Politoloq İlqar Vəlizadə Dalma News ilə müsahisində Azərbaycanda siyasi ilin yekunlarını vurmuş, Azərbaycan iqtisadiyyatının problemlərini şərh etmiş, habelə Rusiya, Türkiyə və İranla əməkdaşlığa dair fikirlərini bölüşmüşdür.
15750094_10211602069236463_1915037368_n

Azərbaycan üçün 2016-cı ili necə qiymətləndirirsiniz? Siz ilin hansı mühüm hadisələrini xüsusi qeyd etmək istərdiniz?

2016-cı il mənim üçün özünün bu ilin aprelindəki «dördgünlük müharibə» və sentyabr ayında keçirilmiş referendum kimi hadisələrilə yadda qaldı. Bu iki hadisə həm daxili, həm də xarici siyasətə çox güclü təsir göstərdi.

Ələlxüsus, aprel müharibəsinə gəlincə, bu hadisə Qarabağ münaqişəsinin bütün nizamlama dövrü ərzində bir növ son hədd olmuş, belə ki, 1994-cü ildə tərəflər barışıq elan edəndən bəri cəbhə xətti ilk dəfə olaraq dəyişdirilmişdir.

Bu, çox mühümdür, çünki başqa hərbi cəhətlə yanaşı, bu hadisənin siyasi rolu da vardı. Hadisələr göstərdi ki, danışıqlar prosesində durğunluq və tərəflərin hərbi hazırlıqları şəraitində toqquşmalar qaçılmazdır. Son illər insidentlərin sayı artırdı ki, nəticədə müharibəyə gətirib çıxardı.

2016-cı ilin digər mühüm hadisəsi konstitusiya referendumu idi. Referendumda xalqın ölkə prezidentini dəstəkləməsinə baxmayaraq, biz hələlik dövlət başçısının vitse-prezidentlərin təyini, parlamenti buraxmaq və sair də daxil olmaqla bəzi səlahiyyətlərdən istifadə etdiyini görmürük. Bununla əlaqədar, 2017-ci ildə nə gözləməyə dəyər?

Təcrübə göstərir ki, dəyişikliklər daha uzaq perspektivə nəzərdə tutulub. Dmitri Кiselyova müsahibəsində Prezident bildirmişdir ki, yaxın zamanlarda növbədənkənar prezident seçkiləri və kəskin institusional islahatlar gözləməyə dəyməz. Ehtimal ki, bütün tədbirlər kompleksi növbəti prezident seçkiləri zamanı və ya onların ərəfəsində qəbul olunacaq.

Prinsipcə, çox gözləmək lazım gəlməyəcək, artıq 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Məncə, dəyişikliklər bu müddətdən tez həyata keçirilməyəcək. Amma, burada başqa bir məsələ var. Bütün bu dəyişikliklər institusional islahatlarla kompleksdə tətbiq olunacaq. Ölkə daxilində yeni orqanlar yaradılır, yeni-yeni siyasi-hüquqi münasibətlər formalaşır. Bütün bunlar yeni mühit formalaşdıracaq və vitse-prezidentlərin təyinatı yeni koordinat sistemlərinin yaradılması ilə baş verəcək.

Referendum, eləcə də hakim partiya və ölkə prezidentinin qazandıqları etimad votumu, həmçinin icra dairəsinin gücləndirilməsi fonunda 2016-cı il iqtisadi sahədə ciddi problemlər göstərmiş oldu. Hələ ki, bu mərhələdə əhali və dövlət büdcəsi islahatların nəticələrini hiss etmir. Zəifləyən iqtisadiyyat fonunda referendum və hakimiyyət vertikalının güclənməsini necə anlayaq?

Əvvəlki illərdən fərqli olaraq, bu il iqtisadiyyatın liberallaşdırılması üzrə mühüm tədbirlər qəbul edilmişdir. Məsələn, elə həmin gömrük sistemi və maliyyə sahəsini götürək. Böhran hallarının dərinləşməsinə iqtisadiyyatda struktur böhranı səbəb olmuşdur. Bu proses hələ əvvəlki illərdə başlanmışdı və o davam edəcək. Hazırda onun yavaşıdılma məsələsi qoyulur, indiki mərhələdə bu böhranlı halların tam dayandırılması demək olar ki, mümkün deyil, çünki böhran nəinki təkcə daxili endogen səbəblərdən, həm də xarici amillərdən irəli gəlmişdir. İndi eyni zamanda xarici amillərin daxili iqtisadi proseslərə güclü təsir göstərməməsi istiqamətində mübarizə gedir.

Bununla əlaqədar indi ölkə rəhbərliyi iqtisadiyyatın şaxələndirilməsi, xarici iqtisadi fəaliyyətin xarakternin dəyişdirilməsi üzrə bir sıra tədbirlər görməyə — məhz onun liberallaşdırılmasına, Ələtdə azad iqtisadi zonanın işə düşə biləcəyi institusiya yaradılmasına çalışır. Ancaq bunu bir günə yaratmaq mümkün deyil, bunun üçün infrastruktur lazımdır, investorlar cəlb etmək gərəkdir. Bütün bunlar vaxt tələb edir. Bu yolda hansısa addımlar atılıb, amma bütün mexanizmin işləməsi üçün müəyyən mərhələlərdən keçmək lazımdır.

Böyük ümidlər müxtəlif iqtisadi sektorlar, xüsusən də turizm kimi sahələrin inkişafına yönələn xarici investisiyalarla bağlıdır. Biz bu il ölkədə nə üçün çox turist gördük? Çünki ərəb ölkələrilə viza rejiminin liberallaşdırılması baş verdi. Bütün bunlar iqtisadi islahatların nəticəsidir.

İndi isə biz Fars körfəzi ölkələrindən yalnız turistlər deyil, həm də bizim daşınmaz əmlak və aqrosənayemiz ilə maraqlanan iş adamlarını müşahidə edirik. İndi bir çox məsələlər razılaşdırılma mərhələsindədir. Ətraflı müzakirlərdən sonra aqrosənaye komplekslərin və digər birgə müəssisələrin tikintisinə başlanacaqdır. Bütün bunlar vaxt aparacaq. İndi söz yenidənqurma — xarici investisiyaların köməyi ilə mоnoneft iqtisadiyyatından daha çoxşaxəli iqtisadiyyata keçməkdən gedir.

Hələlik islahatlar realizənin bütün mərhələlərini keçdikcə, əhalinin aztəminatlı təbəqələri üçün getdikcə daha çətin olur. Sabit iqtisadi böhran şəraitində Siz əhali arasında narazılığın artacağını gözləmirsinizmi?

Əlbəttə, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və devalvasiya ölkədə müəyyən gərgin fon yaradır. Ölkə iqtisadiyyatının ən zəif yeri bank sahəsi oldu, çünki ölkəyə böyük kapital axınına o nəzərdə tutulmuşdu. Kapitalın ölkədən çıxarılması ilə məşğul olan fırıldaqçılar yaxalandı və hazırda onların işləri üzrə məhkəmə araşdırmaları gedir.

Hazırda hökumət bu cür hüquqpozmalara görə cəza mexanizmini cinayət təqiblərinə qədər sərtləşdirmənin tətbiqinə çalışır. İndi ciddi maliyyə monitorinqi keçirilir. Ölkədə kapitalın konsolidasiyası çox ağrılı prosesdir, gələn il isə bu davam edəcək. Təbii ki, əgər bunun üçün heç bir fəaliyyət aparılmasa idi, bəlkə də əhali narazı olduğunu bildirərdi. Lakin ölkə rəhbərliyi problemlərin həlli üçün təcili tədbirlər görür ki, bu, mənfi əhval-ruhiyyənin səviyyəsini aşağı salmalıdır.

Əlbəttə, müəyyən narazılıq var, amma o regional — yerli xarakter daşıyır. Ehtirasları qızışdırmaq üçün müəyyən siyasi dəstək olmalıdır. Lakin müxalif qüvvələr tam düşkünləşərək ölkədəki vəziyyətə təsir göstərmirlər, hakim partiya isə islahatlar kursunu dəstəkləyir. Belə olan halda, əhali vəziyyəti xilas etmək üçün yalnız islahatlara dəstək verəcək, buna görə də yerli püskürmələr güman ki, olacaq, ancaq onların genişlənəcəyini gözləməyə dəyməz.

Bu il biz Azərbaycan-rusiya və Azərbaycan-iran münasibətlərinin möhkəmlənməsinin şahidi olduq. Bakıda üç dövlətin zirvə görüşü keçirildi. Türkiyə də Rusiya və İranla yaxınlaşmaq istıqamətində addımlar atmışdır. Bununla əlaqədar, 2017-ci ildə bu dövlətlərin regional əməkdaşlıq məsələsi ilə bağlı nə kimi gözləntilər vardır?

Bu bölgədə çoxdan öz aralarında qarşılıqlı əməkdaşlığa malik və müəyyən nəticələr verən güc mərkəzləri formalaşmışdır. Regionumuzda Rusiya, Türkiyə, İran və Azərbaycan kimi gündəmi formalaşdıran stabil dövlətlər var. Burda önəmli rolu bu ölkələrdəki daxili siyasi vəziyyət oynayır.

Ancaq daxili siyasi risklər də var və onlar göz qabağındadır. Türkiyədə bu il qiyam oldu, lakin Ərdoğan qalib gəldi ki, bu, hakimiyyətin güclü olduğunu və vəziyyətə nəzarət etdiyini göstərdi. Rusiyada ölkədəki iqtisadi problemlərə baxmayaraq, hakimiyyət həmçinin güclüdür və parlamentdə yerlərin əksəriyyətini hakim partiyanın əldə etdiyi Dövlət dumasına seçkilər bunu bir daha təsdiq etmiş oldu. Azərbaycanda da hakim qüvvələr referendumda dəstək qazanmışlar. Bütün bu dövlətlər öz ölkələrində islahatlar aparır, əgər onlar olmasaydı, vəziyyət başqa cür olardı.

İranda isə vəziyyət bir az başqadır, ancaq orada da daxili latent (gizli) islahatlar keçirilir və mühafizəkarların müqavimətinə baxmayaraq, Rouhani onları ardıcıl olaraq tətbiq edir. Yeri gəlmişkən, İranda 2017-ci ildə prezident seçkiləri keçiriləcək və hazırkı rəhbərlik böyük qələbə şansına malikdir.

İndi bütün ölkələr xalqın sarsıntılar yaşamaması üçün islahatlar yolu ilə gedir. Digər tərəfdən, bütün bu dövlətlər böyük təzyiq altındadırlar və onlar daha çox sabitlik nümayiş etdirdikcə, təzyiq altına bir o qədər çox düşürlər. Hazırda Rusiya, Azərbaycan və İran öz iqtisadi münasibətlərini genişləndirərək, «Şimal-Cənub» dəmir yolunu salırlar. Bu layihədə yalnız üç ölkə deyil, həm də bir çox digər dövlətlər iştirak edir. Belə layihələr maldövriyyəsinin artmasına, daxili istehsalın inkişafına yardım göstərəcək ki, bu da əhalini yeni iş yerləri ilə təmin edəcək.

Və sonuncu sual. Sizin 2017 il üçün hansı proqnozlarınız var? İqtisadi və siyasi baxımdan bizim ölkə və regionu nə gözləyir?

Zənnimcə, iqtisadi baxımdan, islahatçılıq kursu davam etdiriləcək, həmçinin struktur dəyişikliklərini də gözləmək olar. Xarici amillərdən —iri ticarət şəbəkələrinin böhranı gözlənə bilər, odur ki, bir çox dövlətlər təcrid olunaraq, yeni qapalı iqtisadi formatlar qurmalı olacaqlar, bu isə müəyyən problemlərin yaranmasına gətirib çıxaracaqdır. Lakin Azərbaycanın maliyyə təhlükəsizlik yastığı var ki, ən pis variantlardan birində ondan istifadə etmək olar.

ABŞ–da hakimiyyətə Donald Tramp gəlmişdir ki, o, sərt xarici siyasət yürütmək niyyətində deyil. Onunla birlikdə, həmçinin neft lobbisi də gəlmişdir ki, bu, neft dövlətləri ilə adətən müsbət münasibətlər yaradıb-qurur.

Söhbəti Nicat Hacıyev apardı