Bu cümləni adətən övladları 9-cu və 10-cu sinifdə oxuyan valideynlərdən eşidirik: “Uşaq universitetə hazırlaşmalıdır. Tanıdığınız, bildiyiniz yaxşı Coğrafiya müəllimi varmı? Bahalı olmasın ha!”.

         İş burasındadır ki, artıq repetitorluq, yaxud hazırlıq, loru dildə desək, “müəllim yanına getmək” bir vaxtlar heç olmasa, 9-cu sinifdən başlayırdısa, indi birinci sinifdən uşaqlar hazırlaşır – təbii ki universitetə.

         Hər valideyn bunu müxtəlif yönlərdən izah edir. Kiminə görə, dərs yükü çox ağır olduğundan uşağın başı proqramı qavramağa bəs etmir və əlavə müəllimin müdaxiləsi mütləqdir. Kiminə görə, ümumiyyətlə yaxşı dərs keçilmir deyə, uşaq savadlı müəllimdən dərsin “əsl üzünü” eşitməlidir. Kiminə görə isə qəbul imtahanına düşən suallar dərs proqramını əhatə etmir. Ona görə əlavə hazırlığa ehtiyac yaranır. Bəs, görəsən, şagirdlər bu barədə nə düşünür?

 

Dəyirmi masada söhbət var

Masamız dəyirmi deyildi. Bu həftə hər zaman gündəmdə olan, həlli çox döngədən keçib, 360 dərəcə fırlanıb yenidən durduğu yerə qayıdan repetitorluğu müzakirə etdik – təbii ki, şagirdlərin özləriylə. Müzakirə söhbət formasında aparıldı, daha doğrusu, dost məclisi şəklində. Masamız sosial şəbəkələrdən birində quruldu. Hacızadə Zaur (BMLK), Məmmədova Xədicə (258 nömrəli orta məktəb),  Məcidova JaləHacıyev Yalçınla (47 nömrəli orta məktəb) müzakirə edəcəyimiz mövzunu müəyyənləşdirdik: “Mən repetitor yanına gedirəm, çünki…”.

Söhbətə ilk Zaur başladı: “Sənədlərimi tibb sahəsinə verirəm. Məqsədim universitetə daxil olmaqdır, Türkiyədə. Ona görə də əsas diqqətimi hazırlıqlara yönəltmişəm. Çünki bu gün hazırlığa gedən bir çox dostum deyir ki,  məktəblərdə tədris universitetə daxil olmaq üçün kifayət etmir. Bu fikirlə həm razılaşmaq olar, həm də yox. Bilirsiniz, elə fənnlər var ki, məsələn, Fizika, Kimya – genişdir. Dərs saatları bütün proqramı ətraflı keçmək üçün bəs etmir. Belə olanda iki-üç dərs üst-üstə keçilir, nəticədə oxuduqlarımız sıfıra bərabər olur. Məcbur oluruq ki, gedək hazırlığa. Keçilməyən dərsləri orda öyrənək, keçilənləri təkrarlayaq.

Yalçın isə hesab edir ki: “Hər şey şagirdin özündən asılıdır. Mənə keçilən dərsi vaxtında öyrənsəm, dərsin keçilməsini müəllimdən tələb etməyi bacarsam, iş gəlib repetitorluq səviyyəsinə çıxmaz. Amma məsələnin digər tərəfi də var: bəs, müəllimlər nə dərəcədə məsuliyyətlidirlər?”.

Jalə deyir ki, şagird nə qədər passiv olsa da, müəllimin əsas işi onu dərsə cəlb etməkdir:

–  Müəllim dərs keçməkdə maraqlı deyilsə, 11-ci sinif şagirdi vəziyyətdən sui-istifadə edib dərsi bazara döndərirsə, biz də repetitor yanına gedəcəyik. Amma mənim təhsil aldığım məktəbdə belə bir problem yoxdur. Əksinə, qeyri-ixtisas fənnlərini tədris edən müəllimlər çox tələbkardır. Hər kəs öz dərsini keçir və keçdiyi dərsi tələb edir.

Zaur:

–  Jalə, sizin məktəbdə hər şey əladır. Amma düşün ki, bütün məktəblərdə belə deyil. Eləsində var pul yığılır, eləsində var müəllim heç dərs keçmir. Bax, deyirsən ki, sizdə dərslər vaxtında keçirilir, müəllimlər tələbkardır. Bəs özün niyə hazırlığa getməyə ehtiyac duyursan?

Jalə:

–  Dərslər keçirilsə də, təkrara vaxt qalmır. O zaman keçirilən dərsləri unuduram və repetitor yanına getməyə məcbur oluram.

Xədicə də dostların fikrinə qatıldı. O isə hesab edir ki, əsas məsələ tədris formasını dəyişməkdir. Bunun üçün isə çox şey etmək lazım deyilmiş. Sadəcə hər ay sonu test imtahanı keçirib, şagirdlərin əldə etdiyi aylıq bilikləri yoxlamaq lazımmış.

Yadımdadır ki, mən universitetə hazırlaşdığım vaxtlarda – 2003-2004-cü illər – orta məktəbi Sumqayıt şəhəri, 15 nömrəli orta məktəbdə oxuyurdum. İngilis dili üzrə ixtisaslaşan sinif olduğumuzdan bu fənni ikinci sinifdən tədris edirdilər. 11-ci sinifdə hazırlıq vaxtı çatanda valideynlərim bir xeyli araşdırdı və “İstedad” liseyində adı məşhur olan müəllimlərdən birinin yanına getdim. Öz fənn müəllimim bundan xəbər tutanda məndən incidi və dərs ilinin sonuna kimi məni danışdırmadı.

Sözümü ona gətirirəm ki, hazırda oxuyan şagirdlərdən müəllimlərin daha maraqlı inciklik reaksiyalarını eşidirik. Məsələn, qiymət kəsmək, adlarını yazıb direktora vermək, yalandan qayıb yazıb dərsdə iştirak limitini “aşırtmaq” və sair.

Danmaq olmaz ki, repetitorluq biznesdir – özü də gəliri kifayət qədər çoxdur. Biznes isə rəqabətdir. Əlbət ki, bir kurs və yaxud bir müəllim əlinin altında olan potensial “müştərisini” başqasına bilərəkdən ötürmək istəməz. Üstəlik, ad-san məsələsi də var.

Həm də təkcə Azərbaycanda yox, dünyanın inkişaf etmiş ölkələrində də, xüsusilə ABŞ, Yaponiya, Cənubi Koreya, Türkiyə və Rusiyada da bu praktika mövcuddur – yəni milli icadımız deyil.  Yaponiyada repetitorluq fəaliyyəti hazırlıq kurslarına bənzər məktəblərdə, yapon dilində ifadə etsək, “dzyukalar”da aparılır. Burada 3 yaşından 18 yaşına kimi olan uşaqlar hazırlığa gedirlər. Amerikada isə fərdi hazırlıq baha olduğundan repetitorlar onlayn formada daha ucuz xidmət təklif edirlər. Ancaq bu ölkələrdə repetitor fəaliyyəti fərdi yox, qrup formasında həyata keçirilir.

Qeyd edək ki, bu biznesin qiymətləri Azərbaycanda kənd və şəhərə görə dəyişir. Əyalətlərdə bir müəllimin öz fənninə görə abituriyent hazırlamasının aylıq qiyməti orta hesabla minimum 50 manatdır. Təbii ki, bu qiymətə müəllim tapmaq bir az çətin məsələdir. Hər abituriyentin 5 fənn üzrə 10 ay hazırlaşdığını nəzərə alsaq və hazırlıqların adətən 2 il davam etdiyini əsas götürsək, valideyn 5000-6000 manat pul xərcləməlidir. Nəzərə alın ki, biz ən minimal qiymətləri götürdük.

Bakıda isə regionlarda işlək olan məbləği hansısa müəllimlə razılaşdırmaq daha çətin məsələdir. Burada minimal qiymət 80 manatdan başlayır. Bu isə o deməkdir ki, 2 il ərzində valideyn cibindən 8000-9000 manat pul çıxarmalıdır.

Bir də “bunker müəllim” anlayışı var. Onlar repetitorlardan fərqli olaraq, qəbul imtahanları testlərinin tərtib olunması prosesində ya iştirak ediblər, ya  da prosesdən xəbərdardırlar. Bir sözlə, TQDK-nın həyata keçirdiyi qəbul kampaniyasında sual tərtibçisi, imtahanlara nəzarət edən müəllimlərdir “bunkerlər”. Bu cür müəllimlərin yanında bir fənndən hazırlıq qiyməti 150-200 manat arasında dəyişir ki, 2 il ərzində oxumağın qiyməti 15-20 min manata başa gəlir.

Deməli, əgər universitetə qəbulun yolu mütləq ki, hazırlıq müəllimindən keçirsə, təkcə başımızı işlətmək lazım deyil. Həm də əlimiz cibimizdə olmalıdır. Cibimizsə dolu.

Nərmin Nöqtə