Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniyanın «Azad demokratlar» partiyası özünün fəal seçkiqabağı kampaniyasını keçirir. Parlamentin fəalları, habelə hazırki deputatları hər gün seçicilərlə görüşür, partiyanın 16 iyul qurultayından sonra isə partiya lideri cari il oktyabrın 8-də keçiriləcək parlament seçkilərinə partiya siyahısından ilk 20 deputatlığa namizədin adlarını səsləndirib ictimaiyyətə təqdim etmişdir.

Alasaniyanın partiyası «Gürcü arzusu» koalisiyasını birinci tərk edənlərdən idi ki, bununla yanaşı, parlamentdə bir sıra mühüm hökumət vəzifələrini itirməli olmuşdu. Versiyalardan birinə görə, koalisiyanı tərk edəndən sonra «Azad demokratlar» Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin qanadı altında sığınacaq tapacaq, lakin onlar müxalifətə keçib müstəqil işləmək və hər hansı digər partiyalardan asılı olmamaq vəqərarına gəlmişlər.

Zurab-Abashidze3«Azad demokratlar»ın seçkiqabağı platforması necədir? Onun xarici siyasət məsələləri və qonşu ölkələrlə münasibətlər üzrə yanaşmalarının xüsusiyyətləri hansılardır? Bu gün üçün aktual olan bu və digər suallarla Dalma News-in müxbiri parlamentin «Azad demokratlar» müxalif partiyasının liderlərindən biri, parlamentin sabiq vitse–spikeri Zurab Abaşidzeyə müraciət etmişdir.

Xahiş edirik, «Azad demokratlar»ın seçkiqabağı platforması haqqında danışın?

Bizim əsas devizimiz «Ən yaxşı həyat – ən yaxşı iqtisadiyyat»-dır ki, o, bir çox sahələrdə cari vəziyyətin yaxşılaşdırılmasını nəzərdə tutur. Biz istər hakimiyyətdə olan dövrdə, istərsə də indi — müxalifətdə olarkən ölkə əhalisi ilə mütəmadi görüşlər keçirmişik.

Qeyd etməliyəm ki, son vaxtlar ölkədə vəziyyət heç cür yaxşılaşmır, əksinə — daha da ağırlaşır. Odur ki, bizim məqsədimiz problemlərin həlli yolunda xalqa yaxın olmaqdır. İndiki hökumət miras olaraq bir çox həll olunmamış məsələlər qoyur. Bundan əlavə, vətəndaşlarımız işsizlikdən əziyyət çəkir, onlar fəlakətli qiymət artımı və sonsuz vədlərdən sadəcə olaraq yorulmuşlar. İnsanlar konkret fəaliyyət tələb edirlər. Məsələn, pensiya ödənişləri, bu gün 160 deyil (təqribən. $70), 300 lari (təqribən $135) təşkil etməlidir, çünki Gürcüstanda yaşayış minimumu 200 lariyə (təqribən $90) bərabərdir. Təbii ki, iyul ayından mövcud 160 lariyə 20 lari (təqribən 9$) əlavə pis olmaz, ancaq bu qədər cüzi məbləğ yaranmış vəziyyəti ümumiyyətlə dəyişmir.

Təəssüf ki, Mixail Saakaşvili hökuməti pensiya islahatı aparmaq və ölkəni pensiya yığımı sisteminə keçirməyi çatdırmadı. O vaxtlar başlanmış pensiya islahatı “Gürcü arzusu”na sələflərin başladığı işi davam etdirməyə imkan verər və bu gün bizim pensiyaçılar başqa reallıqların şahidi olardılar.

Yığımcıl pensiya haqqında hələ Eduard Şevardnadzenin hakimiyyətdə olduğu dövrdə söhbət aparılırdı. Sizcə, islahat niyə ləğv olundu?

Yəqin ona görə ki, hər bir hökumət tez nəticə əldə etmək, əhalinin dəstəyinə nail olmaq və hakimiyyətdə mümkün qədər uzun müddət qalmaq istəyir. Bizim əsas məqsədimiz sadəcə olaraq hakimiyyətə daxil olmaq deyil, ölkədə siyasi proseslərə ictimai etimadı qaytarmaqdan ibarətdir. Biz Gürcüstanda minimum əmək haqqının 500 lari (təqribən $215) təşkil etməli olduğunu deyirik ki, bu, boş sözlər deyil, ciddi fikirdir.

Avropa standartlarına görə, bir saat iş üçün vətəndaşın əmək haqqı 8 avrodan az təşkil etməməlidir. Gürcüstanda isə minimum əmək haqqı 3 laridən (təqribən $1,3) az olmamalıdır. Adamlar əsas həyat şəraiti yaratmaq üçün işləyirlər, ancaq son 25 il ərzində biz eyni mənzərəni müşahidə edirik: o vaxt varlı olanlar bu günə qədər də varlıdır. Cəmiyyətin qalan hissəsinin vəziyyəti qaneedici deyil. Sosial bərabərlik prinsipi orta sinif yaratmağa yönəlmişdir ki, bu, ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün zəruridir.

7-8% iqtisadi artım zamanı büdcəni 4 milyard lariyədək artırmaq mümkün olacaq. Bu, realdır. Bizdə ölkənin iqtisadi artımının 10-12% təşkil etdiyi hallar olmuşdur. Bu, pensiyaları artırmaq imkanı verəcək. Bu gün fəaliyyətdə olan bürokratik aparat yenidən nəzərdən keçirilməli və ixtisar olunmalıdır — ölkədə mövcudluğu özünü doğrultmayan həddindən artıq çox qurum var ki, onlar əslində heç olmamalıdır. Eləcə də bahalı hökumət avtomobilləri ki, onların da sayını kəsmək lazımdır, çünki onların saxlanması dövlət büdcəsinə ağır yükdür.

Parlament hibrid nəqliyyat vasitələrinə gömrük rüsumlarının ləğvi barədə qanun qəbul etmişdir. Mən bu qərarı düzgün hesab edirəm. Mən də birincisi, ekoloji cəhətdən təmiz, ikincisi, çox aşağı yanacaq istehlakına malik avtomobildən istifadə edirəm. Aydındır ki, belə maşınlar heç də hökumət avtoparkının dolu olduğu yol nəqliyyat vasitələrindən baha başa gəlməyəcək. Bu qəbildən olan qərarların qəbulu inzibati xərclərə daha çox qənaətə kömək edəcək.

Təbii ki, belə bir vəziyyətdə insanlarda etiraz yaranır: seçkilərdən-seçkilərə heç nə dəyişmir. Öz növbəsində, daxili etiraz ona gətirib çıxarır ki, vətəndaşlar sadəcə olaraq səs vermək istəmirlər.

Milli azlıqların nümayəndələri ilə əməkdaşlıq edirsizmi? Onların problemlərinin həlli sizin seçkiqabağı proqramınızın çərçivəsinə daxil olurmu?

Bizim parlament siyahısıda Samtsxe-Cavaheti və Şida Kartlidə yaxşı tanınmış erməni və azərbaycanlı əsilli namizədlər var ki, onlar milli azlıqların problemlərindən yaxşı xəbərdardırlar. Lakin biz bu insanlardan adətən hakimiyyətin etdiyi kimi səs əldə etmək məqsədi ilə istifadə etmək niyytində deyilik.Bu insanlar ölkəmizin vətəndaşlarıdır, və özlərini onun övladları hiss etməlidirlər.

Sizin partiya «Gürcü arzusu» koalisiyasının tərkib hissəsini təşkil edənlərdən biri idi. Bu fakt sizin seçkiqabağı imicinizə necə təsir göstərəcək?

Koalisiya üzvlüyü bizim üçün çox ciddi sınağa döndü. 1 oktyabr 2012-ci il Gürcüstanın müasir tarixində ən mühüm günlərdən biridir. Həmin gün Saakaşvili rejimi devrildi və biz yeni bir dövlət qurmağa başladıq. Partiyamız koalisiyada az əhəmiyyət kəsb etməyən istiqamətlərə malik idi: bizim liderimiz müdafiə naziri idi, biz məsul dövlət vəzifələrini tuturduq.

Məmurun tutduğu kürsü rahat olmaqla yanaşı, bu, həmçinn ağır işlər yerinə yetirməyə məsul edir. «Gürcü arzusu » koalisiyası bir çox sahələrdə verdiyi vədlərdən boyun qaçırmışdır. Verilən sözün üstündə durmamaq olar, lakin verilən vədləri inkar etmək daha pisdir. Mənim nəzərimcə, bu, hökumətin göstərdiyi pis tondur ki, gürcü ictimaiyyətində ümidsizlik hissi və ciddi ruh düşgünlüyünə səbəb olmuşdur. Bizim məqsədimiz xalqın etimadını bərpa etməkdir. Vəd söz kimi almamalıdır. Bu Koalisiyada çox adamlar var ki, mən onları «Milli hərəkat» rejiminə qarşı birlikdə mübarizə apardığımız müttəfiqlər hesab edirəm. Acınacaqlı haldır ki, keçmiş hökumət tərəfindən də zəruri dəyişikliklər həyata keçirilməmişdir.

Siz deyirsiniz ki, partiyanızın nümayəndələri «Gürcü arzusu»nda yüksək vəzifələrdə idilər, siz ötən 4 ili necə qiymətləndirərdiniz? Nəyi etmək müəssər olmadı?

Mən illüziya yaratmaq istəmirəm, lakin seçicilər tərəfindən partiyamıza münasibətdə müsbət əhval-ruhiyyə hiss olunur. Bəlkə də bu, bizim hakim koalisiyanı tərk etməklə tutduğumuz vəzifələri də tərk etməmizin təsiri altında baş verir. Mən əhali ilə görüşərkən mənfi münasibət hiss etmirəm ki, bu da «Azad demokratlar»-ın yeni parlamentə daxil olacaqları və hökumətdə təmsil ediləcəklərinin zəminidir.

Partiyamız qərbyönlü istiqamətə maik olub, gürcü vətənpərvərləri və öz işinin ustalarından ibarətdir ki,bu, ictimai etimad qazanmaq üçün çox vacibdir.

Siz zəruriyət olan halda «Gürcü arzusu» ilə birləşməni mümkün hesab edirsinizmi?

Təbii ki, əgər bu dövlətin xeyrinə xidmət və onun inkişafına kömək edərsə biz buna gedərik. Hakimiyyət bir şəxsin və ya bir siyasi qüvvənin əlində cəmləşə bilməz. Bunun kiməsə xoş gəlib-gəlməyəcəyindən asılı olmayaraq, koalision hökumət Avropa təcrübəsidir.

Partiyaların oxşar ideologiyalar əsasında xarici və ya daxili siyasət aparılması məsələlərində dövlətin əsas vəzifələrinin həlli yollarının tapılması üzrə birliyi tamamilə normal prosesdir. Hətta bir partiya üzvləri fikirlərinin çox vaxt üst-üstə düşmədiyi halda, daha koalisiyadan nə danışmaq? Parlament və hökumətə daxil olarkən dar partiya maraqları dövlət mənafeindən yuxarıda qoyulmalıdır.

Sizin digər siyasi qüvvələrə münasibətiniz?

İnsanların «Milli hərəkat»ı qiymətləndirmək imkanı var idi. Siyasi partiya liderlərinin bu gün seçicilər qarşısında başqa işıqda görünmək cəhdlərinə baxmayaraq, şəxsən mən belə transformasiyaya inanmır, düşünmürəm ki, bu müddət ərzində onların partiyasında çox böyük dəyişikliklər baş vermiş və siyasətçilər öz acı təcrübələrində öyrənmişlər. Həm də son vaxtlar Mixail Saakaşvilinin həsrətini çox az adam yaşayır. Bəziləri «Milli hərəkat»-ı bu gün də dəstəkləyir, ancaq şəxsən mən onların hakimiyyətə qayıdışını heç cür təsəvvür edə bilmirəm.

«Gürcü arzusu»-na gəlincə, onlar da əsas vədləri yerinə yetirməmişlər. Bununla belə, törətdikləri ciddi səhvləri etiraf etmişlər. Məsələn, «kabellər işi» (Gürcüstan müdafiə nazirliyində korrupsiya qalmaqalı) demək olar ki, «Azad demokratlar» partiyasının hakimiyyətdən müxalifətə keçməsinə dair qərarın qəbulunda həlledici oldu . Heç bir günahı olmayan beş hərbçi hər hansı dəlil-sübut olmadan həbsxanaya salındı. Bu, hətta onun sələflərinin ləkələrilə müqayisəedilməz olsa da «Gürcü arzusu»-nun nüfuzuna ciddi bir ləkə idi.

Əvvəlki hökumət zamanı insanlar öz siyasi mövqelərinə görə cəzalanmaqdan qorxurdular. Həmin dövr ötmüşdür, bu gün bütün ictimaiyyət, müxtəlif təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri siyasi təzyiqdən azaddır. Bizim hakim koalisiyada varlığımız buna kifayət qədər inandırıcı sübutdur. Şişirtmək istəmirəm, ancaq «Azad demokratlar» «Gürcü arzusu»-ndan artıq koalisiyasının işinin səmərə verməməsindən sonra ayrılmalı oldu.

«Demokratlar»-ın «Gürcü arzusu»-ndan gedişindən sonra, ortaya belə bir fikir çıxdı ki, sizin partiya «Nasionallara» qoşulacaq?

İstisnadır. Bəlkə də «Gürcü arzusu» və «Nasionallar» bunu istəyirdi… Yeri gəlmişkən, sonuncuları siyasi meydanda digər ciddi opponentlərin mövcudluğu qane etmirdi, çünki onlar təkbaşına hakimiyyətə can atırdılar. «Gürcü arzusu»-nu bizim «Nasionallar»-la birləşməyimiz təmin edirdi. Biz isə öz siyasi yolumuzla gedib, nə onlara, nə də başqalarına qoşulmamağı üstün tuturduq.

Sizin partiyanın xarici siyasət kursu hansıdır?

Biz deyəndə ki, daha yaxşı iqtisadiyyat və daha yaxşı həyat istəyirik — bu o deməkdir ki, Gürcüstan Avropa İttifaqına daxil olub NATO-nun üzvü olacaq ki, bu ölkədə təhlükəsizliyi təmin və investorlar cəlb edəcək. Niyə indiyə qədər bizdə zavod və fabriklər tikməmişlər? Gürcüstan bu gün daha yaxşı iqtisadi vəziyyətdə olardı. Aİ-yə üzv olma ümumi bazar və vahid məkan mövcudluğunu nəzərdə tutur.

Mən əminəm ki, sentyabr ayında biz Aİ ilə viza liberallaşdırılması məsələsinin uğurlu həllini bayram edəcəyik. Bu təkcə hökumətin deyil, həm də insanların, bütün cəmiyyətimizin xidmətidir. Bir sıra qüvvələrin NATO üzvlüyünə şübhə ilə yanaşaraq xalqın şüuruna skeptisizm aşılamalarına baxmayaraq, bu prosesin qarşısını almaq mümkün deyil.

Avrointeqrasiya ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir, çünki biz nəinki xarici, həm də sosial və iqtisadi baxımdan daxili təhdidlərdən müdafiə olunmalıyıq. Bir çox Şərqi Avropa ölkələri bu yolu keçiblər, biz də onların izi ilə getməyə hazırıq. Gürcüstan, güclü bir dövlət olacaq, mən buna şübhə etmirəm.

Ticarət və humanitar sahələrdə Gürcüstan-rusiya əməkdaşlığına münasibətiniz necədir?

Rusiya ilə münasibətlərin normallaşdırılması məsələsi üzrə bizim «Gürcü arzusu» ilə fikir ayrılığımız yox idi. 2012-ci ildə, biz Bidzina İvanişvili ilə hakimiyyətə gələn zaman əhalimizin ehtiyaclarından çıxış edərək Rusiya ilə sərbəst ticarət aparmağın vacibliyi üzrə eyni fikirdə idik. Bundan başqa, biz Rusiya ilə vizasız rejimin tərəfdarıyıq, belə ki, bunun sayəsində ölkəmizin iqtisadiyyatı yalnız yaxşılaşa bilər. Amma Rusiya bazarından tam asılı ola bilmərik. Gürcüstan üçün Avropa ittifaqının, habelə Asiya ölkələrinin, məsələn, Çin kimi ölkələrin bazarları prinsipial olaraq lazımdır. Dövlətimiz Avropa və Asiya arasında link olmalıdır. Biz ölkəmizin ərazi bütövlüyünə xələl gətirmədən Rusiya ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik.

Sizin partiya region ölkələri — Türkiyə, İran, Azərbaycan və Ermənistan ilə əməkdaşlığa necə yanaşır?

Biz hesab edirik ki, ölkəmizin iqtisadi yüksəlişi üçün qonşularla əməkdaşlıq lazımdır, ona görə də Gürcüstana Avropa ölkələri ilə vizasız rejimə nail olmaq lazımdır. Bu halda Avropa tərəfdaşları ölkəmizin regional potensialından istifadə edəcək. Avropa hiss etməlidir ki, Gürcüstan Asiya ilə münasibətlərində etibarlı tərəfdaşdır.

Gürcü elektoratının əsas ümidi ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır. Sizin partiyanın bu problemə və Abaşidze-Karasin formatında danışıqlara münasibəti necədir?

Biz heç vaxt Abaşidze-Karasin formatının əleyhdarı olmamışıq. Sadəcə bu baxımdan bir çox beynəlxalq təşkilatlar və ABŞ-nın iştirak etdiyi Cenevrə prosesinə böyük əhəmiyyət veririk. Əlbəttə, qaçqınların öz evlərinə qayıtmaları bu məsələnin həlli ilə əlaqədardır. Odur ki, Abaşidze-Karasin formatı həmçinin Moskva ilə mühüm əlaqə kanalıdır. Partiyamız yenə də Gürcüstanın maraqlarını nəzərə almaqla bu formatın genişləndirilmə və Rusiya ilə münasibətlərin dərinləşdirilməsi tərəfdarıdır.

Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsinə gəlincə, orada konkret müddətləri müəyyən etmək, habelə Gürcüstanın NATO-nun üzvü olacağı vaxtı hesablamaq çox çətindir. Bütün bunlar bizim dövlətdə hadisələrin necə inkişaf edəcəyindən asılıdır. Aİ ilə vizasız rejimə nə qədər tez nail olsaq, Abxaziya və Cənubi Osetiyanı bir o qədər tez cəlb edəcəyik. Gürcüstan tərəqqiyə hazırlaşır və bu, həmçinin Rusiyaya da faydalıdır.

Şorena Papaşvili, xüsusi olaraq Dalma News-üçün