Ölkədən kapitalın çıxarılması Azərbaycan üçün ağrılı problemdir. Məlum olduğu kimi, milli valyutanın devalvasiyası və Azərbaycan Respublikası Beynəlxalq Bankının süqutu dövründə Azərbaycan iqtisadiyyatına inamını itirən sahibkarlar kütləvi şəkildə öz kapitallarını qonşu ölkələrə – əsasən Gürcüstan, Türkiyə və Rusiyaya ixrac etməyə başladılar. Bunun nəticəsi olaraq, Azərbaycan bazarında qazanılan pullar xarici iqtisadiyyata yatırılırdı. Ancaq bütün bunlar arxada qalıbdır. Ölkədən çıxarılmış vəsait artıq xarici investisiyalar şəklində geri qayıdır. Bu barədə Dalma Newsə müsahibəsində professor, Rus İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov ətraflı məlumat verib.
— Azərbaycanın investisiya mühitini necə qiymətləndirirsiniz?
— Kiçik bir ölkə üçün biz çox böyük nəticələrə nail olmuşuq, bununla belə, hansısa istiqamətdə irəliləyib inkişaf etməyə həmişə lüzum var. Bu yaxınlarda Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirdi ki, ötən illərdə milli iqtisadiyyata qoyulan investisiyaların həcmi 260 milyard dolları ötüb və Azərbaycan iqtisadiyyatına bütün kapital qoyuluşlarının yarısı xarici investorların payına düşür. Bir tərəfdən, yaxşı haldır ki, xarici biznes Azərbaycan bazarına maraqlıdır, digər tərəfdən isə bu, yaranmış vəziyyətlə bağlı düşünməyə əsas verir.
Milli iqtisadiyyatda xarici investisiyaların payı üstünlük təşkil edəndə və kapitalın həcmi durmadan artanda bu, ölkəyə yaxşı heç nə vəd etmir. Buna görə də biznesmenlərin ölkəmizin inkişafı naminə öz kapitallarını yatırmağa hazır olduqlarını düşünmək sadəlövhlük olardı. Bundan başqa, daxili bazarda yerli istehsalçının yerini tutmaqla, xarici kapital ən yaxşı halda onların inkişafını ləngidir, ən pis halda isə bazardan sıxışdırır.
— Yəni Azərbaycan iqtisadiyyatında xarici investisiyalara üstünlük verilməsi daxili investisiya mənbələrinin sıxışdırılmasına gətirib çıxarır?
— Elədir. Bütün bunlar iqtisadi artım məsələsində dəyişkənliyə və müəyyən qeyri-sabitliyə təsir göstərir. Biz hamımız bu yaxınlarda xarici kapital axınının şahidi olduq, buna görə də iqtisadiyyatımız müəyyən müddət ərzində bir növ “bukcovat” edərək, necə deyərlər,yerində sayırdı. Əlbəttə, müasir iqtisadiyyatda investisiyaları artırmadan dayanıqlı iqtisadi yüksəliş haqqında danışmaq lazım gəlmir, lakin hər şeydə balansa riayət etmək lazımdır.
— Belə bir fikir mövcuddur ki, bu gün xarici kapital adı altında ölkəyə əvvəllər ölkədən çıxarılmış pullar geri qayıdır. Bu doğrudurmu?
— Bu, həqiqətən də qismən belədir. Həmin illərdə respublikadan böyük məbləğ çıxarılmışdı. Hökumət tərəfindən axının qarşısının alınması üçün müxtəlif tədbirlər görülüb.Böhran dövründə ölkədən çıxan Azərbaycan kapitalı tədricən xarici investisiya şəklində geri dönür. Lakin böhran, Azərbaycan Beynəlxalq Bankının müflisləşməsi, manatın devalvasiyası öz qara işini gördü və ölkə böyük məbləğdən məhrum oldu. Ancaq maliyyə bazarında vəziyyət sabitləşdikdən və iqtisadiyyat tədricən bərpa olunmağa və hətta artmağa başlayandan sonra sahibkarlar öz kapitalları ilə geri qayıtmağa başladılar. Bundan başqa, ölkəyə yeni bazar iştirakçılarından yeni investisiyalar gəlir.
Bununla yanaşı, son aylar investisiya axınının bir qədər zəifləməsi müşahidə olunur ki, bu da əlbəttə, hökumətin iqtisadi blokunu çox ciddi narahat edir (2019-cu ilin ilk yeddi ayında investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azalıb – müəllif). Ümumiyyətlə, ölkənin təkcə neft deyil, həm də qeyri-neft sektorunda kapital artımı üçün böyük potensialı var, lakin onun cəlbediciliyi bu günə qədər layiqincə qiymətləndirilməyib. Hesab edirəm ki, hökumətin yenilənmiş tərkibi bu məsələ ilə yaxından məşğul olacaqdır.
Yeri gəlmişkən, mən baş nazir vəzifəsinə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun təyin olunmasını o cümlədən, investisiya axınları ilə bağlı problemlərlə əlaqələndirirəm.
— Azərbaycanda hansı sahə daxili və xarici investorlar üçün daha az maraq kəsb edərək qalır?
— Ənənəvi olaraq neft sektoru bizim bazarda fəaliyyət göstərən investorlar üçün ən çox tələb olunan sahə olaraq qalır. İnvestisiya axınlarından kənarda qalan ən münasib olmayan sahə Yüksək texnologiyalar sahəsidir. Xaricdə yüksək texnologiyalı sahələr sərmayədarlara və yerli iqtisadiyyata inanılmaz mənfəət gətirərək sürətlə inkişaf etdiyi bir zaman, Azərbaycanda bu sahə, demək olar ki, durğun vəziyyətdə qalmaqdadır. Şübhəsiz ki, əgər bu sahəyə daha çox sərmayə yönəldilsəydi, Azərbaycan iqtisadiyyatı daha çoxşaxəli, yüksək texnologiyalı və rəqabətqabiliyyətli olardı. Sevindirici haldır ki, son illər bu istiqamətdə müəyyən müsbət irəliləyişlər müşahidə olunur (2019-2022 – ci illərdə hökumət tərəfindən AR informasiya-telekommunikasiya sektorunun inkişafına 550-600 mln.dollar yönəltmək planlaşdırılır).
Leyla Əlizadə