Azərbaycan iqtisadçıları Natiq CəfərliƏkrəm Həsənov Dalma Newslə respublikada pensiyaların son qalxımı, eləcə də Azərbaycanda pensiya və vergi siyasətini müzakirə etmişlər.

2019-cu ildə inflyasiyaya müvafiq olaraq pensiyanın 5-10% artırılması gözlənilir. Minimum pensiya nəzərə alınmaqla, bu cəmi 5-10 manat təşkil edir. Siz belə artırımı necə şərh edərdiniz? Bu, inflyasiya və yaşayış minimumu xərclərinə nə dərəcədə uyğundur?

N.C. 2016-cı ilin sonunda Azərbaycanda belə bir qanun qəbul edilib ki, ona əsasən, büdcəçilər üçün pensiyalar və əmək haqlarının indeksasiyası hər ilin sonunda elan edilən inflyasiya prosesləri üzrə deyil, əhalinin gəlirlərinin nominal artımı üzrə müəyyənləşdirilməlidir. Belə bir qərar ona görə qəbul edilib ki, 2016 və 2017-ci ildə bizdə cütrəqəmli inflyasiya çox yüksək idi və indeksasiyanın böyük olmaması, büdcənin, necə deyərlər, ağırlıq altına düşməməsi üçün hökumət bu indikatoru əhalinin nominal gəlirləri kimi daha az böyüyən indikatorla əvəz etməyi qərara almışdır.

Keçən il büdcə işçilərinin pensiya və əmək haqlarının indeksasiyası məhz bu mexanizmlə həyata keçirilib. Ancaq 2018-ci il prezident seçkiləri ili olmuş və buna görə də büdcə ödənişlərinin 10%-dək yüksəlməsi və əlavə artımı baş vermişdir.

Вu il rəsmi məlumatlara görə, əhalinin nominal gəliri təxminən 3% idi, çox güman ki, indeksasiya bu göstəriciyə görə baş verəcək, halbuki 2018-ci ildə rəsmi inflyasiya 3,5% idi. Ona görə də inflyasiya bu artımı «yeyəcək», artım sıfra bərabər olacaq.

Mənim fikrimcə, inflyasiya üzrə indeksasiyanın köhnə modelinə qayıtmaq və üstəlik əhalinin real gəlirlərini nəzərə almaq lazım ıdi. Əgər indeksasiya bu iki indikator üzrə getsə idi, o zaman bu, heç olmasa 7% səviyyəsində olardı. İndi isə, təəssüflər ki, pensiya və əmək haqlarına heç bir artım və əlavələr gözlənilmir.

Ə.H. —Azərbaycanda yaşayış minimumunun göstəricisi hətta hakimiyyət dairələrində belə, ciddi qəbul olunmur. Nümunə üçün Maliyyə bazarlarına Nəzarət Palatasının kredit təşkilatlarından kreditləri yalnız gəlirləri yaşayış minimumundan üç dəfə artıq olan fiziki şəxslərə verməyin tələb edildiyini göstərmək kifayətdir. Başqa sözlə desək, bu dövlət strukturu bir növ faktiki olaraq yaşayış minimumunun formal göstəricini rəhbər tutmayaraq ondan imtina etmiş olur. Əslində bu göstərici bizdə elə pensiyanın rəsmi yaşayış minimumuna uyğun olduğunu göstərmək üçün mövcuddur.

Lakin aydındır ki, bu rəsmi göstəricinin faktiki göstəricilə üst-üstə düşmədiyi şəraitdə pensiyanın artırılması qiymətlərin artması ilə üst-üstə düşüb ayaqlaşa bilmir. Yeri gəlmişkən, inflyasiyanın rəsmi göstəricisi bizdə də faktiki göstərici ilə bəzi məqamlarda uyğunsuzluq yaradır.Bir vəkil kimi, mən tez-tez iş adamları arasında müxtəlif müqavilələrin razılaşdırılmasında iştirak edirəm. Və müqavilədə onun sonraki qiymətinin artırılması üçün obyektiv kriteriyanın (meyarın) təmini zamanı onlar belə bir kriteriya timsalında inflyasiyanın rəsmi səviyyəsini göstərməyə heç vaxt razı olmurlar. Beləliklə, əlbəttə ki, pensiyaların artırılması formal olur və pensiyaçıların real ehtiyaclarına uyğun gəlmir. Xüsusilə, yəqin çox çətin keçəcəyi güman olunan 2019-cu ildə.

Əkrəm Həsənov

Siz ümumiyyətlə, Azərbaycanın pensiya siyasətini necə qiymətləndirirsiniz?

N.C. – Son 12 ildə Azərbaycanda ən çox dəyişən məhz pensiya siyasəti olmuşdur. Bu da bir daha sübut edir ki, Azərbaycanda pensiya siyasətinin aydın təsəvvürü yoxdur. Ötən il ölkənin pensiya siyasətində üçüncü böyük dəyişiklik olub ki, bu ildən başlayaraq o təcəssüm edib öz ifadəsini tapacaq. Bu düzgün deyil. Oyunun qaydalarını belə tez-tez dəyişmək olmaz. İnsanlar hansı şərtlərlə təqaüdə çıxdıqlarını bilməlidirlər. Tez-tez dəyişən qaydalar bu sahədə xaos yaradır.

Artıq çoxdandı ki, kağız üzərində fərdi pensiya fondları yaratmaq bir qaydaya dönmüşdü, halbuki, dövlət inkişaf etmiş ölkələrdə olduğu kimi, öz öhdəliklərinin bir hissəsini investisiya fondlarına keçirə bilərdi . Məsələn, Rusiya, Türkiyə və Gürcüstanda bir neçə belə pensiya fondları var. Təəssüf ki, bu qərar təxirə salınır və bu sahədə heç bir rəqabət yoxdur, dövlət isə tək oyunçu olduğundan oyunun qaydalarını tez-tez təqaüdçülərin deyil, bütövlükdə büdcənin xeyrinə dəyişir. Bütün dəyişikliklərin fəlsəfəsi büdcəni necə boşaltmağa yönəldilmişdir.

Ə.H. – Mən bu suala qismən cavab verdim. Əlavə olaraq və ümumiləşdirərək deyə bilərəm ki, Azərbaycanın pensiya siyasəti ölkə əhalisinin az qala yarısının yaşadığı Bakıdan daha çox, bölgələr üçün nəzərdə tutulub. Bölgələrdə kiçik fərdi aqrar təsərrüfat hesabına belə cüzi təqaüdlə hələ necəsə xilas olub bir təhər yaşamaq mümkündür (məhz bir təhər yaşamaq!). Paytaxtda isə təqaüdçü öz yaxınlarının gəlirindən asılıdır.

Əslində, bizdə pensiya siyasəti milli mentalitetə (zehniyyətə) malikdir. Yəni, dövlət bizdə qohumluq bağları və ya münasibətlərinin Qərb və tutalım, Rusiyadan daha sıx olduğunu bilir. Qohumları təqaüdçünü talein hökmünə buraxmayıb ona kömək edəcəklər. Hərçənd, təqaüdçü öz pensiysı hesabına rifah içində yaşamalıdır. Həm də yalnız sadəcə yaşamaq deyil, həm də lazım gələrsə, müalicə olunmaq və hətta fəal həyat tərzi keçirmək, heç olmasa, ölkəmizin müxtəlif yerlərinidə istirahət edə bilmək imkanına malik olmalıdır. Amma bizim pensiya ilə hətta, heç öz paytaxtımızda yaşamaq mümkün deyil.

Yanvarın 1-dən etibarən yeni vergi qaydaları işə düşmüşdür, bunlar nə dərəcədə səmərəlidir və iqtisadiyyata necə təsir edəcək?

N.C. – Vergi kodeksi dəyişdirilməli idi. Əvvəllər orda anlaşılmazlıq çox idi. Yeri gəlmişkən, vergi kodeksi çox tez-tez dəyişir. Yalnız iki il əvvəl Vergi Məcəlləsinin təxminən 200 maddəsi və indi isə Məcəllənin 100-ə yaxın bəndi dəyişdirilmişdir. Təbii ki, vergi kodeksini belə tez-tez dəyişmək də olmaz. Bu, biznesə mənfi təsir göstərir, çünki oyunun qaydaları daim dəyişmiş olur.

Belə tez-tez dəyişikliklər vergi siyasətinin mahiyyətini təhrif etmişdir. Bizdə Vergi kodeksi reallıqdan ayrılmışdır. Hökumətin arzusu aydındır. Onlar hamının təmiz işləməsi üçün ölkəni kölgə siyasətindən çıxarmaq istəyirlər. İdeyanın özü yaxşıdır, lakin həyata keçirilmə prosesinin özü və vergi siyasətində baş verən dəyişikliklər hökumətin öz qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün kifayət deyil. Vergi kodeksi çox mürəkkəb bir dildə yazıldığından, heç də hər şeyin o qədər də aydın olmamasından başlayaq. Lakin artıq fərqli şərhlərlə təkrarlanan maddələr var. Bu isə işgüzar dairələr arasında narazılığa səbəb olur, çünki vergi kodeksi hər kəs üçün əlçatan bir dildə yazılmalıdır.

Natiq Cəfərli

Başqa bir vacib məqam da odur ki, hökumət kiçik biznes üçün güzəştlər olduğunu bildirsə də, kiçik sahibkarlar olan bu insanlar təxminən 400 min nəfəri təşkil edir ki, onlar necə deyərlər, oyundan kənar vəziyyətdə qalmışlar. Belə ki, bu adamların fəaliyyət sahəsi azaldılır, halbuki,onlar gəlir vergisi ödəməlidirlər. Əvvəllər onlar sadələşdirilmiş bir sistem üzrə ödəyirdilər, amma indi belə olmayacaq.

Onlar öz hesabatlarını yeni sistem üzrə saxlamaq məcburiyyətində qalacaqlar, bu isə vaxt tələb edir ki, o da sahibkarlarda yoxdur. Yeni sistemdə bir çox mürəkkəb prosedurlar var. Yəni, bu gün təxminən 400 min adam necə işləmək və öz hesabatlarını necə aparamağı bilmir. Buna paralel olaraq, yeni vergi kodeksi əvvəlki pozuntulara görə cəzaları böyük miqdarda artırmışdır. Bir tərəfdən insanlar üçün necə işləmək aydın deyil, digər tərəfdən isə cərimələr artır. Mən tam əminəm ki, mart ayında hamının birinci kvartalın hesabatını verməli olduğu vaxt xaos baş verəcək və bir çoxları hesabatı təqdim etməyi bacarmayacaq, çünki əksəriyyəti bütün bunların necə edildiyini bilmir və eyni zamanda buna paralel olaraq vergi idarəsi böyük cərimələr yazacaq. Bu da orta və kiçik biznesdə narazılığın artmasına səbəb olacaq.

Ə.H. – Vergi məcəlləsində dəyişikliklər kölgə iqtisadiyyatına və vergiləri ödəməkdən boyun qaçırmaya qarşı mübarizədə mühüm amildir. Bunu çoxdan etmək lazım idi. Necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq daha yaxşıdır. Halbuki, mövcud vəziyyətdə bu dəyişikliklər biznesdə vergi yükünün əhəmiyyətli dərəcədə artmasıdır və bu da qiymət artımına səbəb ola bilər. Ancaq hər halda heç bir yol yox idi. Nəhayət, biz hökumətin neftdən deyil, vergilərdən asılı olduğu bir dövlət halına gəlməliyik. Bu da gələcəkdə vətəndaş cəmiyyətinin inkişafına və dövlət idarəçiliyinin keyfiyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır.

Bütün islahatlardan sonra pensiya və əmək haqqlarının normal həyat səviyyəsini təmin edəcəyini gözləmək olarmı?

N.C. – Hər kəsin müxtəlif ehtiyacları olduğundan, əhali üçün kifayət qədər olan orta əmək haqqı konsepsiyası çox həssasdır. Ancaq qlobal dünya təcrübəsi var ki, burada dörd nəfərlik ailə üçün normal göstəricilərlə minimum yaşayış xərclərinin nəzərdən keçirildiyi təcrübə var. Məsələn, Türkiyədə ailənin öz minimal tələblərini təmin etmək üçün bu məbləğ 5000 lirə (900 dollar) təşkil edir. Bizim ölkəmizdə minimum əmək haqqı və minimum pensiya beynəlxalq standartlar səviyyəsində qonşu ölkələrə nisbətən iki dəfə azdır.

Ə.H. — Azərbaycanda islahatlar epizodik və sistemsizdir. Və əsas islahatlar, özü də hüquqi olanlar – heç də həyata keçirilmir! Sistemli və aydın qanunvericilik , onun sədaqətli tətbiqi, müstəqil və səlahiyyətli məhkəmə sistemi olmadan digər bütün addımlar heç nəyə gətirib çıxara bilməz. Bazar iqtisadiyyatı oyunun qaydalarına əsaslanır ki, ən başlıcaları: 1) əmlakın qorunması; 2) müqavilələrin icrası; 3) sağlam rəqabətdir. Bizdə adi vətəndaşlar belə qanunsuzluqlara məruz qalırsa, biznes bu qaydaların toxunulmazlığına necə inana bilər?!

Bir vətəndaşın mənzilini əlindən ala bilirlərsə, iş adamı öz biznesinin əlindən alınmayacağına necə inanacaq? Əgər qonşular arasında bir parça torpaq sahəsi üzündən məişət mübahisəsi məhkəmə üçün rüşvətin miqdarının həlledici meyarına dönürsə, iş adamı sabah məhkəmənin onun hüquqlarını pulsuz müdafiə edəcəyinə necə inana bilər? Lakin bunların hamısı olmazsa, iqtisadi artım da olmayacaq. Deməli, nəticədə həyat səviyyəsi də düşəcək.

 

Аnar Hüsenov