Minchenko Consulting kommunikasiya holdinqinin hazırladığı “Zaqafqaziya (Cənubi Qafqaz) regionunda siyasi risklərin qiymətləndirilməsi” məruzəsində bildirilir ki, Azərbaycan Qafqazın ən sabit ölkəsidir. Bu barədə Kanal24 “Komersant” qəzetinə istinadən xəbər verir.

Regionda qeyri-sabitliyin səbəbləri kimi isə Ukrayna böhranı və onun nəticələri, eləcə də “İslam Dövləti”nin (İŞİD) güclənməsi göstərilib.

Məruzənin müəllifləri – Yevgeni Minçenko, Kirill PetrovSergey Markedonov iddia ediblər ki, “Donbasda silahlı qarşıdurma ilə ağırlaşdırılan” Ukrayna siyasi böhranı Cənubi Qafqaz da daxil olmaqla, bütün postsovet məkanında vəziyyəti kəskinləşdirib.

Məruzədə Zaqafqaziyanın üç ölkəsindəki vəziyyət ətraflı şəkildə nəzərdən keçirilib. Ən sabit dövlət “Zaqafqaziyada xarici investorlar üçün cəlbedici, güclü iqtisadiyyat”ı olan Azərbaycan hesab edilib.

“Qaz yataqlarının işlənməsi neft ehtiyatlarının tükənməsindən azalan gəliri kompensasiya edir. Çoxşaxəli xarici siyasət və ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb dünyası ölkələrinin maraqları arasında tarazlıq yaratmaq bacarığı Bakının ən güclü tərəfi olaraq qalır”, – məruzədə deyilib.

Gürcüstanda vəziyyət isə bir qədər pisdir. “Gürcüstan siyasi riskləri olan ölkə kimi qalmaqdadır. “Gürcüstan arzusu” koalisiyası və “Vahid milli hərəkat” müxalifət partiyası arasında rəqabət davam edir, bu rəqabət birincinin eroziyası və bölünməsi, ikincinin liderlərinə qarşı açıq təqiblər fonunda baş verir”, – məruzədə qeyd olunub.

Nəhayət, Minchenko Consulting məruzəsinə görə, risklər Ermənistanda da az deyil. Bu dövlət 2015-ci ildə kütləvi etiraz aksiyaları yaşadı. Nümayişlər və asayiş pozuntularına səbəb ölkənin ictimai xidmətlərinin tənzimlənməsi üzrə Komissiyanın elektrik enerjisinin tarifini artırması barədə qərarı səbəb oldu. “Bununla yanaşı, tarif problemi – böyük risklərlə dolu olan ümumdaxili və xarici siyasi kontekstlərin yalnız bir hissəsidir”, – sənəddə vurğulanıb.