Avropanın “ikili standartları”na qarşı Azərbaycanın da kifayət qədər ikili, üçlü, hətta çoxprizmalı mövqeyi var. Məsələn, siyasətdə bütün vasitələr məqbuldur deyib, illərdir xəbərlərdə manşetə çıxardığımız “Avropa dağılır” başlığının önünə az iş qoymamışıq: əsasən ölkə daxilində mənfi və müsbət tərəfləri ilə səs gətirən Birinci Avropa Oyunları, avropalı turistlər, avropalı qonaqlar, Avropa şəhərciyi, Avropa standartları (ikili?!), Avropa qapıları və sair və ilaxır…
İndi də gündəmdə seçkilərdir. Noyabrın 1-də bizi təmsil edəcək vəkilimizi seçməliyik. Düzü, aid olduğum seçki dairəsindən dəfələrlə seçilən namizəddən nəinki bir xeyir, heç üzünü də görməmişəm.
Amma seçim olan yerdə yaxşıya həmişə ümid var. Bu günə qədər müxalif insanların, demək olar ki, gözə dəymədiyi və əsasən hakim partiyanın namizədləri ilə təmsil olunan Parlamentə ədalətli seçkilərin keçirilməsi nəticəsində müsbət nələrinsə olması mümkün idisə, seçkilərin şəffaf keçirilməsinə nəzarət edən xarici müşahidəçilərin sayına Azərbaycan tərəfinin qoyduğu məhdudiyyət çox şeyi indidən şübhə altına saldı – elə seçkilərin nəticələrini də. “Avropa” belə düşünür.
ATƏT Azərbaycanda noyabrda keçiriləcək parlament seçkilərindən nə gözləyirdi bilmirəm. Amma rəsmi Bakının qoyduğu gözlənilməz seçim qarşısında “pis” olmağı tərcih etdi. Qayıdaq əvvələ…
ATƏT-in üzvü olan dövlət kimi, Azərbaycan keçirdiyi seçkilərə beynəlxalq müşahidəçilər cəlb etməli, müşahidəçilərin öz funksiyalarını müstəqil, tərəfsiz və peşəkarcasına yerinə yetirmələrinə xüsusi diqqət yetirməli və sərbəst müşahidə üçün şərait yaratmalıdır. Çünki imicinin son dövrlərdə zədələndiyini nəzərə alsaq, söz azadlığının məhdudlaşdırıldığı bir ölkə kimi siyahılarda ön cərgədə təqdim olunduğunu əsas götürsək, seçkilər Azərbaycana özünü təsdiqləmək üçün əla imkandır. Təbii ki, sözügedən özünətəsdiqə ehtiyac varsa.
Di gəl ki, rəsmi Bakı ATƏT-lə başqa oyun oynadı. Dəvətnamə aldıqdan sonra ATƏT seçkilərə 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrin nəticəsi tamamilə fərqli oldu. Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb etdi. Bakının tələbi qarşısında ATƏT yaxınlaşan parlament seçkiləri üçün Azərbaycana müşahidəçi göndərməməyə qərar verdi.
Maraqlıdır ki, Azərbaycan tərəfi bu addımı Avropa Parlamentinin ölkəmizdə insan haqlarını sərt tənqid edən qətnaməsindən sonra atdı. Sentyabrın 10-da qəbul edilən qətnamədə bütün siyasi məhbusların, insan haqları fəallarının, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının dərhal həbsdən azad edilməsi, onlara qarşı irəli sürülən ittihamların ləğv olunması çağrılışı edilirdi.
Qətnamədən bir gün sonra isə Azərbaycan ATƏT-in müşahidəçiləri ilə bağlı qərarını açıqladı.
Yerli rəsmilərin qətnamə ilə bağlı münasibətləri də gecikmədi. Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fuad Muradov qətnamə ilə tanış olduğunu dedi və qeyd etdi ki, bu, Avropa Parlamentinin növbəti qərəzli yanaşmasıdır, quruma adekvat cavab veriləcəkdir: “Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu, təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir”.
Milli Məclisin üzvü Zahid Oruc isə bildirdi ki, qətnamə əslində Bakıda yazılıb. Bundan əlavə, qətnamədə elə daxili məsələlərdən bəhs olunur ki, bunu ölkə içərisində siyasi müşahidələr aparmayan və yaxud da kəşfiyyat məlumatları olmayan bilməz.
Azərbaycan tərəfi istənilən halda bu qərarında haqlı olduğunu deyir. Rəsmi Bakı hesab edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərinə çoxlu sayda müşahidəçi göndərməsinin məqsədi “sistemə qurd salmaqdır”. Elə ATƏT ekspertlərinin hazırladığı ilk hesabatın qərəzli olması, hesabatı hazırlayarkən “Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə çalışan bəzi üçüncü tərəf mənbələrinə” istinad, eləcə də məruzədə seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycan hökumətinin atdığı addımların qeyd olunmaması rəsmi Bakının irəli sürdüyü kontur arqumentlərdir.
Bununla bağlı Prezident Aparatının rəhbərinin müavini Novruz Məmmədov “Twitter” hesabında yazmışdı ki, Avropa İttifaqının bəzi strukturlarının atdığı addımlar göstərir ki, bu qurum heç şübhəsiz siyasi klimaks keçirir.
Bəzi politoloqlar isə düşünür ki, ATƏT-i Azərbaycanda seçkilərin necə keçirilməsi deyil, onun dünyadakı imicinə xələl gətirmək maraqlandırır. Məsələn, millət vəkili Çingiz Qənizadə hesab edir ki, “bütün bunlar əvvəlcədən hazırlanmış ssenarinin tərkib hissəsidir. Hədəf Azərbaycan dövləti və onun prezidentidir. Onlar istəyir ki Azərbaycan bunların çaldığı havanı oynasın, müstəqil siyasət aparmasın”.
Büronun direktoru Mihael Georg Linkin mövcud vəziyyətlə bağlı cavabı da hazırdır. O, ATƏT-in atdığı bu addımı Azərbaycan tərəfinin tətbiq etdiyi məhdudiyyətlərlə bağlayır. Amma qeyd edir ki, verilən qərara baxmayaraq, onun başçılıq etdiyi qurum Azərbaycana seçkilər və insan haqları ilə bağlı başqa öhdəliklərin icrasında yardımlarını göstərməyə hazırdır. Qeyd edək ki, qərarla bağlı rəsmi Bakı səssizliyini hələ də qoruyur.
ATƏT-in parlament seçkilərini müşahidə edib-etməməsindən, Azərbaycanın “incikliyini” kənara atıb müşahidəçilərin şəffaflığına inanıb-inanmamasından asılı olmayaraq, baş verənlərin, siyasi gedişatların mərkəzində biz – sadə insanlar dayanır. Sıravi vətəndaşlar olaraq parlament seçkilərinin individual siyasi ambisiyalar üçün pilləkən, ildə 2-3 dəfə dəyib-qayıdıb, müftə gəlir üçün “pul bulağı” olmasını istəmirik. Parlamentdə kürsüdə əyləşmək üçün ayaq altında tapdanıb, “dayaq” da olmaq istəmirik. Millətin vəkili olub, problemlərimizə gözünü, qulağını yuman, aradabir kürsüdə yuxulayan birinin bizi təmsil etməsini də istəmirik. Biz vətəndaş olaraq nə istədiyimizi yaxşı bilirik. Bilirik ki, istəyimizin reallaşması üçün şəffaf seçkilərin keçirildiyi mühitin yaradılması əsasdır. Yoxsa, qutuya nə atırıqsa-ataq, kimin adını yazırıqsa-yazaq, ordan “zibil” çıxacaqsa, istəyir ATƏT olmasın, lap “böyük qardaş” bizi müşahidə etsin – heç bir mənası olmayacaq.
Siyasətdə “möcüzələrə” inanmıram, amma vətəndaş olaraq borcumu yerinə yetirib, vəkilimi seçməyə gedəcəm. Ən azı, seçmək imkanımın olması barədə mifin dağılmaması üçün.
P.S.: ATƏT-in Bakı ofisi iyunun 4-dən etibarən fəaliyyətini dayandırıb.
Nərmin Nöqtə