Özünün də dediyi kimi, numizmatlar qaranlığı sevmir. Məhsuldar iş üçün onlara gün işığı lazımdır. Gün işığı lazımdır ki, tarixin qaranlıq tərəflərinə işıq sala bilsinlər. Gün işığı lazımdır ki, bilinməyən döngələr aydınlansın. Bu gün də tariximizə işıq salan mayaklardan birini, tarix elmləri doktoru, professor, ilk numizmat alimimiz Əli Rəcəblini sizə təqdim edəcəyik.
Günlərin birində kolleksioner, araşdırmaçı-numizmat Yevgeni Aleksandroviç Paxomov Tiflisdən Bakıya gəlməsəydi, Azərbaycanda nə numizmatika elmi olardı, nə də numizmat Əli Rəcəbli. XX əsrin 20-ci illərində Cumhuriyyət Paxomovu Bakıya dəvət edir və yeni təsis edilən elm ocağında, Bakı Dövlət Universitetində o, numizmatikadan mühazirə oxuyur. Araşdırmaçı Paxomov bununla kifayətlənmir. Eyni zamanda muzeydə də işləyir, numizmatika fondunu yaradır. Hekayənin davamını Əli müəllimdən eşidək:
– Cavan adamdım. Şərqşünaslığı bitirmişdim. Bilirsiniz, Paxomovu danlayırdılar ki, sən azərbaycanlı kadr hazırlamırsan. O, rus fakültəsində dərs deyirdi, uşaqların da əksəriyyəti yəhudi idi, az qismi də rus. Aralarında azərbaycanlılar yox idi. O da məcbur oldu ki, özünə kadr hazırlasın. Paxomov üçün ərəb, fars dillərini yaxşı bilən biri lazım idi. Beləcə, Paxomov universitetə gəlir, tələbələrin diplom işləri ilə tanış olur. Onların arasında mənim işimi hamısından çox bəyənir.
Təhsil aldığım müddətdə məndən xahiş etdilər ki, numizmatika sahəsində aspirant olum. Beləcə, o, məni özünə tələbə götürüdü və məni Tarix Muzeyinə işə dəvət etdilər.
– Azərbaycanın ilk numizmat aliminin davamçıları kimlərdir?
– Aspiranturaya daxil olandan sonra elmi rəhbərim Numizmatika Fondunu mənə təhvil verdi. 60 ilə yaxın fondda texniki inzibati işlərlə məşğul oldum. Ümumiyyətlə, numizmatika sahəsində 70 illik stajım var. Bilirsiniz, 150 minə yaxın eksponatı olan fondun işini sahmana salmaq, fonda daxil olan materialları yenidən işləmək həm uzun vaxt, həm də əmək tələb edirdi. Demək olar ki, köməkçisiz işləyirdim. Düzdür, mənə yardım edənlər olub. Amma onların işi sadəydi: bir dəftərdə qeydə aldıqlarımı başqa dəftərə köçürürdülər. Təyinati işlərlə, fonda daxil olan pullarla yalnız özüm məşğul olmuşam.
60 ildir ki, Azərbaycan Tarix Muzeyində işləyirəm. İndi fondu başqa birisinə təhvil versəm də, yenə də oradakı materialların məsuliyyəti mənim boynumdadır.
– Numizmatın məhsuldar olması üçün ona nə lazımdır?
– Gün işığı. Qaranlıq otaq, səs-küy – bunlar ancaq işi ləngidə bilər. Ona görə gərək sakit mühit olsun, öz guşəni qurasan ki, işinlə rahat məşğul ola biləsən. İşlədiyim muzeydə bu, bir az mümkün deyil. Çünki istər-istəməz səs-küy olur, hərə öz işi ilə məşğuldur. Cavan vaxtlarımda evdə gecələr işləyərdim, onda daha məhsuldar olurdum. Amma son vaxtlar gecələr də işləmək bir xeyli çətinləşib. Çünki səhhətim artıq imkan vermir. İndi də səhhətim əl verdikcə çalışıram. Dörd kitabım çıxmalıdır – ikisi bu il, ikisi də əcəldən macal olsa, gələn il işıq üzü görəcək.
– Bir numizmat kimi Azərbaycan tarixini necə yazmısınız?
– Dövlətin dövlətçiliyini təsdiq edən ən vacib element sikkədir. Bir ölkə özünü tanıtmaq üçün çox vasitəyə əl ata bilər. Amma bunlar hamısı keçicidir. Həmin ölkənin ərazisindən tapılan sikkələri, pulları isə heç kim inkar edə bilməz. Tarixlə üzləşib, onu inkar etmək özü axmaqlıq olardı. 2500 ildən çoxdur ki, Azərbaycanda sikkə zərb olunur, gərək sikkələri də mədəniyyyətin ayrı-ayrı qolları kimi sərhəddən kənarda təqdim edək. Çünki nə qədər ki, sikkələr kəsilir, müstəqilliyimizin də, dövlətçiliyimizin də tarixi o vaxtdan başlayır və davam edir.
– Azərbaycan aliminin və ya Azərbaycan elminin bu gün nəyə ehtiyacı var?
– Savada, biliyə ehtiyacı var. Bilik sistemi kökündən çürükdür. Məktəblərdən başlamaq lazımdır. Savad axsayır, təəssüf ki.
– Pul sizin üçün nə ifadə edir? Nəzərə alsaq ki, çörəyiniz puldan çıxır.
– Pula qarşı laqeydəm. Əlimə pul düşən kimi çalışıram ki, meyvənin ən yaxşısı evdə olsun. Yaxşısına pul çatsa, alıram. Çatmasa, almıram. Kredom budur. Düzdür, pul hamıya lazımdır. Onsuz iş keçmir. Var-dövlət odur ki, yaşamaq imkanın olsun. Adam içində görünə biləsən. Hər şeyin həddi var.
Özümə elə də pal-paltar alan deyiləm. Amma səliqəni xoşlayıram. Bu arada, bütün işlərimi özüm görürəm, ömür boyu paltarımı da özüm yumuşam, çayı da özüm dəmləmişəm. Xoşlamıram başqası mənim işlərimi görəndə.
– Əli Rəcəbli – müəllim kimi, vətəndaş kimi, həyat yoldaşı və ata kimi…
– Müəllim kimi çox sərtəm, düzdür, özümü bağışlaya bilmirəm buna görə. Biri var tələbə başa düşməyə, biri də var başa düşmək istəməyə. Hərdən hirslənirəm ki, kimə maraqsızdırsa, çıxsın auditoriyadan. Mənim hövsələm çatmır. Ona görə bakalavrı buraxdım, magistrlara dərs deyirəm.
Qeyd edək ki, Əli Rəcəbli 1965-ci ildən bu günə kimi Bakı, Şəki, Quba, Lənkəranda təşkil olunan seminarlarda mühazirə deyib, 50 ildən çoxdur ki, müxtəlif universitetlərdə numizmatika elmini tədris edir.
Vətəndaş kimi bir kredom var – haqqı danışmaq, haqqına demək. Düşmənin olsa belə, düzünü danışmaq lazımdır.
Həyat yoldaşı kimi belədir ki, xanımıma ev işlərində həmişə kömək etmişəm. Oğlum və nəvələrim böyüyənə qədər qucağımdan düşməyiblər. İşə gedəndə nəvələrim dalımca qaçırdı ki, baba, bizi tək qoyub hara gedirsən. Mən balaca, zəif adamlara qarşı həssasam. Uşaqlara qarşı da elədir. Bir oğum olub deyə, onun üstündə çox əsmişik. Onun üçün ən yaxşısını etmişik. Yəqin ki, ata kimi də vəzifəmin öhdəsindən gəlmişəm.
Oğlum hazırda Sumqayıt boru zavodunda işləyir. Nəvələrimdən biri – Elçin Oksford Universitetini fərqlənməylə bitirib, digəri isə Qlazqo Universitetində təhsil alıb. Öz üzərilərində işləyən, savadlı uşaqlardırlar.
P.S. Əli Rəcəbli “Azərbaycan numizmatikası”, “Azərbaycan sikkələri”, “Монетное дело азербайджанского государства Сефевидов” və digər kitabların müəllidir. Fədakar əməyə görə medalla (1970) və Tərəqqi medalı (2010) ilə təltif olunub. “Əməkdar mədəniyyət işçisi” fəxri adına (1972) layiq görülüb.
Nərmin Nöqtə