Bir çox insanlar üçün karantin tam stress, sabahki günə qeyri-müəyyənlik və naümidliklə dolu bir sınaq olmuşdur. Böhranı yaşamaq və təcriddə sağ qalmaq üçün güc və iradə tapmağa təqaüdçülərin və uşaqların necə ac qalmasına laqeyd baxa bilməyən vətəndaşlar tərəfindən kömək göstərilir. Ön cəbhədə duranlar — yoluxma ocağında çalışan və xəstələrin həyatını xilas etmək üçün özlərini təhlükəyə məruz qoyan həkimlər də diqqətdən kənarda qalmırlar.
Dalma News koronavirus pandemiyası zamanı xeyirxah əməlləri ilə şöhrət qazanmış azərbaycanlılar haqqında ruhlandırıcı və ürəyəyatan tarixçələr hazırlamışdır.
1000 ailə üçün ərzaq paketləri
Xalid Heydərov bircə gecədə — Andrey Malaxovun “Canlı yayım” verilişində onun haqqında süjetin nümayişindən sonra məşhurlaşıb. O, praktiki olaraq karantinin başlanğıcından Ulan-Ude şəhərində öz ərzaq dükanından təmənnasız, yəni pulsuz olaraq meyvə, tərəvəz və məişət malları paylayır. Dalma News ilə müsahibədə bildirildiyi kimi, veriliş Federal kanalda gedəndən sonra müraciətlərin sayı kəskin şəkildə artır və daha işin öhdəsindən təkbaşına gələ bilmir – resurs ehtiyacı olanların sayından az idi.
“Açığını deyim ki, məndə xeyriyyə aksiyasına başlamaq ideyası yox idi, hər şey gözlənilmədən baş verdi. Karantinin ilk həftələrində, müntəzəm olaraq xəbərləri oxuyarkən və bir gün xəstə həyatını xilas edən, özlərini təhlükəyə məruz qoyan həkimlər haqqında televiziyada süjetli hekayələr gördükdə, onlara hər hansı bir şəkildə təşəkkür etmək və dəstək vermək istədim. Mən ərzaq paketləri toplayıb yerli infeksiya xəstəxanasına təhvil verdim. Bundan sonra mənə yeddi uşağı olan və ərzaq əldə etmək imkanı olmayan çoxuşaqlı ana kömək üçün müraciət etdi. Təbii ki, mən ona imtina edə bilməzdim. Bu barədə yerli sakinlər məlumat alanda şəhərin hər yerindən kömək xahişlərini dilə gətirdilər. Hər gün ehtiyacı olanların sayı qartopu kimi böyüdü, Malaxovun verilişindən sonra isə daha da artdı”, – deyə Xalid bildirir.
İş adamı mütəmadi olaraq media və sosial şəbəkələr vasitəsi ilə ona qoşulmağı və ehtiyacı olan insanlara kömək etmələrini xahiş edir, lakin təcrid dövründə onun çağırışına yalnız bir neçə nəfər qoşuldu.
“Mən heç kəsi günahlandırıb qınamıram, çünki bu gün hamı üçün çətindir, amma digər tərəfdən, çətin vəziyyətə düşmüş və məndən kömək istəyən hər kəsə necə dəstək verəcəyimi anlamıram. Özüm üçün qərara gəldim ki, imkan daxilində əsasən yaşlılara və əlilliyi olan şəxslərə kömək göstərim”, — deyə Xalid bildirib.
Sahibkar öz pavilyonunda həmçinin, necə deyərlər,”xeyirxahlıq alayı”ı təşkil edirdi — burada ehtiyacı olan hər kəsin pulsuz götürə biləcəyi qida məhsulları və məişət malları (bitki yağı, qarabaşaq yarması (qreçka), makaron, çörək, tualet kağızı, sabun, maska və s.) təqdim olunurdu.
Yeri gəlmişkən,bu günlər Buryatiyada sahibkarların mükafatlandırılması mərasimi keçirilib və qaliblərdən biri karantin dövründə 1000-dən çox ailəyə xeyriyyə yardımı göstərən Xalid Heydərov olmuşdur. Buryatiya rəhbəri ona biznesin gələcək inkişafı üçün kömək təklif etmişdir.
Ukrayna uşaqlarına şirni yardımı
Günay Hüseynova bir neçə ildir ki, mütəmadi olaraq Kiyevdəki uşaq evlərinə və aztəminatlı ailələrə kömək edir. O, sifarişlə Azərbaycan şirniyyatları hazırlayır, onların bir hissəsini yetimlərə paylayır və ya şirniyyatın satışından əldə edilən pulla kömək edir. Karantin öz işinə ən yaxşı şəkildə təsir etməməsinə baxmayaraq, ehtiyacı olanlara kömək etməkdə davam edir. O, öz xeyirxah əməlləri barədə Dalma Newsə dərhal söyləməyə cəsarət etmədi və bunu müsəlmançılıqda yardım və öz xeyirxahlığın barədə açıq şəkildə danışmağın məqbul olmaması ilə izah etdi.
“Sağ əl verəndə, solun bu barədə bilməsi lazım deyil, odur ki, mən tərəfdən necə kömək göstərməm barədə danışmaq təqdirəlayiq olmazdı. Amma demək istərdim ki, yaxşılığın karantini yoxdur. Əgər imkan varsa, həmişə kömək etmək lazımdır, xüsusilə də nə ana, nə də atası olmayan uşaqlara. İndi bizim hamımız üçün çətin bir vaxt gəlib çatıb, qeyri-müəyyənlik hamını qorxudur. Ancaq karantin bizim üçün müvəqqəti bir hal və fenomendirsə, yetimlər həmişə sosial təcrid şəraitində yaşayırlar.Onlar həyatın qəddarlığını çox erkən anlayıblar, valideynlərini itirmiş, biganəlik və zorakılıqla üzləşmişlər… ona görə də onları nəinki təkcə karantin dövründə, həmişə dəstəkləmək lazımdır”, – deyə Hüseynova bildirib.
Uşaq evlərinin rəhbərliyi, xüsusilə ilin isti dövründə uşaqlara şirin çörəklərin ötürülməsinə heç də həmişə icazə vermir. Ona görə də Günay tortların satışından əldə edilən vəsaitlərdən uşaq müəssisələrinin xərclərinin bir hissəsini ödəyir və ya uşaqlara ehtiyacı olan şeyləri alır. Amma payızda və qışda, əgər uşaq evlərinin müdiriyyəti etiraz etmirlərsə, o uşaqlar üçün şirniyyatlar hazırlayır ki, heç olmasa onların uşaqlığı bir qədər xoş və şən olsun.
Yetimlərdən əlavə, o, karantində olanlara – işsizlərə və yoxsullara, dolanışıqsız qalan və əlacsızlıqla üzləşənlərə də yemək və geyimlə kömək edir. “Bu məsələdə Ukraynada yaşayan həmvətənlərimiz də kənarda qalmırlar. Məsələn, mənim azərbaycanlı tanışlarım əşyalar toplayaraq internat məktəblərinə və yoxsul ailələrə paylayırlar”,- deyə Günay Hüseynova bildirdi.
Həkimlər və şəhər vətəndaşları üçün maskalar və Restoran yeməkləri
Fərhad Ağamaliyev öz dostu Əli Morfla birlikdə koronavirusa yoluxan və ölənlərin dəhşətli statistikasını görərək Nyu-York sakinlərinə maskaları pulsuz paylamaq qərarına gəldilər.
“Bir müddət qorunma vasitələri onlara həddindən artıq yüksək tələbat səbəbiylə Amerika sakinləri üçün əlçatmaz idi. İnsanları infeksiyadan qorumaq və həkimlərə kömək etmək məqsədilə bir dostumla xeyriyyəçilik üçün büdcəmizdən müəyyən bir məbləğ ayırdıq və Çin istehsalçılarından topdansatış qiyməti ilə maska sifariş verdik. Biz küçədə maskaların ilk partiyasını Nyu-York sakinlərinə paylamışıq. Daha sonra əlavə bir maska partiyası sifariş etdik ki,onları da artıq yerli xəstəxanaların birində paylamışıq “,- deyə Fərhad Ağamalıyev bildirib.
Məşhur Moskva restoranlarından birinin sahibi, “Tox karantin” aksiyasına start vermiş və hər gün pensiyaçılara, çoxuşaqlı ailələrə və tibb işçilərinin ailələrinə yemək paylayan Cavid Lətifzadə haqqında da danışmamaq mümkün deyil.
“Biz # Toxkarantin xeyriyyə aksiyasını sosial şəbəkələrdə restoranımızın səhifələrində elan etdik və insanlar fəal yazmağa, təfərrüatlarla maraqlanmağa başladılar. Biz tibb işçilərinə və onların ailələrinə də kömək edirik. Bir çox səhiyyə işçiləri bizə sosial şəbəkələrdə yazaraq sifariş verirlər. Orta hesabla hər gün 100-150 nəfəri yeməklə təmin edirik. Bu rəqəm daim artır, amma biz onu gözləyən insanların hamısına nahar çatdırmaq üçün bütün sifarişləri idarə etməyə çalışırıq”, – deyə Cavid Lətifzadə bildirib.
İradə İmanova