Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli bu gün mətbuat konfransı keçirib. O bildirib ki, sentyabrın 4-də Şəkidə baş verən zəlzələnin maqnitudalı 5,9-dur. Əlavə edib ki, prezidentin tapşırığı ilə zəlzələ baş verən ərazidə tədqiqatlar aparılır.
Q.Yetirmişlinin sözlərinə görə, güclü zəlzələ olduğu üçün proses ocaqda birdən-birdə sönməyəcək. Böyük sıxılma nəticəsində yerdəyişmə olub. 4 sentyabrdan sonra 50-dən çox təkan baş verib. Ancaq həmin zonada 7 bal və yuxarı gücdə zəlzələ baş verməsi ehtimalı sıfra bərabərdir. Orada güclü enerji ayrılması artıq baş verib. Əhalinin qorxmasına lüzum yoxdur.
Q. Yetirmişli bu zəlzələnin digər zəlzələ ocaqlarını oyadıb-oyatmaması ehtimalına da toxunub: “Şəkidə baş verən zəlzələ digər zəlzələ ocaqlarını oyada bilər. Elə zonalar var ki, gərgin vəziyyətdədir. Məsələn, Şamaxı-İsmayıllı zonası çox aktivdir, ən çox təkanlar da bu zonada olur. Bu zona yüksək aktivliyə malikdir. Ancaq bu barədə dəqiq proqnoz vermək də mümkün deyil. Odur ki, əhalini yersiz təlaşa salmağa ehtiyac yoxdur”.
Qeyd edək ki, sentyabrın 4-də Şəkidə 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.