Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib.
Oxu.Az Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Qızıl medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.
Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınıb.
Həmçinin, təhsildə yüksək nəticələr göstərmiş bir qrup məzun Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltifə təqdim olunmuşdur.