Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda dərman vasitələrinin qiyməti məsələsinə toxunmuşdu. O bildirmişdi ki, insanlar məcbur olub dərman alırlar, bundan sui-istifadə edənlərsə ya qiymətləri qaldırır, ya da keyfiyyətsiz dərmanları insanlara satırlar. O, qiymətlərin qısa zamanda endirilməsi tapşırığını vermişdi.
Tarif Şurası artıq yeni qiymətləri təyin edib. Dərmanların yeni satış qiymətləri sentyabrın 15-dən qüvvəyə minəcək. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev Trend-ə məlumat verib.
Qiymətlərin dəyişdirilmə vaxtının məhz bu tarixə təyin olunma səbəbini müavin hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının müəyyən zaman tələb etməsi ilə izah edib.
Qeyd edək ki, qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq.
Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək.