Bir ənənə olaraq, martın 20-21-də Azərbaycanda ən sevimli bayramlardan birini – baharın gəlişini təmsil edən Novruz bayramını qeyd edirlər. Bu ilki Novruzda əhaliyə birdən-birə yeddi bayram günü nəsib olmuşdur. Necə deyərlər, o ki var kef elə!

Bu il ilk dəfə olaraq Azərbaycan DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti təhlükəsizliyin təmin edilməsi məqsədilə vətəndaşların kütləvi toplaşdığı yerlərdə, xüsusilə bayram festivalları zamanı gücləndirilmiş rejimdə işləyir.

Keçən il olduğu kimi, bu il də bayram Azərbaycanda dünyanın müxtəlif ölkələrindən çoxlu sayda turist toplayacaqdır. Statistikaya görə, Rusiya və Gürcüstandan, eləcə də MDB-nin digər ölkələrindən, o cümlədən Qazaxıstan və Özbəkistandan daha çox turist gələcək. Bundan başqa, müəyyən sayda turist axını ərəb ölkələri, İran, Hindistan və Pakistandan, yalnız nisbətən kiçik faiz isə Avropadan olacaq.

İrandan olan turist Aliyənin Dalma Newsin müxbirinə dediyincə, bu, Novruz bayramı zamanı onun Azərbaycana üçüncü səfəridir. «Azərbaycana ilk dəfə 2017-ci ildə gəlmişəm. Düzünü desəm, bayrama məxsusi niyyətlə gəlməmişəm, sadəcə olaraq, belə alındı. Şəhərdə belə gözəl, rəngarəng və şən atmosferə heyrət edib təəccübləndim. Mən ümumxalq gəzintiləri, oyunlar, konsert proqramları və digər küçə şoularına biganə qala bilmirdim. Mən, demək olar ki, bütün kafe və restoranlarda təqdim olunan bayram yeməklərinə xoş təəccüb hissi keçirirdim. Yeganə minus — bu, cəmi beş gün ərzində bir neçə kq artıq çəkim idi ki, bunu da məncə, ildə bir dəfə özünə rəva görmək olar», – deyə o bildirmişdir.

Onun sözlərinə görə, son iki ildə o, ölkəyə bacıları və anası ilə gəlir. «Onlar çox razıdırlar, çünki Azərbaycan özündə həm Şərq koloriti və adətlərini qoruyub saxlaya bilmiş, həm də zamanla ayaqlaşa bilmişdir. Etiraf edirəm ki, bu, əcnəbiləri cəlb edir. Bütün bunlara sizə xas olan qonaqpərvərlik, xoş iqlim və dadlı yeməkləri də əlavə etsək, bundan daha yaxşısı ola bilməz. Növbəti dəfə artıq yayın sonuna yaxın, bəlkə də qışa doğru gəlmək haqqında düşünürəm», — deyə o,fikrini açıqladı.

Bununla yanaşı, tarixə baş vursaq, Novruz hər kəsi bir – birinə yaxınlaşdıran mehriban, sevimli, səmimi və çox əziz bayramdır. Bayramın əsas qəhrəmanları- Keçəl və Kosa ymumxalq gəzinti və şənlikləri keçirmək üçün nəzərdə tutulan qəhrəmanlardır.

Hər il bayramdan əvvəl qışın dörd çərşənbə axşamı qeyd olunur, onların hər birində tonqallar yandırılır. Ənənəyə görə, bütün dostlar və tanışlar həyətdə toplaşır, yallı gedir, növbə ilə tonqalın üzərindən atlanır və beləliklə, bütün çətinlik və uğursuzluqları yandırmış olurlar. Bu bayram, xüsusilə qonşu qapıların altına şirniyyatla doldurulmaq üçün papaq atan uşaqlar tərəfindən sevilir. Bayram günlərində qohum – qonşuları, əzizləri ləziz yeməklərlə qonaq etmək, eləcə də küsülüləri barışdırmaq adətdir.

Ağsaqqallardan Firuz Məmmədovun Dalma Newsə xəbər verdiyi kimi, illər keçdikcə, gənclər Novruz bayramına o qədər də məhəl qoymurlar. Həyətdə ya uşaqlar, ya da yaşlılar toplaşır. Gənclər isə elə hey əllərində mobil telefonlarla gəzirlər. «Mən uşaqlıqda tonqalı qalamaq üçün necə xüsusi hazırlıq görüb çır-çırpı və odun yığdığımızı xatırlayıram. Hətta digər həyətlərdən olan uşaqlarla kimin ən böyük tonqal yandıra biləcəyi üzrə da yarışırdılar. Bu, belə bir adrenalin idi. Bu gün isə, eh… », — deyə kişi təəssüflənir.

O, 60 il əvvəl gələcək həyat yoldaşının qapısının altına papaq atdığını və valideynlərinin onu şirniyyatla doldurduğunu xatırladı. «O zaman qız 5, mən isə artıq 10 yaşında idim. Kimin ağlına gələrdi ki, bundan 15 il sonra biz evlənəcəyik. Eh, bunlar heç zaman unudulmayan vaxtlardır. Ancaq uşaqlarımız, hətta nəvələrimiz də bizim kimi fəal idilər, bax, nəticələrimiz isə artıq belə olmayacaqlar. Çünki maraqlar eyni deyil , vaxt da fərqli və başqadır. Amma axı, bu ənənələr insanları yaxınlaşdırır, bir-birinə dost edir, bağışlama və səmimiyyətə öyrədir», — deyə o bildirir.

Bu il bayramı necə qeyd edəcəyi barədə sualları cavablandırarkən, Firuz kişi mütləq tonqala baxmağa çıxacağını, nəticələrinə şirniyyat alacağını və əlbəttə ki, bayram masasının başında oturacağını söylədi. «Ah, ayaqlarım xəstə olmasaydı, mən elə tonqallar yandırar, o qədər papaq atardım ki… Ancaq indi yalnız kənardan baxıb sevinmək lazım gəlir, hərçənd dadlı yeməyi mən hələ də sevirəm », — deyə Məmmədov bildirmişdir.

Əlbəttə ki, hər hansı bir bayram, bayram masası olmadan keçə bilməz. Bir ənənə olaraq üzərinə şirniyyat: şəkərbura, badambura, paxlava, qoğal, quru meyvələr, qoz-fındıq və rənglənmiş yumurtalar qoyulan Novruz xonçası düzəltmək lazımdır. Və əlbəttə, bayram xonçasının mərkəzinə həyatın, sağlamlıq və rifahın simvolu kimi Səməni qoyulmalıdır.

Evdar qadın Gülnarə Kərimovanın Dalma Newsin müxbirinə dediyi kimi, bu bayram ən sevimli bayramdır, axı o, bütün yaxınları və doğmaları bir masa arxasında yığmağa imkan verir. «Mən, bir qayda olaraq, ən başlıcası plov olan bayram yeməkləri bişirirəm. Bir neçə gün əvvəl şirniyyat: paxlava, şəkərbura, qoqal, şəkərçörəyi və s. bişirməyə başlayıram. Bir qayda olaraq, bu işdə mənə bacım və xalalarım kömək edirlər. Bu bir ənənədir. Bayram ərəfəsində biz bütün doğmaları və yaxınları qonaq edirik», – deyə o bildirir.

Onun sözlərinə görə, bayram xərcləri də az deyil. Bir qayda olaraq, görmək istədiyinizdən asılı olmaqla bayram masasına, ən azı 170 manat (100 dollar) xərclənir. «Bu il məhsul yarmarkasında ərzaq alırdım, orada qiymətlər marketlərdən aşağı idi», – deyə o bildirdi

Qeyd edək ki, bu yarmarkalar martın 2-dən hər şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün fəaliyyət göstərir.

30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO tərəfindən bütün dünyanın qeyri-maddi irsinin digər 76 elementi ilə yanaşı, Bəşəriyyətin Qeyri-maddi İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Günel Məmmədli