Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə (TK) yaradılıb.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi, standartlaşdırma üzrə beynəlxalq təşkilatların TK-larının işində iştirak, o cümlədən milli standartlarının beynəlxalq standartlar kimi qəbul edilməsi məqsədilə, Azərbaycan Respublikasının standartlaşdırma üzrə milli orqanı ilə standartlaşdırma üzrə beynəlxalq təşkilatlar arasında olan razılaşmalara əsasən onların katibliyinin aparılması, texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması və beynəlxalq, dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.
Texniki Komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilib. Texniki Komitə – milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.
Standartlaşdırma sahəsində işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.