Avropanın Suriyadan gələn qaçqınların “qeyri-qanuni” axını ilə çalxalandığı bir vaxtda Azərbaycanda miqrantlara qarşı mübarizə tədbirləri başlayıb. Bununla bağlı Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə pilot layihə həyata keçirəcək. Layihəyə görə, Azərbaycandakı qanunsuz miqrantlar öz ölkələrinə qaytarılacaq. Bu barədə Trend xəbər verir.
Sayta açıqlamasında DMX-nin rəis müavini, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev deyib ki, Azərbaycandakı qanunsuz miqrantların deportasiyası ilə bağlı layihə BMqT ilə müzakirə edilib və razılaşdırılıb. Onun bir müddət sonra həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, layihəyə 50 min manat maliyyə vəsaiti tələb olunur. Hazırda maliyyə məsələlərinin həlli üçün müzakirələr gedir. Bu barədə BMqT-nin baş direktoru Uilyam Sinqin ötən həftə Azərbaycana baş tutan rəsmi səfəri zamanı danışıqlar aparılıb. Maliyyə məsələsi həllini tapandan sonra layihənin 1-2 ay ərzində icrasına başlanılacaq.