Dünən Azərbaycanda yeni dərs ili heç də hamı üçün başlamamışdır… Belə ki, Azərbaycanın İmişli rayonunun Qızılkənd adlanan kəndində bir qrup valideyn öz uşaqlarını məktəbə göndərməkdən imtina etmişlər. Bu haqda “Haqqin.az” kənd sakinlərinin dediklərinə istinadla xəbər verir.
Etirazlara səbəb kənd məktəbinin bərbad vəziyyətdə olmasıdır.
Verilən məlumata görə, bu gün səhər valideynlər məktəbin qarşısına toplaşaraq yeni bina tikmək tələbilə etiraz aksiyası keçirmişlər.
Bundan əlavə, yeni dərs ili daha bir neçə kədərli hadisə ilə fərqlənmişdir. Belə ki, yeni başlanan tədris ili 12 yaşlı məktəblinin intiharı kimi hadisə ilə dərin hüzn və qəmginliyə səbəb olmuşdur. Rəsmi versiyaya görə, məktəbli valideynlərinin ona yeni məktəb forması və canta almaq imkanı olmadığı üçün özünü asmışdır.