Son vaxtlarda məşhur brendlərin adlarını Bakının mərkəzi küçələrində tez-tez görmək olur. Elə moda ikonaları da küləklər şəhərində az qonaq olmur.
Onlardan biri də məşhur gürcü dizayner Avtandil Tskvitinidzedir. Xaricdə mağazalar şəbəkəsini genişləndirən dizayner bu dəfə yolunu Bakıdan salıb. Bu barədə XeberXetti.az “Biznes-Qruziya”ya istinadən xəbər verir.
Dizaynerin sözlərinə görə, o, Azərbaycanda öz mağazasını oktyabrda açacaq. Bununla yanaşı, dizayner Ukrayna, Qazaxıstan və Rusiyanın müxtəlif şəhərlərində mağaza açmaq barədə danışıqlar aparır.
“Biz genişlənirik. Bu dəfə başqa ölkələrə istiqamət götürmüşük. Ermənistanda mağaza açmışıq, oktyabrda Azərbaycanda bir filial açacağıq. Şəbəkənin genişləndirilməsinə dair təklifləri nəzərdən keçiririk. Bizim Ukrayna, Qazaxıstan və Rusiyanın müxtəlif şəhərlərinin nümayəndələri ilə görüşlər planlaşdırılıb. Moskvada mağazanın açılışına dair danışıqlar gedir”, – Avtandil Tskvitinidze bildirib.