvi dövlətdir, ona görə də hesab edirəm ki, bu, tamamilə normaldır.

Amma insanların çoxu açıq-saçıq şəkillərə görə sizi tənqid edirlər…

… Mən ömrüm boyu açıq paltarlar geymişəm. Sadəcə, bu insanlar bütün bunları yalnız indi hiss etmişlər. Zənnimcə, əsas etibarilə həyatda bəxti gətirməyənlər tənqid edirlər.Axı, onlara hardasa öz qəzəblərini soyutmaq lazımdır. Odur ki, bu qəzəblərin hamısını mənə ünvanlayırlar. Onlar sadəcə həsəd aparırlar ki, onlarda belə gözəl bədən yoxdur. Qoy, şərhlər yazmaq əvəzinə, idmanla məşğul olsunlar. Mən ən çox ona təəssüflənirəm ki, bizim tamaşaçılar xarici ulduzların şəkillərinə baxarkən dərhal heyran olurlar, öz müğənnilərini isə tənqid və təhqir edirlər. Mənim üçün kimin nə yazmasının fərqi yoxdur.

Sizi tez-tez Azərbaycanın seks-simvolu adlandırırlar. Siz bu statusla razılaşırsınızmı?

Mən heç vaxt bunun iddiasında olmamışam. Amma belə adlandırırlarsa, deməli, belədir ki, var.

İndi hansı planlarınız var?

Hal-hazırda mənim planlarım olduqca çoxdur. Bu günlər Azərbaycan dilində mənim «Danış» adlı növbəti mahnım çıxacaq . Həmçinin bir neçə beynəlxalq layihələr var, amma onları hələlik açıqlamaq istəmirəm, çünki hələ dəqiq heç nə qərara alınmayıb. Hazırda bütün qüvvələrimi öz «Azərbaycan» layihəmin təşviqinə yönəltmişəm.

 

Кəmаlə Əliyeva